Rusiyanın Qarabağdakı özfəaliyyət tədbiri: Azərbaycan niyə iştirak etmədi?

Rusiya Müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib. Bulqakov Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib. Rusiya mediasının yaydığı məlumat və görüntülərdən görünür ki, Qarabağdakı açılışda Azərbaycan tərəfindən heç bir rəsmi şəxs iştirak etməyib.

Siyasi şərhçilər hesab edir ki, belə bir vəziyyətdə, Xankəndidə rusiyalı generalın yanında Azərbaycanın müdafiə nazirinin müavini də dayanmalı idi.

Bəs nəyə görə Rusiya bunu təktərəfli həyata keçirdi?

Bu barədə Bakupost.az -a danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov qeyd edib ki, sülhməramlılar bəzən Azərbaycan torpağında olduqlarını yaddan çıxarır:



“Rəsmi şəxslər Azərbaycan torpağında olarkən azərbaycanlı həmkarları ilə mütləq görüşməlidirlər, müxtəlif tədbirlərdə onların iştirakı olmalıdır. Şəhərciyin açılışı baş tutursa, bu tədbirə Rusiya Müdafiə nazirinin müavini gəlirsə, mütləq azərbaycanlı həmkarı da orada olmalı idi. Bu, artıq etika, protokol və reallığı nəzərə almaq naminə həyata keçirilməliydi. Azərbaycan torpağına gəlib, orada tez-tələsik hansısa bir obyekti açmaq, hərbi rəsmilərimizi inkar etmək düzgün deyil. Bu, müəyyən dərəcədə özfəaliyyət tədbirinə oxşayır”.

Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, belə bir vəziyyət heç bir azərbaycanlını qane etməz:



“Rusiya Qarabağ ərazisində 1960 nəfərlik sülhməramlı heyət yerləşdirsə də, artıq 12 ədəd 250 nəfərdən ibarət, yəni 3000 nəfərlik modul tipli şəhərciklər alıb. Rusiya rəsmiləri gələcək günlərdə şəhərciklərin sayını 25-ə qədər artacağını bəyan ediblər. Yaxın günlərdə onların inşası tamamlanmalıdır. 1960 nəfər üçün 25 ədəd şəhərciyin inşasına nə ehtiyac var? Təbii ki, hər bir ölkə, xüsusən Rusiya özünü qlobal güc olaraq göstərmək üçün Qarabağda yerləşdirdiyi sülhməramlılarını çadırda və ya digər uyğun olmayan şəraitdə saxlamaq istəməzdi. Buna görə də onlar üçün hansısa şəraitin yaradılması gözlənilirdi. Lakin bu dəfə Şuşa və Laçın ərazisindən çıxmalı olduqları halda orada moldul tipli şəhərciklər salmağa başlayıblar. Təbii ki, bu Azərbaycan tərəfini narahat etməyə bilməz. Bununla bağlı aidiyyəti qurumlar öz münasibətini bildirməli, hadisələrin gedişatına müdaxilə etməlidir. Belə bir vəziyyət heç bir azərbaycanlını qane etməz. Nəinki azərbaycanlını, ürəyi Qarabağda döyünən heç bir türkü qane etməz. Odur ki, bu hadisələrin qarşısını almaq üçün hər birimiz əlimizdən gələni ortaya qoymalıyıq. Lazım olarsa, tərəfdaş ölkələrin imkanlarından istifadə etməliyik”.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Aygün Nəbiyeva