İsrail bütün Qəzza zolağına hərbi nəzarəti ələ keçirməyi, lakin sonra nəzarəti ərazini düzgün idarə edə biləcək ərəb ölkələrinin silahlı qüvvələrinə verməyi planlaşdırır.
Bakupost.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.
“Biz bunu etmək niyyətindəyik. Biz orada qalmaq istəmirik. Biz təhlükəsizlik perimetri yaratmaq istəyirik. Biz Qəzzanı idarə etmək istəmirik, orada hakim qüvvə olmaq istəmirik”, - deyə o, İsrailin 26 millik bütün sahil zolağına nəzarəti ələ keçirmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırarkən söyləyib.
Netanyahunun sözlərinə görə, İsrailin məqsədi Qəzzanı İsrail üçün təhlükə yaratmayan və anklav sakinləri üçün layiqli həyatı təmin edəcək şəkildə idarə edəcək “ərəb qüvvələri”nə verməkdir.
Qeyd edək ki, bu bəyanat Qəzzada humanitar vəziyyətlə bağlı İsrailin ünvanına yönələn beynəlxalq tənqidlər, eləcə də anklavın müharibədən sonrakı idarəçiliyinin gələcəyi ilə bağlı müzakirələr fonunda verilib.
***
19:18
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzzanı işğal edəcəyi ilə bağlı xəbərləri təkzib edib.