Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb.
"Bakupost" Globalinfo.az-a istinadən xəbər verir ki, o, müxtəlif ölkələrdən qadınların təmsil olunduğu nümayəndə heyətinin Bakıya səfər edərək Umbakı Penitensiar Kompleksində saxlanılan erməni məhbuslarla görüşmək istədiyini bildirib.
Zonabendin sözlərinə görə, nümayəndə heyətinin məqsədi məhbuslara yaxınlarının məktublarını, fotolarını və bağlamalarını çatdırmaqdır.
O qeyd edib ki, səfərlə bağlı hazırlıq işləri davam edir. Nümayəndə heyəti müvafiq razılaşmalar əldə olunduqdan sonra Bakıya gəlməyə hazırdır.
Zonabend, həmçinin bildirib ki, məhbuslar üçün müxtəlif şəxslər tərəfindən toplanan 1254 məktub oktyabrın 1-də Ermənistan hökumətinə təqdim edilib. Məktubların Bakıya çatdırılmasına kömək göstərilməsi xahiş olunub.
“Bizim məqsədimiz dəyişməz olaraq qalır: yaxınlarımızı görmək və məhbusların ailələri ilə əlaqəsini bərpa etmək istəyirik”, – deyə o vurğulayıb.