Xalq artistini qabağa verib, vəzifə tutmağa çalışırlar – VİDEO
0
Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 37-ci buraxılışının yazılı variantını təqdim edir.
“Bütün Bərdəni boğaza yığan” şəhid anası...
– Salam dostlar, həftəmizin ən çox müzkirə edilən mövzularındna biri şəhid Xudayarın anası ilə bağlı yazılan bir yazı oldu. Yazının məğzi bundan ibarət idi ki, Xudayarın anası İradə xanım Bərdə rayonunu boğaza yığıb. İfadə yazı müəllifinə məxsusdur. Onun iddiasına görə, şəhidin anası idarə müdirlərini, iş adamlarını bezdirib, insanlar isə şəhid anası olduğu üçün ona heç nə deyə bilmirlər. Müharibənin çox böyük fəsadıları, çox böyük yaraları olur. Bu təkcə şəhid verməklə bitmir. Talelər, ömürlər alt-üst olur, insanlar ömür boyu bu ağırlığın altından çıxa bilmir. Ən ağır yükü isə şəhid ailələri və xüsusən şəhid anaları çəkir. Xudayarın anası da çox gözəl və istedadlı bir övladını itirib. Mən onu tanımıram, deyilənlərlə bağlı konkret bir fikrim yoxdur, lakin şəhid ailələrinin də, qazilərin də öz statusundan sui-istyifadə etdiyini çox görmüşəm, lakin heç vaxt bu barədə yazmq və danışmaq haqqında düşünməmişəm. Biz şəhid aiələrinə bu cür detallarla qitymət vermək üçün, bütün günü xirtdəyəcən problemə batmış cəmiyyətdən danışmalıyıq. Yəni istənilən halda şəhid anası tənqid edəcəyimiz ən sonuncu adamdır. Xudayarın anası ilə bağlı belə bir fakt baş vermiş olsa belə, bir jurnalistə bu cür yazı yazmaq yaraşmaz.
Söz-söhbət haradan yaranmışdı? “Cıdır düzü”ndə Xudayarın adı rəngli boya ilə qayaya yazılıb və kimsə bunu silib. Mən o yazıları görmüşəm və qeyri-estetik göründüyünü özlüyümdə etiraf etmişəm. Orada elə yazılar o vaxt effekt verər və könül oxşayar ki, konkret kiminsə harada şəhid olduğunu bilirik və həmin yerdə səliqəli bir abidə qoyuruq. Yoxsa şəhidlərin, xüsusən 44 günlük müharibədə həlak olan qardaşlarımızın adı hər yerdə layiqincə əbədiləşib. Ən başlıcası isə şəhidlərin adını ürəyimizə yazmaq və onlara layiq bir vətən qurmaqdır.
“Şəki yaylası”nda qəza...
– Şəkidə baş verən qəza hamımızı üzdü. Kanat gəzintisinə çıxan iki gənc eyni anda və eyni yerdə otuz metr hündürlükdən düşərək həlak oldu. Hadisədən sonra isə hadisə haqda gedən xəbərlər bizdə narahatlıq yaratdı. Hüququ-mühafizə orqanları tərəfindən cinayət işi açıldığı bir vaxtda dövlət televiziyası öz xəbərində subliminal mesaj ötürərək istirahət mərkəzinin rəhbərinin mətnaltı müdafiəsinə qalxdı. Media orqanlarının bir çoxu bildirdi ki, əvvəlki xəbərdə deyilənlər doğru deyil, əslində, heç də kanat xətti qırılmayıb, xətt küləkdə dalğalanaraq kanatın təkərciyindən çıxıb. Həm də biri gediş, biri gəliş xəttində olarkən, lakin eyni anda və eyni yerdə. Həlak olan gənclərin bədənləri də eyni nöqtəyə düşüb. Çox keçmədən istirahət mərkəzinin nümayəndəsi videomaterial ypaylaşaraq hadisəni videogörüntülərlə ən incə detallarına qədər izah etdi. Özü də səmimi şəkildə bildirdi ki, onların özünün də təcrübəsi yoxdur və belə qanlı hadisələrlə təcrübə yığdıqları üçün təəssüflənirlər. Bu yerdə sadə bir sual doğur: xaricdən mütəxcəssis cəlb edib ekstremal vəziyyətlərdə necə davranmağı öyrənə bilməzdinizmi? Məhz sosial şəbəkələrdə də narazılqı doğuran bu nüansdır. Bir neçə peşəkar da öz qəti etirazını bildirdi. Çünki KİV-in qaydalarına görə, rəsmi xəbər verilərkən tərəf tutumaq və subliminal mesaj ötürmək qadağandır. İllah da həmin vaxtda ki, hüquq mühafizə orqanları məsləni araşdırır. Ümid edirəm, ortada bir günahkar varsa, tezliklə üzə çıxacaq. Şəxsən məni ən çox narahat edən dövlət televeziyasında gedən reportaj idi. Burada əlavə olaraq istirahət mərkəzinin bu cür hadisələrdən sığortlanadığı qeyd olundu, eyni zamnada, həlak olan gənclərin adrinalın üçün təhlükəli gəzintiyə könüllü imza ataraq razılaşdığı bildirildi. Az qala deyəcəkdilər ki, günah öləndədir.
