Ru
16:23 / 16 Noyabr 2021

Rusiyanın hələ çox planları var - Ekspertlər Kəlbəcərdəki hadisələri şərh edir...

12054

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.



Müdafiə Nazirliyinin son məlumatına əsasən, təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib. Bildirilib ki, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.


Bəs düşmən bu təxribatlarına nə zaman son qoyacaq? Azərbaycan nə etməlidir?


Məsələ ilə bağlı Bakupost.az -a danışan hərbi-ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistanın yeni Müdafiə naziri özünü göstərmək üçün bir-iki gün belə addımlar atacaq, sonra sakitləşəcək:


“Ordumuz kifayət qədər hazırlıqlı vəziyyətdədir. Ermənilər müharibəyə başlamaq istəsələr nəyəsə nail olacaqlarını düşünmürəm. Bu onlar tərəfindən ağılsız bir hərəkətdir. Azəbaycan Ordusu lazım olan bütün addımları atır və düşmənin təxribatlarının qarşısını layiqli şəkildə alır. Narahatçılığa əsas yoxdur. Hər şeyi nəzarətdə saxlamaq üçün çalışmalıyıq ki, öz gücümüz hesabına yaranmış vəziyyətdən çıxaq. Ermənilər təxribatlar törətməyə məcbur edilir. Amma bilməlidilər ki, bunun bədəlini erməni əsgərləri ödəyir. Ağılları olsa, etməzlər. Amma erməni hara, ağıl hara..”.

Ekspert əlavə edib ki, Rusiya vəziyyətin daha da gərginləşməsini istəyir:

“Rusiyanın bu məsələyə heç bir münasibəti olmayacaq, əksinə istəyir ki, vəziyyət gərgin olsun. 2020-ci il 10 noyabr sənədini imzalayan Rusiya noyabrın 13 də terrorist Mirzoyanın etdiyini xəbər saytlarında belə qeyd etməyib və onu Ermənistana qaytarıb. Ona görə də Rusiyadan nəsə gözləmək sadəlövlük olar. Rusiya həmişə öz bildiyini edib və bundan sonra da edəcək. Rusiyanın Azərbaycanla bağlı hələ çox xain planları var. Azərbaycan Ordusunu gözdən salmaq, həm də öz çirkin məqsədlərini həyata keçirmək istəyirlər. Biz son dərəcə ehtiyyatlı olmalıyıq. Çünki Rusiya bölgədə tam fərqli mövqe nümayiş etdirir. Bu mövqe isə bizim ziyanımızadır”.



Politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Azərbaycan tərəfi erməni hərbçiləri əsir almalı, onların hərbi texnikalarını qənimət kimi götürməlidir:

“Ermənistan 10 noyabr razılaşmasını ciddi şəkildə pozmağa çalışır. Rusiya isə bu prosesdə özünü kənara çəkib. Rusiya Azərbaycanla Ermənistan arasında olan gərginliyin davam etməsində maraqlı görünür. Azərbaycan tərəfi dövlət sərhədində daha da möhkəmlənməlidir. Ermənistan bu təxribatlarını davam etdirsə heç bir müsbət nəticə əldə etməyəcək. Baş verənlər Ermənistanın əleyhinə işləyir, ölkədəki daxili-siyasi vəziyyəti daha da gərginləşdirir. Əgər ermənilər bu təxribatları davam etdirsələr, daha da ağır məğlubiyyətə uğrayacaqlar. Bu Nikol Paşinyanın hakimiyyətdən getməsi ilə də nəticələnə bilər”.



Politoloq Teymur Qasımlının sözlərinə görə, Ermənistan və Rusiya açıq 10 noyabr bəyanatının müddəalarına əməl etmir:

“Həmin bəyanatda qeyd edilir ki, Ermənistan dövlətinə məxsus qeyri-rəsmi silahlı qruplaşmalar, əsgərlər ərazimizdən çıxmalıdır. Bu günə kimi bu tələb yerinə yetirilməyib. Eyni zamanda, 8 noyabrdan başlayaraq Ermənistan silahlı birləşmələri Qarabağda sərhəddə təxribatlar törətməyə davam edir. Bu hal artıq intensivləşib.
Birincisi, Azərbaycan tərəfi 10 noyabr bəyanatında olan maddələrə əsasən sərt tələblər qoymalıdır.
İkincisi, Azərbaycan dövləti təcilli olaraq Laçın dəhlizini bağlayıb, tam olaraq nəzarətinə almalıdır.
Üçüncüsü, Rusiya və Ermənistan götürdükləri öhdəlikləri yerinə yetirmirsə, sərhəddə baş verən erməni təxribatlar Azərbaycan Respublikasının qanununa və beynəlxalq hüquqa görə zərərsizləşdirilməli və anti-terror əməliyyatları aparılmalıdır.

Ancaq anti-terror əməliyyatlarını elə etməliyik ki, bizi provokasiyaya çəkib, Rusiyanın istəklərinə uyğun oyunlara düşməyək və ağır bədəllər ödəməyək”.

Fəridə Söhrabqızı
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər