Ukraynanın paytaxtı Kiyev Rusiyanın raket və pilotsuz uçuş apartarı (PUA) hücumuna məruz qalıb.
Bakupost.az Ukrayna mediasına istinadən xəbər verir ki, hücum zamanı yaşayış binalarına zərbə endirildiyi, güclü partlayış baş verdiyi bildirilir. Hadisə nəticəsində ölən və yaralanan mülki şəxslər var.
Ukrayna rəsmilərinin ilkin məlumatına görə, hücum bu gün gecə və səhər saatlarında baş verib. Raketlər və PUA-lar paytaxtın bir neçə rayonunu hədəfə alıb. Zərbələr nəticəsində yaşayış binaları, mülki infrastruktur və avtomobillər zədələnib, bir neçə ünvanda yanğın qeydə alınıb.
Sosial şəbəkələrdə yayılan fotolardan birində raketin yaşayış binasına dəydiyi an və partlayışın başvermə məqamı əks olunub. Kadrda güclü alov və partlayış dalğası aydın görünür.
Hazırda ən azı 8-11 nəfərin yaralandığı bildirilir, çoxsaylı yaşayış binaları və infrastruktur obyektləri zərər görüb. Hücum nəticəsində bir neçə əraziyə ciddi dağıntılar dəyib, yanğınlar baş verib və xilasedici xidmətlər fövqəladə vəziyyətlərlə mübarizə aparır.
Ukrayna Prezidenti Vladimir Zelenski hücumu mülki əhaliyə qarşı növbəti zərbə adlandıraraq, beynəlxalq ictimaiyyəti Ukraynaya hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün dəstəyi artırmağa çağırıb. Rusiya tərəfi isə hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.
Cavid, BakuPost