Ermənistanda parlament seçkiləri başa çatdı.
Bütün səslərin hesablanmasından sonra baş nazir Nikol Paşinyanın başçılıq etdiyi “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,81 faizini əldə edib.
İkinci yerə isə gözlənildiyi kimi, milyarder Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası çıxıb. Onlar 23,29 faiz səs toplayıblar. Keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku 9,94 faizlə üçüncü, “Çiçəklənən Ermənistan” partiyası isə 4 faiz səs yığıb.
Digər partiya və bloklar isə daha az səs toplamaqla parlamentə düşmək imkanı əldə edə bilməyib.
Ermənistanda baş tutan seçkilərin nəticələrini, gələcək gözləntilər və perspektivləri dəyərləndirmək üçün
Bakupost.az sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənib.
- Ermənistanda baş tutan bu seçkinin nəticələrin nələri söyləməyə əsas verir? Nəticələr yaxın gələcək üçün nə deməkdir?
- Seçkinin nəticələri göstərdi ki, Paşinyan və komandası hakimiyyəti əllərində saxlaya bilirlər. Onlar növbəti dəfə hökumət formalaşdırmaq imkanı qazandılar. Azərbaycan üçün ən vacib məsələ sülh prosesinin davam etdirilməsi üçün Ermənistanın konstitusiyasını dəyişdirməsidir. Bunun üçün isə onlar referendum keçirməlidirlər. Bu baxımdan parlamentdə referenduma “yaşıl işıq” yandırılması üçün konstitusiya çoxluğu olmalıdır. Seçkidən sonra parlamentdə yaranacaq qüvvələr nisbətində bu deyəsən alınmayacaq. Narahatedici bir məsələdir.
Amma o biri tərəfdən seçkilər göstərdi ki, Ermənistan cəmiyyətində mövcud olan “miatsum” şizofreniya xəstəliyi artıq 49 faiz səviyyəsində sağalmaq üzrədir. Qalır 51 faiz. Bu da onu göstərir ki, Ermənistan cəmiyyətində hələ də çoxlu problemlər qalmaqdadır.
- Belə görünür, hələlik Ermənistanda Azərbaycanın tələb etdiyi şərtlərlə konstitusiya dəyişikliyi olmayacaq?
- Seçkidən öncə də Paşinyanın bu prosesi ləngitdiyini görürdük. Əsas problem Ermənistan ideologiyası və siyasətindən aneksiya amilinin aradan götürülüb, götürülməyəcəyi məsələsidir. Paşinyanın bu yöndə bəyanatları müsbətdir, lakin bu məsələnin tam şəkildə öz həllini tapması anlamına gəlmir. Amma bu siyasəti formalaşdıran qanun və aktlar var. İrəvan bu sahəni təmizləmək fikrindədir, yoxsa yox? İrəvanda “Arsax”ın nümayəndəliyi bağlanıb. Lakin müxtəlif ölkələrdəki səfirlikləri nəzdində “Arsax”ın nümayəndəlikləri qalmaqdadır. Paşinyan bunları nə vaxt yığışdıracaq?
- Seçkidən sonra Ermənistan daxilində proseslər necə cərəyan edə bilər? Qarşıdurmalar, təxribatlar gözləniləndirmi?
- Seçkiqabağı kampaniyada əsas mövzular Azərbaycanla bağlı olub. Nəticələr də göstərir ki, erməni cəmiyyətinin demək olar yarısı revanşist, işğalçı xəstəliyindən artıq xilas olub. Amma yerdə daha 50 faiz qalır. Deməli, ermənilərin hələ də yarısı qanunsuz olaraq Azərbaycan torpaqlarına iddialarını saxlamaqdadır. Məhz bu qüvvələrin gələcəkdə həm ölkə daxili, həm də xarici müstəvidə hansı siyasəti həyata keçirəcəkləri narahatedici məsələdir.
Ümid edirik ki, Paşinyan prosesi davam etdirəcək. Əslində, Paşinyana da ümidlər böyük deyil. Ölkəmizin mövqeyini gücləndirən əsas amil dəmiryolu məsələsidir. Yəni erməniləri “adam edən” heç də Paşinyanın bəyanatları deyil, Azərbaycanın dəmiryolu məsələsidir. Başa düşməliyik ki, Paşinyan da bu bəyanatları özbaşına vermir. Məğlub olandan sonra qorxusundan verib. Qorxunun nəticəsində sülhpərvər olana inanmaq olar, ya yox?
- Amma Rusiyaya bağlı olduqları bildirilən qüvvələr də çox səs topladılar. Onlar birlikdə hardasa, səslərin 40-45 faizini əldə edə blər. Bu gələcək üçün nə deməkdir, onun hansı təhlükələri ola bilər?
- Bu, real təhlükədir. “Miatsum”un başlanğıc dövrünü yada salaq. Onlar hələ sovet dövründən işğal siyasətini təbliğ və icra edirdilər. Məğlub olduqdan sonra nasist Almaniyasında denasifikasiya prosesi getdi. Həmin illərdə almanları ölüm düşərgələrinə aparıb, məcbur edirdilər ki, buradakı insanlara nasistlərin necə zülm verdiklərini görsünlər. Bu yolla onlarda faşistlərə nifrət hiss oyadırdılar. Almaniyada həmçinin nasistlərə xidmət edənlərin dövlət işlərinə cəlb olunması da qadağan edilmişdi. İndi də Almaniya qanunlarında faşizmi təbliğ edənlər məsuliyyətə cəlb edilirlər. Ermənistanda isə bunları görmürük. Halbuki, faşist Almaniyası kimi, Ermənistan da işğalçı ölkə idi. Bu baxımdan seçkilərdən sonra məndə həm ümid yeri var, həm də narahatçılıq hissləri qalmaqdadır.
