“NASA”nın 2022-ci ildə həyata keçirdiyi “DART” missiyası “Dimorphos” asteroidində stadion böyüklüyündə krater yaradıb. Avropa Kosmik Agentliyinin (AKA) “Hera” kosmik aparatının görüntüləri toqquşmanın asteroidin formasını və hərəkətini dəyişdirdiyini göstərib.
“Bakupost” xəbər verir ki, “DART” aparatı 2022-ci ilin sentyabrında “Dimorphos” asteroidinə çırpılıb. Nəticədə onun daha böyük “Didymos” ətrafında dövr etmə müddəti 33 dəqiqə qısalıb.
Toqquşmadan sonra “Dimorphos”un fırlanma hərəkəti də dəyişib və asteroid nəzarətsiz şəkildə fırlanmağa başlayıb.
“Hera” yaxın aylarda asteroidin səthini və daxili quruluşunu daha ətraflı araşdıracaq. Missiyadan əldə ediləcək məlumatlar gələcəkdə Yer üçün təhlükə yarada biləcək asteroidlərin istiqamətini dəyişmək üsullarının hazırlanmasına kömək edəcək.
Vüsalə Hüseynova,
BakuPost