Rusiyanın Dövlət Duması ölkədə çalışan xarici vətəndaşlar üçün yeni vergi qaydaları tətbiq etməyə başlayır.
"Bakupost" xarici mətbuata istinadla xəbər verir ki, Dövlət Duması əmək miqrantlarına dair qanunvericiliyə dəyişiklikləri son oxunuşda təsdiqləyib.
Yeni qaydalarla Rusiyada patentlə və bəzi hallarda patentsiz işləyən xarici vətəndaşların vergi və maliyyə öhdəlikləri artır.
Qanuna əsasən, miqrantlar fəaliyyət növündən asılı olaraq hər ay əvvəlcədən gəlir vergisi ödəyəcəklər. Fərdi ev təsərrüfatlarında patentlə işləyənlər ayda 1700 rubl(37,82 manat) , təşkilat və fərdi sahibkarların yanında patentlə işləyənlər 1200 rubl(26,70 manat), patentsiz işləmək hüququ olan xarici vətəndaşlar isə 1700 rubl məbləğində ödəniş edəcəklər.
Bundan əlavə, miqrantın himayəsində olan hər bir ailə üzvünə görə ödənilən məbləğ 50 faiz artırılacaq. Xarici işçilər həmçinin özlərinin və ailə üzvlərinin yaşayış minimumundan az olmayan gəlirə malik olduqlarını təsdiqləməlidirlər. Bunu etməyənlərin əmək patenti və ya iş icazəsi uzadılmayacaq.
Yeni qaydalara görə, 18 yaşına çatan miqrant övladları ayrıca əmək patenti almalı və ya 30 gün ərzində Rusiyanı tərk etməlidirlər. Qanun gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Milli Məclisin deputatı Azər Allahverənov
"Bakupost"a bildirib ki, Rusiyada miqrantlara münasibətdə qəbul edilən istənilən yeni qayda bu və ya digər formada həmin kateqoriyadan olan şəxslərə birbaşa olaraq təsir edir:
“Rusiya çoxsaylı miqrantların axınına məruz qalır. Onların da əksəriyyəti əmək fəaliyyətilə məşğul olur. Amma müəyyən bir qisim, xüsusən də əməkçi miqrantların ailə üzvləri də onlarla birlikdə yaşayır”.
Deputat qeyd edir ki, Rusiya hər dəfə yeni qaydalar tətbiq etməklə, yeni vergiləri dövriyyəyə salmaqla miqrantların ölkə ərazisində qalmasının maksimum dərəcədə ölkəyə fayda verməsinə, onların yaratdığı sosial yükün elə də ağır olmamasına çalışır:
“Ona görə də qaydaları təkcə əməkçi miqrantlara deyil, onların ailə üzvlərinə də şamil edirlər. 18 yaşına çatmış miqrant övladı da əmək fəaliyyətilə məşğul olmalıdır. Əks halda o, ölkəni tərk etməlidir. Bu şəxs həmin ölkədə universitetə qəbul olduqda da qala bilər”.
Ekspertin sözlərinə görə, yeni qaydanın ağır yükünü azərbaycanlı miqrantlar da hiss edəcək:
“Azərbaycanlı miqrantların müəyyən hissəsi Rusiyada ailə üzvlərilə birlikdə yaşayır. Onların arasında 18 yaşa çatmış uşaqlar da kifayət qədərdir”.
Bununla belə, müsahibimiz hesab edir ki, prosesdən daha çox əziyyət çəkən Mərkəzi Asiya ölkələrindən gələn miqrantlar olacaq:
“Çünki onlar kompakt və kütləvi şəkildə Rusiyada məskunlaşıblar. İstənilən halda ölkə ərazisində daha çox miqrantın qalmasını əngəlləyən yeni qaydaların qüvvəyə minəcəyini görürük”.
Yeni qaydanın tətbiqi deputatın fikrincə, nəticə etibarı ilə Rusiyada miqrantların sayının azalmasına səbəb olacaq:
“Vergilər, rüsumlar, qoyulan tələblər, rus dilini bilmək şərti istər-istəməz miqrantlara diskomfort yaradır. Digər tərəfdən isə, bu, 18 yaşına çatmış miqrantları əmək fəaliyyətilə məşğul olmağa sövq edəcək. İstənilən halda, miqrant Rusiyada uzun müddət qalmağı qət edibsə, yaranmış vəziyyətə uyğunlaşmağa çalışacaq”.
Rüfət Sultan,
BakuPost