Şəhid ailələri və müharibə əlillərinə ŞAD XƏBƏR

  • 22 İyl 2020 20:24
  • 4230 Baxış
Şəhid ailələri və müharibə əlillərinə   ŞAD XƏBƏR



Ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində rekord göstəricilərə nail olunması hədəflənib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə 62 mənzilin, müharibə əlillərinə 50 avtomobilin təqdim olunması mərasimində dövlət başçısı bu proqramın tezliklə başa çatdırılmasına nail olunacağını bəyan etdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) "BakuPost"a verilən məlumata görə, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ötən il reallaşdırılan sosial paketlər çərçivəsində bu kateqoriyadan olan vətəndaşlar üçün sosial ödənişlərin də ciddi şəkildə artırılması təmin edilib. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı proqramı da 100 faizə yaxın icra olunub.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı da ildən-ilə gücləndirilir. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə isə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə bu sahədə rekord göstərici kimi, azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Onlardan artıq 430 mənzil təqdim edilib.

Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin daim diqqət mərkəzində olduğunu qeyd edərək bildirib ki, son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb: “Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir”.

Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparıldığını vurğulayan Prezident İlham Əliyev deyib: “Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq. Sirr deyil ki, bu məqsədlər üçün böyük vəsait nəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur”.

Onun çağırışından sonra özəl sektorun da bu işlərə qoşulduğunu deyən dövlət başçısı bildirib ki, özəl şirkət – “Paşa Holdinq” tərəfindən Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa etdirilib və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb: “Eyni zamanda, şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürübdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda, ölkəmizin gücünü göstərir”.

Prezident İlham Əliyev keçən il reallaşan mühüm sosial islahatları, sosial ödənişlərdə mühüm artımları qeyd edərək bildirib ki, bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.

Pensiya və əməkhaqqında da ciddi artımın davam etdiyini konkret göstəricilər əsasında diqqətə çatdıran dövlət başçısı bildirib ki, sosial sahədə digər önəmli layihələr də icra edilir: “Özünüməşğulluq proqramı - insanlara imkanlar yaradılır ki, onlar öz ailələrini dolandıra bilsinlər və dövlətin yardımından asılı olmasınlar. Bu il bu işlərə 12 min insan cəlb olunacaq, 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək. Mən açıq deyirəm ki, ictimai iş yerləri o iş yerləridir ki, onlarsız da ölkə inkişaf edə bilər. Biz, sadəcə olaraq, insanlar üçün şərait yaradırıq ki, pul qazansınlar və heç olmasa, aztəminatlı təbəqə minimum əməkhaqqı səviyyəsində vəsait əldə etsin”.

Qeyd edək ki, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində müharibə əlilləri və onlara bərabər tutulanların dövlət tərəfindən minik avtomobilləri ilə təminatı tədbirləri də geniş vüsət alır. 2018-ci ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 265 avtomobil verilibsə, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu il də daha 400 avtomobil verilməsi planlaşdırılıb və artıq 150 avtomobil verilib.

Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb.




X