Ru
16:27 / 06 Avqust 2026

Putin ordunu yenidən qurur: Yeni generallar nəyi dəyişəcək?

Putin ordunu yenidən qurur: Yeni generallar nəyi dəyişəcək?
Eye

Ukrayna ilə müharibədə əsaslı dönüşə nail ola bilməyən Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə hərbi müstəvidə bir sıra kadr dəyişikliklərinə getməyə məcbur olub.

"Bakupost" xəbər verir ki, növbəti dəyişikliklər silahların idarəolunması və arxa cəbhə komandanlığına aid olub.

Donetsk istiqamətində hücumlarda əsas rol oynayan “Mərkəz” qrupunun komandanlığına general-polkovnik Andrey İvanayev təyin edilib. Pyotr Bolqarev isə “Şərq” qrupunun komandiri olub. Silahlı qüvvələrin yeni bir qolu-Pilotsuz Sistemlər bölməsi də yaradılıb ki, Denis Lyamin onun rəhbəri təyin edilib.

Aleksandr Sançik isə silahlarla bağlı məsələlər üzrə müdafiə nazirinin müavini təyin edilib. Habelə, arxa cəbhədə bütün xidmətlərini birləşdirən vəzifə yaradılıb və Valeri Solodçuk bu sahəyə məsul təyin edilib.

Görəsən, Putin niyə bu kadr dəyişikliyinə gedir?

Hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az-a bildirib ki, Rusiya Müdafiə Nazirliyində edilən bu kadr dəyişiklikləri məcburiyyət qarşısında atılan addımdır.

Onun fikrincə, bu proses cari il ərzində hələ daha bir neçə dəfə ən yuxarı səviyyədə davam etdiriləcək:

“Hiss olunur ki, müharibədə heç də hər şey Kremlin istəyi üzrə getmir. Putinin gözləntiləri özünü doğrultmur. Ona görə də “Mərkəz” və “Şərq” qrupunun komandanlarını yeniləyib və ora son zamanlar Rusiya ordusu üçün müəyyən uğurlar əldə edən şəxsləri təyin edib. Donetsk vilayəti məsələsində Rusiya istəyinə nail ola bilmir. Onlar hələ də bu vilayəti tam olaraq işğal edə bilməyiblər”.

Ekspert qeyd edir ki, bu tapşırıqların yerinə yetirilməsi üçün Rusiya tərəfindən həmçinin 900 min əlavə şəxsi heyət prosesə cəlb olunub:

“Putin belədə kəmiyyət hesabına hansısa nəticə əldə edəcəyini düşünür. Cəbhədəki durum Rusiyanı həm də Pilotsuz Sistemlər Qoşunları yaratmağa vadar edib”.

Müsahibimiz hesab edir ki, istənilən halda qışda Rusiyanı daha böyük çətinliklər gözləyir:

“Putin də çətinliyin qarşısını almaq üçün təcili olaraq orduda bəzi dəyişikliyə gedir. Amma artıq çox gecikib. Avqust-sentyabr ayları Rusiya üçün çox çətin olacaq. Rusiyada peşəkar ordu yoxdur, şəxsi heyətin peşəkarlığı zəifdir. İqtisadiyyatı da fəlakətli vəziyyətdədir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar