23:52 / 13 Oktyabr 2021

""Tarqovı"da yaşayanlar icra orqanları ilə əlbir olub pul qoparmaq üçün bizi bezdirirlər" - Biznesmen

1844
Bakupost.az kiçik sahibkar, Bakının Nizami küçəsinin biznes hissəsində («Torqovı»da) obyekti olan, amma üzləşdiyi və dövlət qurumlarının yaratdığı çətinliklər səbəbindən müflis olaraq biznesini bağlamağa məcbur olan Nicat Kazımovun FED.az-a müsahibəsinin 2-ci hissəsini təqdim edir.

Kiçik və deyəsən, artıq keçmiş sahibkar Nicat Kazımov, Azərbaycanda biznes üçün yaradılan şəraitdən və turizm bumundan həvəslənib ailə biznesi qurmağa çalışan minlərlə sahibkardan biridir. 3 il əvvəl xaricdəki tanışlarının kofe biznesindəki uğurlarını görərək həyat yoldaşı ilə eyni sahədə ailə biznesin yaratmağı qəhvəxana açmağı qərara alıb.

Amma üzləşdiyi çətinliklər səbəbindən artıq müflis olmaq həddinə çatıb və cəmi iki ildən sonra biznesini bağlamağı qərara alıb.

Müsahibənin 1-ci hissəsini buradan oxumaq olar

- Nicat, indi pandemiya bir qədər səngiyib, necə deyərlər, əvvəlki kimi panika və ajiotaj yoxdur, işlərinizi qaydaya sala bilmədiniz?

- Doğrudan da indi postpandemiya dövrüdür , haradasa, ən azından ən optimist düşüncələrlə baxmağa çalışırdıq. Amma indi də nə baş verir?! Ümumiyyətlə, icra orqanları, dövlət qurumları elə bil, hamısı cəriməyə gəliblər. «Qardaş, nə məsələdir?», «Bəs biz bu gün büdcəyə pul verməliyik». Büdcəyə pulu yenə sahibkardan çıxarmalıdırlar. Ödəyirəm də vergini, gərək elə cərimə edəsən, mən də obyekti birdəfəlik bağlayım?

Bu yaxınlarda misal üçün, ekologiyadan gəldilər ki, bizdən şikayət var. Soruşuruq nə şikayət, deyirlər arxada, həyətdəki qonşu şikayət edir ki, obyekt çox səs salır, burada otura bilmirik, yaşaya bilmirik.

Yeri gəlmişkən, bəlkə də qəribə səslənər, amma Torqovıda sahibkarlar üçün ən böyük problem yaradan, onları boğaza yığan biri də yerli, «Torqovı»nın öz sakinləridir.

- Yəni burada yaşayan yerli sakinlər? Onlar nə edirlər ki?

- Hamısını deyə bilmərəm, amma əksəriyyəti icra orqanları ilə əlbir olub sahibkarlardan pul qoparmaq üçün bizi bezdirirlər.

Bir şey deyim: obyekt açılanda, hələ daşını təzə qoyuruq, təmirə hazırlaşırıq, qapısını qoyurdum, bəlkə də bir 10-15 qonşu şikayət edirdi JEK-lərə. JEK-dən də dərhal gəlirdilər. Deyirdim, bu nə şikayətdir, mən sizə heç nə eləməmişəm axı? Sonradan öyrənirəm ki, JEK gəlib qonşuları dilə tutur ki, bir dənə şikayət elə, bir pozuntu tapaq, əlqərəz, pul alarıq, sənin də pulun cibindədir. Vallah hamısının haqqına girə bilmərəm, amma bu ərazidə yaşayanların, qonşuların bəlkə 50 faizi yerli orqanlarla bir işləyirlər. Necə deyirlər ona?

- Mütəşəkkil cinayətkar dəstə?

- Bəli, elə bil mütəşəkkil cinayətkar dəstədirlər. Məndən o qədər şikayət ediblər ki. Özü də elə şeyləri şikayət edirlər, adam qalır belə. Məsələn, kondisioneri filan yerə qoydun, səsi bizi narahat eləyir, otura bilmirəm. Dedik yaxşı, kondisionerin yerini dəyişdik, başqa yerə keçirdik. Şikayət edir ki, məni yenə narahat eləyir yata bilmirəm.

- Siz kondisioneri gecələr söndürmürsünüz?

- Elə məsələ ondadır da. Əlbəttə söndürürük, saat 11-in yarısı mətbəx sönür, işıqlandırma da sönür, deməli artıq tamam, səs yoxdur. İndi saat 9-10-da kim yatır?! Amma bu şikayət edirdi.

Bunlardan soruşuram ki, məhəllədə hamının kondisioneri var, hamısı eyni səsi çıxarır, mən sahibkaramsa, o demək deyil ki, mənə olmaz. Hesab elə mən də qonşuyam, burada qalıram, mənim də bir kondisionerim var. Deyirlər, yox, sən sahibkarsan axı, sənin pulun var. Bunlara pul çatdırmaq olmur.

- Qonşular sizinlə bağlı başqa nədən şikayət edirlər?

- Şikayət olundu ki, kondisionerin istisi onları narahat edir, yəni səsindən başqa istisi də var. Sonra dedilər guya obyektdən iy gəlir, baxmayaraq ki, burada yemək bişirilmir. Yəni, ən azı bu üç səbəbdən şikayət ediblər, hamısı da əsassız.

Kondisionerin yerini dəyişsəm də xeyri yoxdur, baxmayaraq ki, hamının kondisioneri var, hamısı da həyətə baxır, bircə bizimki qonşuları narahat edir. Sonra ikinci kondisioneri qoydum, qonşulardan canımız qurtarması üçün üzü küçəyə qoydum. Onda da polis gəldi ki, icazə yoxdur, baxmayaraq ki, küçəyə baxan yüzlərlə kondisioner var.

- Pul verəndə qonşuların şikayətləri kəsilirdi?

- Bəli, pul verəndə söhbət bitirdi.

- Siz qonşulara pul ödəmisiniz?

- Heç kimə heç nə verməmişəm. Ona görə də axırda məni məhkəməyə verdilər. Amma bir şey də var - bir nəfərə pul verirsən, hamısı gəlir. Burada belə hallar çox olur. Bu yaxınlarda bir obyekt var, o da stol çıxartmaq istəyirdi qabağa, yuxarıda bir qonşu dedi ki, xəstəm var, ürəyi xəstədir, müalicə eləməyə icazə ver, səndən şikayət etməyim. Belə absurd şeylər baş verir.

Hamı elə bilir ki, sən bayıra stol çıxartdınsa, sən artıq milyonçusan, ona görə də «kömək», yəni pul tələb edirlər.

Əsas çətinlik yaradan qurumlardan biri – dediyim kimi, polislərdir.

- Polislər sizin biznesə nə problem yaradırlar?

- Dediyim kimi, hər şeyə müdaxilə edir, istənilən hərəkətə görə icazənin olmasını tələb edirlər. Açığı mən əmin deyiləm ki, belə icazə doğrudan da olmalıdırmı.

- Məsələn, nəyə müdaxilə edirlər və hansı icazəni tələb edirlər?

- Təkrar edim, obyektin təmiri ilə bağlı. Təmirə başlayan kimi gəldilər ki, təmiri dayandırın, qanunsuzdur filandır.

- Qanunsuz olan nə idi?

- Vallah, mən indiyə qədər anlamıram ki, bu işlərin polisə nə aidiyyatı var. Ancaq gəlib deyirdi ki, qanunsuzdur, nə qanunsuzdur, niyə qanunsuzdur bilinmirdi. Obyektin təmiri uzanan kimi, polis gəlirdi ki, işi dayandır, əks halda hədələyir ki, ustaları bölməyə aparacağıq. Hamını belə qorxudurlar.

- Obyektin təmiri uzananda dedikdə nəyi nəzətdə tutursuz?

- Məsələ belədir, bunlar yaxşı bilir ki, hər açılan obyektin hazırlıq üçün 1-2 ay vaxtı olur. Yəni obyektin sahibi, icarəçiyə vaxt verir ki, obyekti təmir etsin, həmin dövr üçün icarə haqqı almırlar. Həmin vaxtadək çatdırıb təmiri bitirib işə başlamalısan, çünki vaxt başa çatan kimi icarə pulunu ödəməyə başlayırsan, fərqi yoxdur obyekt işə düşüb, ya yox.

Ona görə də mümkün qədər təmir işini ləngidirlər ki, obyektin sahibi gəlib onlarla razılaşsın və işi vaxtında bitirsin. Vaxt başa çatan kimi, polis gəlir ki, işi dayandır, əks halda hədələyir ki, ustaları bölməyə aparacağıq.

- Ustaları bölməyə niyə aparırlar ki, bunun üçün bir səbəb vardı?

- Açığı, mən heç bilmirəm, polisin belə etməyə səlahiyyətləri var, yoxsa yox. Amma işçi heyətinə dərhal gəlirlər ki, gedirsiz bölməyə. Guya qanunsuz nə iləsə məşğuldurlar bunlar, adam öldürüblər. Halbuki, köhnə bir binanı abadlaşdırıram, burada nə ola bilər?

Hətta bir dəfə obyektin qapısını dəyişmək istəyirdik ona da polis gəldi ki, bəs olmaz, icazə yoxdur.

