Qarabağdan könüllü köçmüş 7 ailəyə Ermənistanın Tatev kəndində torpaq sahələrinin verilməsi barədə məlumat yayılıb.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, açıqlamanı “Biz və bizim dağlarımız” fondu yayıb.
Fondun təsisçisi Ruben Vardanyandır.
Bildirilib ki, torpaq sahələri ailələrə əvəzsiz istifadə hüququ ilə təqdim olunub və onlar bu ərazilərdən kənd təsərrüfatı məqsədilə yararlana biləcəklər. Sahələr Wings of Tatev kanat yolunun balansında yerləşir və layihə “Tatevin dirçəldilməsi” təşəbbüsü çərçivəsində reallaşdırılıb.
Lakin məsələ təkcə humanitar jestlə məhdudlaşmır. Xatırladaq ki, Vardanyan vaxtilə Rusiyadan gələrək Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərən separatçı quruma açıq dəstək verib, ölkəmizin ərazi bütövlüyünə qarşı çıxışları ilə gündəmə gəlib.
2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra o, Azərbaycan ərazisini tərk etməyə çalışarkən saxlanılıb. Hazırda isə Azərbaycan məhkəməsi qarşısında törətdiyi cinayət əməllərinə görə cavab verir.
Analitiklərin fikrincə, Tatevdə torpaq paylanması kimi addımlar Vardanyanın özünə müsbət imic formalaşdırmaq cəhdidir. Onun həm Ermənistan daxilində, həm də beynəlxalq ictimaiyyətin – xüsusilə Qərb dairələrinin – gözündə “humanitar layihələrə dəstək verən iş adamı” obrazı yaratmağa çalışdığı bildirilir.
Ekspertlər hesab edirlər ki, bu cür təşəbbüslər reputasiya əməliyyatının tərkib hissəsidir və siyasi-hüquqi məsuliyyətdən yayınmaq üçün vasitə kimi istifadə olunur. Lakin hansı “xeyriyyə” layihəsi həyata keçirilməsindən asılı olmayaraq, irəli sürülən ittihamlar və açılmış cinayət işləri hüquqi müstəvidə öz qiymətini almalıdır.