Çingiz Özgür
Dünyanın hansı dilinə istəsən tərcümə ediləndə mənasın itirməyən bir deyim var: “Futbola proqnoz verilməz!”. Başqa bir deyim də qardaş Türkiyədə var, futbol üçün yox, ümumi deyilir: “Bal kimi verilər”. Bu gün səhər-səhər bu iki ifadə beynimdə birləşdi. Səbəb günün hadisəsidir - Xankəndində keçiriləcək futbol oyunu.
(Cümləni ilk eşidəndə, hətta bir dəfə öz-özünə deyəndə də, tam olaraq çatmır adama. İkinci, hətta üçüncü dəfə təkrarlayın cümləni, ürəyinizdə, beyninizdə, dilinizdə: “Xankəndində “Qarabağ” la “MOİK” oynayacaq” deyin. Görün, beyniniz tam anlamında qavrayanda əhvalınız necə dəyişəcək, üzünüz necə güləcək, simanıza nə gözəl təbəssüm qonacaq!)
Deyimlərdən danışırdım axı, birləşdi beynimdə iki deyim. Və bir də gördüm ki, oyunun proqnozunu vermişəm. Həm də “bal kimi” proqnoz vermişəm. O qədər əminliklə proqnoz vermişəm ki, əksi mümkün deyil. Sizi də tanış edəcəm proqnozumla, narahat olmayın. Amma bir azca səbr...
Türkiyə futbolunu izləyən, hətta izləməyən eləcə məlumatı olan hər kəs bilir ki, qardaş ölkədə ən böyük rəqabət “Qalatasaray” və “Fənərbaxça” klubları arasındadır. Bu klubların fanatik, hətta fanatik olmayan tərəfdarları da nəinki iki komandanın oyununda, hətta digər bütün oyunlarda da qarşı komandanın uduzmağını, hətta böyük hesabla, biabırçı uduzmağını istəyirlər. Bu, illərdir ki, belədir. Hətta on illərdir ki, belədir. Yenə də futboldan anlayışı olan hər kəs bilir ki, futbolda nəticə bəzən komandanın öz əlində olmur, digər hansısa oyunun nəticəsindən asılı olur. Keçən illərdə məhz belə bir vəziyyət yaranmışdı Türkiyə futbolunda. “Qalatasaray” öz rəqibini udarsa, “Fənərbaxça” çempion olacaqdı, əks halda yox. Türkiyənin ən məşhur futbol yorumçularından biri Şansal Böyükağa həmin gün öz proqramına belə başlamışdı:
“Evet, sayın seyirçilər. Kim derdi ki, gün gelecek, fenerbahçeliler “Qalatasaray”ın yenmesini isteyecek? Futbol tarihinde bir ilk yaşanıyor, tüm “Fenerbahçe” camiası “Qalatasaray”ın qalibiyyeti için dua ediyor...”
“Qarabağa” “könül verdiyimiz” gündən bu günə bu komandanın daim irəli getməsini istəyən, bütün oyunlarının qələbə ilə bitməsini arzulayan, Avropadakı uğurlarından sonra küçələrə çıxıb səhərə qədər şadyanalıq edən hər kəs bu gün MOİK-in qələbəsini arzulayır. Daha açıq desək, “Qarabağ”ın uduzmasını. Səbəb sadədir, döyüşdə udub QARABAĞı qaytaran oğulların komandasının futbolda “Qarabağ”ı udması əsil ədalət olar. Bu belə. Amma mənim proqnozum başqadır.
Yazıçı Anarın hələ 2004-də yazdığı “Ağ qoç, qara qoç” əsərinin qəhrəmanı jurnalist Məlik Məmmədli ağ qoçun belinə minəndə dünya gözəlləşir, işğaldakı torpaqlarımız azad olunur, Bakı ən müasir dünya şəhərlərindən birinə çevrilir, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edirdi. Kitabı adam nağıl kimi oxuyur, utopiya kimi qəbul edirdi. Bəzən hətta yarıda saxlayıb fikirləşir, əsəbləşirdin də. Yazıçı sanki adamın əsəbləri ilə oynamaqçün torpaqlarımızın işğaldan azad olmasını, sülhü, əmin-amanlığı təsvir edirdi. Sənsə bunların nə qədər uzaq xəyal, xülya olduğunu düşünürdün. İndi bunları yazanda utanıram. Mən torpaqlarımızın qayıdacağına inanmamışam...
Bir az da irəli gedim, etiraf edim. Nə dövlət başçılarımızın çıxışlarındakı, nə milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin çıxışlarında və hətta vəsiyyətindəki “Qarabağ azad olacaq” fikirləri bizimçün real görünmürdü. Vəziyyət o qədər qarışıq, dünya o qədər “qaranlıq”, ölkəmiz o qədər təklənmiş görünürdü ki, torpaqlarımızın geri qayıdacağı ilə bağlı deyilənlər sanki gecəyarı günəş çıxacağı haqda deyilənlər kimi idi. Bizim beynimizdə “işğaldan azad olunma” cümləsini qəbul edən hüceyrələr cəmi beş rayonu qəbul etməyə çatırdı. Biri səhərdən axşama kimi qulağımıza nəinki Şuşa və Xankəndinin, hətta Laçının azad olacağını desə, biz o sözləri rahatlıqla o biri qulağımızdan verib işimizə-gücümüzə davam edəcəkdik. Bax belə idi. Bu idi vəziyyət.
Sonra... Sonra doğrudan da gecəyarısı günəş çıxdı. Deyilənlər kəlmə -kəlmə baş verdi, vəsiyyətlər yerinə yetdi, çıxışlarda vəd olunanlar reallığa çevrildi. Bir də gördük, heç dünyada da tək deyilik. Nə çox dostumuz, qardaşımız, yoldaşımız var! Nə ağ qoç, nə Simurq quşu, nə Məlikməmməd? Bizi arzularımıza çatdıranlar nağıl qəhrəmanları deyildi, gerçək, doğru, real qəhrəmanlar idi!
Bu günsə, Xankəndində futbol var. Azərbaycan Respublikasının Xankəndi Şəhərinin stadionunda Azərbaycan kuboku uğrunda Azərbaycanın “Qarabağ” komandası ilə Azərbaycanın “MOİK” komandası üz-üzə gəlir. Belə cümlələrdə “Azərbaycan”ı adam nəinki dörd dəfə, dörd yüz dəfə işlətmək istəyir. Min dəfə işlətmək istəyir.
Bax, budur mənim “bal kimi” proqnozum! Əksini iddia edən varsa, buyursun, mərc gələk! Qalib Qarabağdır, “Qarabağ”dır! Qalib Şanlı, Müzəffər Azərbaycan Ordusudur, “MOİK”dir. Qalib sənsən, mənəm, bizik! Bu oyunun qalibi Azərbaycan dövləti, dövlətçiliyi, Azərbaycan xalqıdır!
Qalib AZƏRBAYCANDIR!