Ru
11:35 / 03 Fevral 2026

“Qorxu divarı artıq dağılıb” – İran rejimi ABŞ-dən çox xalqın qəzəbindən çəkinir

“Qorxu divarı artıq dağılıb” – İran rejimi ABŞ-dən çox xalqın qəzəbindən çəkinir
Eye

İran rəhbərliyi ABŞ-ın mümkün hərbi zərbəsinin ölkədə yenidən kütləvi etirazları alovlandıra və hakimiyyətin dayaqlarını ciddi şəkildə sarsıda biləcəyindən narahatdır.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, agentliyin altı hazırkı və keçmiş yüksək vəzifəli məmurdan aldığı eksklüziv məlumata görə, son ayda hökumət əleyhinə aksiyaların zorakılıqla dağıdılmasından sonra cəmiyyətdəki qəzəb elə həddə çatıb ki, qorxu artıq çəkindirici amil deyil.



Mənbələrin bildirdiyinə görə, yüksək səviyyəli iclaslarda bu narahatlıqlar birbaşa İranın ali rəhbəri Ayətullah Əli Xameneiyə çatdırılıb. Rəsmilərə deyilib ki, təhlükəsizlik qüvvələri ilə yenidən üz üzə gəlməyə hazır olan insanların sayı artıb və ABŞ tərəfindən atılacaq məhdud hərbi addım belə onları daha da cəsarətləndirə bilər. Bu isə siyasi sistem üçün geri dönməz nəticələr yarada bilər.

“Reuters”ə danışan mənbələrdən biri bildirib ki, İran rəhbərliyində ölkənin rəqibləri etirazların yenidən başlamasını istəyir və xarici təzyiq daxili partlayış üçün katalizator rolunu oynaya bilər fikri formalaşıb. Onun sözlərinə görə, belə bir ssenari reallaşarsa, zorakılıq dalğası əvvəlkilərdən daha ağır ola bilər.

Bu məlumatlar Tehran hakimiyyətinin ictimai ritorikası ilə kəskin ziddiyyət təşkil edir. Rəsmi açıqlamalarda etirazlar xarici qüvvələrin təxribatı kimi təqdim olunsa da, daxili müzakirələrdə sistemin dayanıqlığı ilə bağlı ciddi şübhələrin yarandığı görünür. Mənbələr Xameneinin bu xəbərdarlıqlara necə reaksiya verdiyini açıqlamayıb. İran Xarici İşlər Nazirliyi isə agentliyin sorğusuna cavab verməyib.

Eyni vaxtda Vaşinqtonda İranla bağlı hərbi variantlar yenidən gündəmdədir. “Reuters”in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası İran təhlükəsizlik strukturlarına və rəhbərliyinə qarşı hədəfli zərbələri də ehtiva edən müxtəlif ssenariləri nəzərdən keçirir. Məqsədin etirazçıları ruhlandırmaq olduğu bildirilir. Bununla yanaşı, İsrail və ərəb rəsmiləri təkcə hava zərbələrinin İran rejimini devirməyə kifayət etməyəcəyini vurğulayır.

Keçmiş yüksək vəzifəli iranlı məmurlardan biri “Reuters”ə deyib ki, vəziyyət əvvəlki aylardan fərqlidir: “İnsanlar son dərəcə qəzəblidir. Qorxu divarı artıq dağılıb”. Onun fikrincə, ABŞ hücumu olarsa, bu, cəmiyyəti yenidən küçələrə çıxara bilər.

İran daxilində tanınmış müxalif fiqurlar da rəhbərliyi xəbərdar ediblər. 2011-ci ildən ev dustaqlığında saxlanılan keçmiş baş nazir Mir Hüseyn Musəvi yayımladığı bəyanatda yanvar ayındakı zorakılıqları tarixin axarını dəyişəcək qan çayı adlandırıb və açıq şəkildə bildirib ki, cəmiyyət bu sistemi istəmir.

Analitiklərin fikrincə, hazırda küçələr sakit görünsə də, dərin narazılıq aradan qalxmayıb. İqtisadi tənəzzül, siyasi repressiyalar, sosial bərabərsizliyin dərinləşməsi və korrupsiya geniş kütlələrdə çıxışsızlıq hissini gücləndirib. “Reuters”ə danışan mənbələr xəbərdarlıq edir ki, xarici təzyiq fonunda etirazlar bərpa olunsa və təhlükəsizlik qüvvələri yenidən güc tətbiq etsə, nəticə əvvəlkilərdən daha qanlı ola bilər.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar