Ru
23:55 / 18 Oktyabr 2025

Romada muğam konserti təşkil edilib

Romada muğam konserti təşkil edilib
Eye

Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində muğam konserti təşkil olunub.

Bakupost.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfirlik, Mədəniyyət Mərkəzi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Xan Şuşinski Fondunun birgə təşkil etdiyi konsertdə mədəniyyət və akademik dairələrinin nümayəndələri, səfirlər, diplomatlar, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə konsertin “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar keçirildiyini deyib, ölkəmizin zəngin mədəniyyəti və musiqisi haqqında ətraflı məlumat verib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov isə bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm siyasi addımdır. O, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə yeni dönəmin başlandığını diqqətə çatdırıb, bunun ölkəmiz üçün əlamətdar gün olduğunu deyib.

Diplomat qeyd edib ki, muğam zəngin və rəngarəng Azərbaycan mədəniyyətində xüsusi yer tutur. Tar, kamança və qavalın UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri kimi tanınan muğam musiqi janrının fundamental elementləri olduğu bildirilib. Bu muğam üçlüyü tarixə kök salmış Azərbaycan musiqi ənənələrinin bənzərsiz nümunəsidir.

Muğam televiziya müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva, tarzən Rüstəm Müslümov və kamança ifaçısı Pərviz Fərhadov çıxış ediblər. Azərbaycan muğamının könül oxşayan nümunələri rəğbət və alqışlarla qarşılanıb.

Konsertdən sonra Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva AZƏRTAC-a bildirib ki, dövlətimizin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanın zəngin irsi dünyada tanıdılır. Bu xüsusda Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə Mədəniyyət Mərkəzlərinin yaradılması ölkəmizin mədəniyyətinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına və inkişafına mühüm töhfə verir.

O qeyd edib ki, musiqi xalqlar arasında dostluq və anlaşma körpüsü yaradır, muğam isə Azərbaycanın dünyaya bəxş etdiyi ən nadir incilərdən biridir. Muğam müxtəlif ölkələrdə ifa olunsa da, yalnız Azərbaycanda bu qədər yüksək səviyyədə və mükəmməl formada təqdim edilir.

Bəyimxanım Cavanşirova-Verdiyeva rəhbəri olduğu fondun 2011-ci ildən milli musiqimizin təbliği istiqamətində onlarla layihə həyata keçirdiyini, müxtəlif ölkələrdə tədbirlər və tanınmış sənətkarların yubiley gecələrini təşkil etdiyini deyib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar