13:38 / 07 Sentyabr 2021

Planlar arasında “Çölçü” uşaq təşkilatı yaratmaq da var - Eltən Törəçi

3249
“Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyinin sədri Eltən Qədimbəyli (Törəçi) Yenicag.az-a müsahbə verib.

Bakupost.az həmin müsahibəni təqdim edir:



– “Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyi artıq Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb. Gələcək planlarınız nədən ibarətdir?

– Birliyin adından da göründüyü kimi Azərbaycanda milli-mədəni irsi araşdırmaq, müxtəlif tarixi abidələri, eyni zamanda ənənələri, gələnəkləri, özəlliklə törəmizi araşdırmaqda maraqlı olan ictimai birlikdir. Birliyimiz 2015-ci ildə sosial klub kimi yaranmışdı. Biz ənənəvi türk oxçuluğunun Azərbaycanda təbliği ilə bağlı xeyli işlər görmüşük. Təşkil etdiyimiz çölçü axınlarında, meşə-dağ gəzintilərində biz yüzlərlə, minlərlə gəncə ənənəvi oxçuluğu öyrətmişik, əcdadlarımızın hansı silahlarla döyüş apardığını, hansı törələrlə, gələnəklərlə yaşadığını anlatmağa çalışmışıq. Köklərinə, milli dəyərlərinə, törəyə bağlı vətənpərvər gənclik yetişdirmək üçün müxtəlif çalışmalar həyata keçirmişik. Bu gəzintilərdə, eyni zamanda milli oyunların gənclər arasında populyarlaşdırılmasına və çilingağac, qayışagirmə, uzun eşşək, kötük güləşi kimi qədim oyunlarımızı gənclərin yadılarına salmağa çalışmışıq. “Çölçü”nün fəaliyyət istiqamətlərindən biri də ortaq türk dilinin formalaşdırılması, dilimizin alınma sözlərdən təmizlənməsidir. Bu istiqamətdə də müxətlif çalışmalarımız var.

– Türk dünyası gənclərini əhatə edən bir layihə də həyata keçirmək istəyirsiniz. Bunun haqqında məlumat verə bilərsiniz?

– Düşünürük ki, türk birliyindən, iqtisadi, mədəni birlikdən danışırıqsa, buna ilk olaraq uşaqlarımızdan başlamalıyıq. Biz özümüzü türk dünyasının bir parçası hesab edirik. Qafqaz TV olaraq belə bir layihə həyat keçirməyi qərarlaşdırdıq ki, bütün türk dünyasından 7-9-12 yaş arası uşaqlarla həftədə bir dəfə veriliş hazırlayaq. Onlara türk birliyi ilə bağlı suallar verəcək, onları danışdıracağıq. Hər verilişdə bir türk boyundan uşağın olması gələcəkdə onlar arasında tanışlığın yaradılması, bu tanışlığın dostluğa çevrilməsini təmin etməkdir. Ümumiyyətlə, “Çölçü”nün planları arasında “Çölçü” uşaq təşkilatı yaratmaqda var. Bu da türk dünyası uşaqlarını bəlli törə və ideoloji platformada birləşdirmək, onlar arasında əlaqələri yaratmaq məqsədi daşıyır. Bu gün bizim yetişdirəcəyimiz uşaqlar bəlkə də sabah hansısa iş adamları olacaqlar. Biz, ümumiyyətlə, yaradıcı insanları birləşdirən birlik olmaq istəyirik. Elm, sənət və iş adamlarını burada birləşdirmək istəyirik. Düşünürük ki, bu, gələcəkdə türk dünyasının iqtisadi-mədəni birliyə çevrilməsi üçün yararlı olacaq.


– Türk dünyası demişkən, son səfərinizi Türkiyəyə etdiniz. Səfərin məqsədi nə idi?

– Malazgird döyüşlərinin 950 illiyi ilə bağlı oraya getmişdik. Bilirsiniz, Əhlət qəsəbəsindəki obada hər il Malazgird zəfəri qeyd edilir. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bir çox ölkələrin səfirləri də orada iştirak etmişdi. Biz də oraya “Çölçü” Birliyi və Qafqaz TV olaraq dəvət edilmişdik. Biz orada 30 ölkədən dəvət edilmiş oxçularla ox atdıq, öz düşüncə və fikirlərimizi paylaşdıq, Azərbaycanda gördüyümüz işlərdən danışdıq, qarşılıqlı olaraq təcrübələrimizi bölüşdük. Sadəcə türk-islam dünyasından deyil, eyni zamanda Almaniyadan, Avropa ölkələrindən də adamlar var idi. Onlarla tanış olduq, gələcəkdə birgə həyata keçirə biləcəyimiz layihələrlə bağlı fikir mübadiləsi apardıq.

– Türk dünyasından danışırıq. Bəs Güney Azərbaycanla, oradakı türk gənclərilə bağlı həyata keçirmək istədiyiniz, planlaşdırdığınız bir layihə var?

– Ümumiyyətlə, bizim türk-islam dünyası ilə bağlı böyük proyektlərimiz var. Əlbəttə, bunu ancaq etnokimliyimizi və törəmizi araşdıraraq reallaşdıra bilərik. “Çölçü” müxtəlif sahələrdə festivallar etməyi planlaşdırır. Gələnəksəl keçmişi ilə maraqlanan insanlar gəlib ox ata, milli oyunlar oynaya biləcəklər. Bilrsiniz ki, Güneydən hər il Novruz bayramını qeyd etmək üçün soydaşlarımız Azərbaycana gəlirlər. Bizim planımız var ki, Qubada etnopark yaradaq. Bununla bağlı çalaşmalarımız davam edir. Bu etnoparkda sadəcə Güney Azərbaycandan deyil, Qafqazda da yaşayan türk boylarını dəvət etmək istəyirik. Orada müxtəlif yarışmalarla, çalışmalarla kültürəl bağların daha da qüvvətlənməsi üçün addımlar atacağıq.



– Sonda nəsə əlavə etmək istəyirsinizsə, buyurun.

– Biz istəyirik ki, Bakıda da ənənəvi türk oxçuluğu kursları açaq. Sizin saytınız vasitəsilə insanlara da səslənirik ki, öz gələnəklərinə, törələrinə sahib çıxsınlar. “Çölçü” birliyinin sosial şəbəkələrdə səhifələri var, ora üzv olaraq keçirəcəyimiz ətkinliklərə qoşulub öz gələnəklərinə yaxın olsunlar.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər