Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilənlərin anket məlumatlarını dəqiqləşdirib.
Daha sonra məhkəmə İ. Yusifovun ittiham aktını almadığına görə məhkəməni 12 dekabra təyin etdi.
Xatırladaq ki, ittihama görə İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.
Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib. Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər.
Xatırladaq ki, 2010-cu ildə "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı.