Dekabrın 4-də Rusiyanın Sevastopol şəhərində “İspaniyalı” muzdlu birləşməsinin 44 yaşlı lideri Stanislav Orlov öz bağ evində güllələnərək öldürülüb.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə son dövrlərin ən çox müzakirə olunan səs-küylü hadisələrindən biri kimi qiymətləndirilir.
Rusiya KİV hadisə yerindən videogörüntülər əldə edib və bir neçə şahidlə danışıb. Şahidlərin sözlərinə görə, saat 12:17-də Stanislavın evinə yaxınlaşan dörd avtomobildən avtomatla silahlanmış maskalı şəxslər düşüb. Silahlılar evə daxil olandan sonra atəş səsi eşidilib. Şahidlərin dediyinə görə, Orlov müqavimət göstərməyib. Hadisədən təxminən altı saat sonra, saat 18:36-da həmin ünvana təcili yardım gəlib və 18:45-də Orlovun cəsədi evdən çıxarılıb. Polis hadisə yerində axtarış aparıb.
Stanislav Orlov uzun illər muzdlu döyüşçülük fəaliyyətilə məşğul olub. O, “İspaniyalı” qrupunun komandiri kimi Ukraynanın Donbas və Mariupol bölgələrində, həmçinin digər döyüş zonalarında iştirak edib. Qrup əsasən, könüllü radikal döyüşçülərdən təşkil olunub və bəzi mənbələrə görə, Baş Kəşfiyyat İdarəsi ("QRU") və Müdafiə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərən “Redut MMC” ilə əlaqələri olub. Orlov həmçinin beynəlxalq hüquq və sanksiyalar kontekstində tanınan bir fiqur idi.
Hadisə ilə bağlı məlumatlara görə, Orlovun qətlinə səbəb qanunsuz silah ticarəti və cinayətkar qrupların fəaliyyətində iştirakı ilə bağlı şübhələr olub. Bəzi kanallar isə bu qətli Rusiyada təmizləmə əməliyyatı kimi şərh edirlər.
Orlov "Vaqner" birləşməsi ilə də əlaqəli olub. Onun qrupunun üzvləri bəzi əməliyyatlarda “Vaqner” döyüşçüləri ilə birlikdə döyüşüb.
Bu gün Moskvadakı Xristos kilsəsində Orlov ilə vida mərasimi keçiriləcək.
Cavid, BakuPost