Vilyam Havcıyevin mülkləri hərracda...
– Azərbaycanın icra strukturlarında çox qəribə insnalar var: biri şeir deyir, biri boks əlcəyi geyinib yumruq oynadır, biri at minib çapır. Eks icra başçısı, hazırda həbsdə yatan Vilyam Hacıyev də ədəbiyyat üçün çox maraqlı bir obrazdır. Bilmyənlər üçün deyək ki, o bir neçə il öncə korrupsiyaya görə xüsusi əməliyyat keçirilərək və videoçəkiliş aparılaraq həbs olunub. Ailəsi dahi Şekspir vurğunudur. Onun Azərbvaycan üçün ənənəvi olmayan adı da ordan gəlir. Qəribədir, həyat yooldaşının adı da Cülyettadır. Oğlu isə islam peyğəmbərinin adını daşıyır. İndi isə mətbuatda postmodern bir xəbər yayılıb: Vilyam müəllimin hərraca çıxarılan bahalı avtomobillərini öz oğlu Məhəmməd Hacıyev alıbmış! Əsl Azərbaycanvari bir gedişat! Oğulsan bu oyunlardan baş aç! İndi biz bu adların bizə heç bir simvolik məna ötürmədiyini necə sübut edə bilərik?
Təhsil nazirinin qorxunc statistikası...
– Qeyd etdiyim kimi, Azərbaycanda unikal insnalar çoxdur. Onlardan biri də bizim hörmətli təhsil naziri Emin Əmrullayevdir. O yenə çox maraqlı bir açıqlama ilə geniş müzakirələrə səbəb olub. PİSA-2025 – Şagirdləri Qiymətləndimə üzrə Beynəlxalq Proqramın keçirdiyi sorğuya görə, Azərbaycanda 15-16 yaş arası şagirdlərin üçündən ikisi oxuduğunu başa düşmür. Emin müəllim isə mətbata açıqlamasında bu fikri “Azərbaycanda üç nəfərdən biri” kimi ifadə edərək, əməlli-başlı çaşqınlıq yaradıb. Millət vəkili Ceyhun Məmmədov isə “o hansı staistikaya əsasən belə söyləyir” deyib soruşanda, vəziyyət daha da qarışıb. Adamların bir çoxu millət vəkilinin üstünə düşüblər ki, baxın, siz özünüz də oxuduğunuzu anlamırsınız, axı açıq-açığına söhbət “PİSA-2025”-in apardığı rəy sorğusundan gedir. Əslində isə Ceyhun müəllimin sualı məntiqlidir. Çünki sorğu bütün Azərbaycan əhalisinə yox, 15 yaşlı şagirdlərə aiddir. Ən aktual sual isə heç kimin yadına düşmür: Hörmətli Emin müəllim, əgər Azərbaycanda on beş yaşlı şagirdlərin üçdə-ikisi oxuduğunu anlamırsa, neçə ildir siz nə işlə məşğulsunuz?
Can verən Milli Kinomuz...
– Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı keçirildi. Nəticələr göz önündədir və hamı bunu əvvəlcədən bilirdi. Şəfiqə Məmmədovaya heç bir alternativ namizəd qəbul etmədilər. Bir qrup ittifaq üzvü məcbur qalıb xalq artisti Həmidə Ömərovanın namizədliyini sosial şəbəkələrdə irəli sürdü. Bilməyənlər üçün deyim ki, bir müddət öncə də bu qurumun qurultayı keçirilmiş, hər kəs Kino İttifaqının katibi Əli İsa Cabbarova səs vermişdi, lakin yetərsay olmadığı üçün Ədliyyə Nazirliyi qurultayın nəticələrini tanımamışdı. Şəfiqə Məmmədova öz dəstəsi ilə ittifaqa gələn kimi Əli İsa Cabbarovu həm katiblikdən, həm də ittifaqın üzvlüyündən kənarlaşdırdılar. Ümumilikdə, heç bir ciddi açıqlama vermədən və səbəb göstərmədən 87 nəfəri AKİ üzvülüyündən azad ediblər. İttifaqın saytı, “kinoyazar” saytı bağlanıb, sosial şəbəkələrdəki səhifələr ciddi nəzarətə götürülüb, orada fəaliyyət göstərən ingilis dili kursları, film nümayişləri, müxtəlif gildiya və yaradıcı qrupların fəaliyyəti dayandırılıb. Saat 6-dan sonra ittifaqın binasında qalmaq qadağan edilib. Bir sözlə, bu yaradıcı təşkilat dövlət idarələrindən də çox rəsmiləşib.
