“Naxçıvan istiqamətində İran ərazisindən həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumu region üçün son dərəcə təhlükəli presedent yaradır. Mülki infrastrukturu və dinc insanların istifadə etdiyi obyektləri hədəf alan belə addımlar təkcə beynəlxalq hüququn pozulması deyil, həm də Cənubi Qafqazda illərlə qorunan kövrək sabitliyə ciddi zərbədir”
Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov İranın Azərbaycana qarşı hərbi təxribatına münasibət bildirərkən deyib bildirib.
O vurğulayıb ki, Azərbaycan hər zaman qonşuluq münasibətlərinə və qarşılıqlı hörmət prinsipinə sadiq qalıb:
“Ölkəmizin ərazisi heç vaxt başqa dövlətlərə qarşı təhdid mənbəyinə çevrilməyib. Bu kontekstdə Naxçıvana qarşı yönəlmiş hücum həm siyasi, həm də mənəvi baxımdan qəbuledilməzdir.
Baş verən hadisə ilə bağlı İran tərəfindən aydın və rəsmi izahat verilməli, bu cür halların təkrarlanmaması üçün real tədbirlər görülməlidir. Eyni zamanda beynəlxalq təşkilatların və region dövlətlərinin də bu hadisəyə münasibət bildirməsi vacibdir. Suverenliyə qarşı bu cür addımların səssiz qarşılanması gələcəkdə daha təhlükəli presedentlər yarada bilər.
Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini və ölkənin ərazi bütövlüyünü qorumaq üçün beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atmaq hüququna malikdir və qadirdir”.
Yasəmən, BakuPost