- Rusiyanın seçkidən sonrakı proseslərə münasibəti necə olacaq? Onlar mövcud vəziyyətlə barışacaq, yoxsa yenə də nələrisə etməyə çalışacaqlar?
- Paşinyan indiki vəziyyətdə Rusiya üçün ən optimal siyasətçidir. Moskvada bunu gizlətsə də, onların əməkdaşlığı yüksək səviyyədə davam edəcək. Paşinyan Rusiya əleyhinə çoxsaylı bəyanatlar verir, amma bu istiqamətdə heç bir real addımlar atmır. Rusiyanın Ermənistandakı hərbi bazaları bağlanmayıb, sərhədlərini də hələ Rusiya sərhədçiləri qorumaqdadır. 5-10 rus əsgərini aeroportdan çıxarmaqla məsələ bitmir. Kreml Paşinyanı istəmədiyi görüntüsü yaradırdı. Amma əslində məhz Rusiyanın atdığı addımlar nəticəsində Paşinyanın reytinqi daha da yüksəlirdi. Bu da prosesin əslində bir oyun olduğunu göstərir. O biri tərəfdən də Rusiya öz istəklərinə nail olub. Referendum mümkün deyilsə, deməli sülh prosesi də dalana dirənəcək. Bu baxımdan latent vəziyyətində münaqişə hələ də qalmaqdadır. İrəvanın işğalçı, aneksiya siyasəti hələ də rəsmən qüvvədədir. Bu isə Rusiya və digər oyunçuları qane edir. Paşinyan da bunu başa düşür. Sadəcə, o da özünəməxsus oyun oynayır. İki və ya üç stulda eyni vaxtda oturmağa çalışır.
- Belə vəziyyətdə, seçkidən sonra Paşinyan Qərbə inteqrasiyasını sürətləndirəcək, yoxsa, bu yöndə də oyun oynayacaq?
- Ermənistanı demək olar ki, Rusiya saxlayır. Rusiyada Ermənistanın özündə olduğundan daha çox erməni yaşayır. Orada işləyənlər Ermənistandakı ailələrinə pul göndərir. Bu mənada imkan yaradırlar ki, ümumdaxili məhsul baxımından guya Ermənistanın rəqəmləri Azərbaycana nisbətən daha yaxşı olsun. Bunlar hamısı Rusiyanın hesabınadır. İrəvan indi Rusiyanın imkanlarının azalması fonunda onu Qərblə əvəzləmək istəyir. Belə görünür, Moskva da buna razıdır.
- Ermənistanda keçirilən bu seçkilərin regionumuza, Azərbaycana nə kimi təsirləri ola bilər və ümumiyyətlə ola bilərmi?
- Azərbaycan bildiyiniz kimi, sülh prosesinin təşəbbüskarıdır. 2021-ci ilin fevralında Azərbaycan sülh təkliflərilə çıxış etməyə başladı. Onun əsasında da danışıqlar oldu. Sonda da keçən ilin avqustunda Vaşinqtonda sülh sənədi paraflandı. Yəni sülh prosesi və əməkdaşlığı gündəmə gətirən də məğlub ölkə deyil, qalib ölkədir. Əminəm ki, Azərbaycan bu addımları davam etdirəcək. Çünki Azərbaycanda siyasi elitanın düşüncəsi sağlam düşüncədir. Ölkəmizdə həm ictimaiyyət, həm də siaysi elita başa düşür ki, sülhə alternativ yoxdur. Yalnız sülh şəraitində regionun inkişafı davam edə bilər. Bunu nəzərə alaraq da Azərbaycan vacib tranzit ölkəyə çevrilir. Bunun üçün də lazımi infrastruktur yaradılır. Tramp layihəsi də elə Azərbaycanın siyasi iradəsi nəticəsində baş verən prosesdir. Əvvəl dediyim kimi, erməni cəmiyyətinin 49 faizi sağalıb. Qalan 51 faizin üzərində işləməliyik. Başqa yolumuz yoxdur, nə edək? Həm sözlə, həm də “Dəmir yumruqla”. Bu məsələdə inkişaf da var. Paşinyan bir neçə il əvvəl Xankəndidə çıxış edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyirdi. İndi isə hər şey göz qabağındadır.
Məni əsəbləşdirənlər ölkəmizdə sosial şəbəkələrdə bir nov Paşinyana yönəlik fanatların fəaliyyətidir. Onlar Paşinyanın Gəncəyə raket atmaq əmrini verdiyini unutmamalıdırlar. Bu insanlar onun müharibədən öncəki çıxışlarını da yaddan çıxarmamalıdırlar. Şəhidlərimiz məhz Paşinyanın siyasəti nəticəsində canlarından keçərək, ərazi bütövlüyümüzü bərpa ediblər.
Rüfət Sultan, BakuPost