Vəziyyətlə bağlı tanınmış kinodramaturq Eldəniz Quliyevin mətbuata verdiyi açıqlama çox şey deyir. O bildirir ki, yaşlı kino adamları Şəfiqə Məmmədovanın şəxsində nüfuzlu bir adamı irəli verərək, onun sayəsində yaxşı vəzifələr tutmağa çalışırlar. Ən dəhşətlisi, alternativ düşüncəli insanlara da eyni məqsədlə Həmidə Ömərovanın ətrafında birləşməyə çalışırdılar. Ancaq alınmadı. Bizdə problem o deyil ki, kimsə və ya kimlərsə kino üzərindən kinoya dəxli olmayan işlər görür, problem odur ki, alternativ düşüncəli adamlar da eyni yolu təkrarlayır. Yəni, çıxış yolu heç nəzəri şəkildə də mümkün deyil. Biz heç bir halda film çəkmək barədə düşünmürük, ortada Kino İttifaqına ayrılan pul-para üstündə dava gedir.
Bizim kino çəkmək istəmədiyimizlə bağlı başqa bir faktla fikrimi sübut etməyə çalışacağam. Azərbaycan Kino Agentliyi film layihələri müsabiqəsinin nəticələrini, münsiflər heyətinin üzvlərini və layihələrin qəbul olunma şərtlərini açıqladı. Qaydaların dördüncü bəndində belə bir cümlə var: Milli-mənəvi dəyərlərin təbliği. Dünyanın heç bir yerində peşəkar kino üçün belə bir qayda qoymazlar. Milli-mənəvi dəyərlərin təbliği köməkçi bir fikir, onuncu dərəcəli məsələ ola bilər. Hətta çox zaman bunu gizlədirlər. Çünki kino beynəlxalq bir sənətdir və onun sırf peşəkarlığa əsaslanan çox vacib şərtləri var.
Bir-birimizi daha rahat anlamaq üçün gəlin belə bir eksperiment aparaq. Təsəvvür edək ki, Üzeyir Hacıbəyli “O olmasın bu olsun” filminin layihəsini bizim ARKA-ya təqdim etmək üçün gətirib. Əlli yaşlı bir tacir pul gücünə on beş yaşılı bir qızı almaq istəyir – milli-mənəvi dəyərlərimizə ziddir, qəbul edə bilmərik. Yaxud “Arşın mal alan” filmində əsilzadə bəy nəslinin nümayəndəsi öz həyətində mahnı oxuya-oxuya kiminsə xalasının – tanımadığı bir arvadın başına fırlanır. “Şərikli çörək” filmi. Namaz qılan qoca ac uşağı özü ilə bazara aparır, işlədir, bazarlığını evinə daşıdır, axırda da ac yola salır – milli-mənəvi dəyərlərə sığmır, rədd edilsin! “Tütək səsi” – kolxoz sədri öz dostunun, qızıl əsgərin arvadına göz dikir, “Ölsəm bağışla” – silahla basqın edib kiminsə pulunu zorla əlindən alır və başqa birinin həyat yoldaşını götürüb Rusiyaya qaçır, “Dəli kür” – adlı-sanlı bəy ərli arvadı qaçırdır və sair və ilaxır... Sizi əmin edirəm, bizim Kino Agentliyinin milli-mənəvi dəyələr ölçüsü ilə nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl filmlərinin zibilini çıxartmaq olar.
Biz bax bu cür sadə səbəblərdən film çəkə bilmirik, heç vaxt da çəkə bilməyəcəyik. Sizin qarşınızda söz verirəm, Kino Agentliyinin sonuncu layihəsində dünya standartlarına uyğun – dünya səviyyəsində demirəm haaa! – bir film ortaya qoysalar, buna ən azı cəhd etsələr, indi danışdığım efirə çıxıb münsiflər heyətindən də, adını çəkdiyim sənətkarların ruhundan da üzr istəyəcəyəm.