Ru
23:25 / 11 Sentyabr 2026

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Eye

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların və sosial obyektlərin yaradılması ətraf ərazilərdə daşınmaz əmlaka tələbi artıra bilər.

Bəs belə layihələrin həyata keçirildiyi ərazilərdən mənzil almaq gələcəkdə daha yüksək gəlir əldə etmək üçün nə dərəcədə əlverişlidir?

"Bakupost" xəbər verir ki, əmlak eksperti Anar Nəsirov Demokrat.az-a Bakı şəhərində şəhərin 2040-cı ilə qədər olan Baş planı əsasında istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan həyətlər, binalar və kvartallar sökülərək yerində müasir tələblərə cavab verən çoxmərtəbəli yaşayış binaları və yaşayış kompleksləri tikilməkdə davam etdiyini bildirib.


Onun sözlərinə görə, pilot layihə çərçivəsində həyata keçirilən bu layihələr zamanı həmin binalarda, həyətlərdə və komplekslərdə yaşayan vətəndaşlar, yəni əmlak sahibləri, həmin ərazini və ya kvartalı tikən tikinti şirkəti ilə razılaşma əsasında əmlaklarının yenilənməsi və ya yenidən tikilməsi prosesində iştirak edirlər:

“Bu söküntülər zamanı tikinti şirkəti əmlak sahibi ilə razılıq əldə edir. Razılaşma yerində tikiləcək binadan mənzil verilməsi və ya kompensasiya ödənilməsi ilə bağlı olur. Vətəndaş, yəni əmlak sahibi, istəsə söküləcək evinə görə kompensasiya tələb edə bilər, istəsə də yerində tikiləcək, müasir tələblərə cavab verən hündürmərtəbəli binadan əlavə kvadrat daxil olmaqla yeni mənzil tələb etmək hüququna malikdir.

Bu zaman tikinti şirkəti ilə əmlak sahibi arasında dörd mərhələdən ibarət razılaşma əldə edilməlidir. Birinci mərhələdə söküləcək əmlakın ümumi sahəsi ölçülür və tikinti şirkəti ilə əmlak sahibi arasında razılaşdırılır. İkinci mərhələdə isə yerində tikiləcək binadan əmlak sahibinə veriləcək mənzilin sahəsi, yəni əlavə kvadrat daxil olmaqla mənzilin ölçüsü tərəflər arasında razılaşdırılır.

Bundan sonra üçüncü mərhələyə keçilir. Bu mərhələdə mənzilin təmirli, yaxud padmayak şəkildə təhvil verilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilir. Burada da iki seçim var. Əmlak sahibi yerində tikilən mənzili təmirli şəkildə ala bilər. Əgər bunu istəmirsə, təmir üçün nəzərdə tutulan vəsaiti alaraq mənzili özü təmir etdirə bilər. Bu, üçüncü mərhələdir.

Dördüncü mərhələdə isə kirayə məsələsi həll olunur. Belə ki, bina söküldükdən sonra tikinti şirkəti ilə əmlak sahibi arasında əldə olunan razılaşmaya əsasən, əmlak sahibi yeni bina tikilib təhvil verilənədək kirayə mənzillə təmin edilir. Yeni bina tikilib əmlak sahibinə təhvil verildikdən sonra kirayə ödənişi dayandırılır. Beləliklə, yeni bina tikilib əmlak sahibinə təhvil verilənədək kirayə haqqını tikinti şirkəti öz üzərinə götürür və ödəyir”.

Ekspert əlavə edib ki, əmlak sahibinin kompensasiya, pul vəsaiti və ya yeni mənzil variantlarından birini seçməsi məsələsində yerində tikiləcək yeni binadan əlavə kvadratla mənzil əldə etmək daha üstün variant hesab edilə bilər:

“Çünki bina tikilib başa çatdıqdan sonra daha yüksək qiymətə təklif olunur. Əlavə kvadrat və təmir xərclərinin də nəzərə alınması bu variantı investisiya baxımından əlverişli edir.

Yəni bir sözlə, əgər müqayisə etsək ki, söküntü zamanı pul almaq, yoxsa yeni mənzil əldə etmək daha uğurlu və gəlirli hesab edilə bilər, mən konkret deyə bilərdim ki, yerində tikiləcək binadan mənzil götürüb sonradan satmaq əmlakı sökülən vətəndaş üçün daha əlverişli və qazanclı hesab edilə bilər. Çünki əlavə kvadrat daxil olmaqla yeni binadan mənzil əldə edib sonradan satılarsa, bu halda əmlakı sökülən vətəndaş daha çox gəlir əldə edə bilər.

Yəni belə deyim də sizə, amma əgər pul alarsa, bu zaman vətəndaş həmin vəsaitlə həmin ərazilərdə, eyni sahədə və ya öz mənzilinə oxşar mənzil tapmaqda çətinlik çəkə bilər. Bu nöqteyi-nəzərdən əmlak sahibi pul almaqdansa, yerində tikiləcək binadan əlavə kvadrat daxil olmaqla təmirli mənzil götürsə, yaxud təmir üçün nəzərdə tutulan vəsaiti alıb mənzili özü təmir etsə, bu, əmlakı sökülən vətəndaş üçün daha uğurlu və gəlirli hesab edilə bilər.

Hətta mənzil təmirsiz, yəni padmayak vəziyyətdə satılsa belə, bu variant daha sərfəli ola bilər”, - deyə Anar Nəsirov fikrini tamamlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar