Ru
15:31 / 02 Aprel 2021

Şuşada “İsgəndər” sirri: Raket haradan atılıb? - ŞƏRH

3221
Azərbaycan Ərazilərinin Minalardan təmizlənməsi üzrə Agentlik - ANAMA Şuşada iki ədəd “İsgəndər” raketinin qalıqlarının aşkar edildiyi barədə məlumat yayıb. Tapılan qalıqların üzərindəki nömrələr bu raketlərin “İsgəndər” olduğunu təsdiq edir. Lakin raketin Ermənistanın hansı tərəfindən və nə vaxt atıldığı məlum deyil.

Hazırda raketin qalıqları əsasında onun hansı modelə aid olduğu aydınlaşdırılır. Çünki “İsgəndər”in “M”, “K”, “E” və “F” növləri var”.

Bəs aşkarlanan raket qalıqları “İsgəndər”in hansı növü ola bilər? Raket haradan atılıb?

Bu barədə Bakupost.az -a danışan politoloq Qabil Hüseynli hesab edir ki, atılan raket “İsgəndər M”-dir:



“Bu raket daha uzaq məsafəyə məsələn, 500 km-ə qədər uça bilir. Amma “İsgəndər E” raketi isə 250-280 km məsafəyə uçur. Atılan “İsgəndər”in hansı növ olduğunu rəsmi qaydada aydınlaşdırmaq lazımdır. Raket “İsgəndər M”-dirsə, bu, Ermənistanda olmayıb. Ermənistanda olanlar “İsgəndər E” raketləridir. Şuşa ətrafında tapılmış qalıqlar isə daha çox “İsgəndər M” raketlərinin qalıqlarına oxşayır. Bu da yalnız Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında var. Ehtimalən demək olar ki, həmin raketlər Şuşaya Gümrüdəki 102-ci rus hərbi bazasından atılıb”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistanın müharibə getdiyi günlərdə Azərbaycan ərazisinə “İsgəndər” raketi atmasına şübhə etmir:



“Bunu “Dəmir yumruq” kitabımda da yazmışam. Onu da yazmışam ki, 9 noyabrda Bakıya atılan raketin mənşəyi də tətqiq olunmalıdır. Bu məsələnin özü də sirr qaldı ki, 9 noyabrda tərəflər bəyanat imzalamağa hazırlaşarkən Bakıya raket atmağı kim və ya kimlər əmr edib? “İsgəndər” raketlərinə gəldikdə isə Emənistan müharibə zamanı arsenalındakı bütün silahlarından istifadə etməyə çalışıb. Ermənistanla Rusiya arasındakı mübahisə isə bizim üçün mənasızdır. Nikol Paşinyan dedi ki, Azərbaycana atdıqları “İsgəndər” raketlərin çoxu partlamayıb, rus generalları isə əksini bildirdilər. Əsas odur ki, hər ikisi etiraf edir ki, Azərbaycan ərazisinə “İsgəndər” raketləri atılıb, indi isə bəlli olur ki, partlayıb”.

Aygün Nəbiyeva

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər