Müasir rus faşizminin təmsilçisi Medvedevin hədə-qorxularına cavab olaraq ABŞ prezidenti Tramp 2 ədəd atom sualtı qayığının müvafiq istiqamətlərdə yerləşdirilməsi barədə göstəriş verib. Tramp güman ki, "Ohayo" tipli strateji sualtı qayıqlardan danışır.
Bakupost.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli qeyd edib.
O bildirib ki, bu qayıqlar nüvə başlığı daşıyan "Trident II" qitələrarası ballistik raketləri ilə təchiz olunub:
"Strateji sualtılar düşmən üçün çox vaxt naməlum qalan nöqtələrdən zərbə endirmə qabiliyyəti baxımından ABŞ nüvə triadasının ən vacib komponentidir. Rusiya bu sahədə ABŞ-dan xeyli geri qalır.
Trampın Rusiya üçün müəyyənləşdirdiyi müddət avqustun 8-də bitir. Görünür, Moskvadakı müstəbid ya bu səbəbdən keçirdiyi psixoloji gərginlik, ya da tam tərsi, Trampın ultimativ tələblərini ciddi qəbul etmədiyini dünyaya nümayiş etdirmək məqsədilə insanlığa qarşı cinayətlərinin miqyasını genişləndirir. Kiyevə son dron-raket hücumunda 5-i uşaq olmaqla 31 dinc sakin ölüb. Tramp bu hücumları iyrənc adlandırıb".
Politoloqun sözlərinə görə, ABŞ-dan gözlənilən yeni sanksiyalar Rusiyanın işini bir qədər də çətinləşdirə bilər, lakin onu dayandırmaz:
"Belə görünür ki, əliqanlı tiran müharibə rejimində özünü daha rahat hiss edir və sülh dövrünə qayıtmağı arzulamır. Onu öz mövqeyini dəyişməyə yalnız iqtisadi-maliyyə kollapsı sövq edə bilər, lakin Çinin dəstəyinin davam etdiyi şəraitdə bunun baş verməsi çətindir. Çin isə maraqlıdır ki, Rusiya ayaqda qalmağa və ABŞ-ı məşğul etməyə davam etsin. Bu halda Vaşinqton və onun müttəfiqləri bütün gücünü və resurslarını Hind - Sakit okean regionuna yönəldə bilmir.
Az da olsa, ehtimal var ki, Qərb və Çin Ukrayna müharibəsinin dayandırılması məsələsində ortaq mövqeyə gəlsin. Bu halda manevr imkanları tükənəcək olan Rusiya Ukraynanın qəbul edə biləcəyi şərtlərlə sülhə razılaşa bilər".
Asena,
BakuPost