- Polis qapını dəyişmək üçün sizdən icazə tələb edirdi?

- Bəli. O biri obyektimizdə pandemiyaya görə müştəriləri içəri almaq qadağan edildiyinə görə, bayırda xidmət göstərilirdi. Bunun üçün obyektin qapısını dəyişdik. Şüşə qapı idi, biz onu dəyişib ağacdan qoyduq ki, qapının özündə pəncərə aça bilək. Diqqət edin, fasada heç bir zərər dəymir, fasaddan qabağa çıxmaq yoxdur, sadəcə qapı dəyişilir. Amma görün nə oldu, təmirə başlayan kimi polis gəldi ki, bəs ustaları aparıram içəri, icazəsiz təmir edirsiniz. JEK, icra hakimiyyəti gəldi, hardansa abadlıq da gəlib çıxdı ki, bəs siz nə etmisiniz, icazəsiz təmir edirsiniz və sair. Yalan olmasın bir qapıya görə 30 nəfər toplandı obyektə. Polis də bir tərəfdən gəldi ki, hamını aparırıq, həbs edirik. Soruşuruq ki, hansı icazə yoxdur, icarəçi ilə müqaviləmiz var və 2-3 il buranı biz işlədirik, biz də pəncərəmizi dəyişirik, harada yazılıb ki, bu olmaz? Nəsə, bu bəhanə ilə təmiri bir həftə ləngitdilər. Mən sahə müvəkkilinə dedim ki, onlara desin ki, qanunu bilirik, bu məsələnin polisə aidiyyatı yoxdur. Bunu deyib obyektin qarşısında dayandım və dedim kimin sözü var gəlsin, qanunla deyin, həll edək. Qanun adı gələn kimi hamı dağılışdı, qapını dəyişdik.

- Polislərlə bağlı başqa nə problem olurdu?

- Bizdə arxa qonşular kondisionerin səsi ilə bağlı tez-tez şikayət edirdilər. Mən də vəziyyətdən çıxmaq üçün ikinci kondisioneri üzü küçəyə tərəf quraşdırdım. Polis gəldi ki, icazə yoxdur. Soruşuram ki, niyə icazə yoxdur, harada yazılıb? Göstər mənə bu dəqiqə söküm onu. Küçəyə də baxırsınız, binaların üstü doludur kondisionerlə, hamının kondisioneri var.

- Hamıda varsa, sizə niyə icazə vermirlər?

- Mənzilsənsə, istəyirsən 100 ədəd kondisioner quraşdır, bir nəfər yaxınlaşmır, amma obyekt kondisioner qoysa, bunlar pul almalıdır, bunların pulu çatmalıdır, belə deyək. Soruşuram ki, niyə icazə yoxdur? Deyir, «bizə qabaqcadan xəbərdarlıq edilməyib, rəis də bilmir».

- Bu əraziyə hansı bölmə baxır?

- Səhv eləmirəmsə, 9-cu bölmə. Deyirəm rəis bunu niyə bilməlidir, ona nə aidiyatı var kondisionerin? Deyir bəs bizə söz gəlir, bəs rəis bizi danlayacaq. Deyirəm, qardaş, rəisə onda mənim nömrəmi ver, qoy məni danlasın, mənə sözünü desin. Deyirəm rəisin xəbəri yox idi, indi olsun, kondisioner vururam. Belə deyirəm gedirlər. Ümumiyyətlə obyektdə istənilən təmir işində gəlirlər, hətta obyektin daxilində də.

- Məsələn, hansı halda gəliblər?

- Bir dəfə gecə saat 2-3 idi, burada havalandırmanı dəyişirik, obyekt bağlıdır, saat 12-dən sonra xidmətə icazə yoxdur, baxmayaraq bəzi obyektlər xidmət göstərir yeri gəlmişkən. Mətbəxdə ustalar işləyirdi. 3-4 polis gəldi, bəs siz nə edirsiniz, bu vaxt işləməyə icazə yoxdur-filan. Soruşuram ki, niyə icazə yoxdur, harada yazılıb, siz bu sözü deyəndə nəyə, hansı sənədə istinad edirsiniz. Deyirlər, «İcazə yoxdur, biz sabah yaxınlaşacağıq». 90-cu illərin reket dövrü deyil ki, sən dedin, mən dedim, sonra sən adam gətirdin.

Səhərisi gün təzədən gəliblər, menecer mənə xəbər verdi, dedim onlara de ki, mən rəhbərliklə danışdım, qanunsuz heç nə eləməmişəm, başqa nəsə əlavələri var? Heç nə, onu deyib, bir az sonra polis çıxıb gedib. Atırlar da, qarmaqdır, deyirlər icazə yoxdur, baxırlar nə reaksiya verəcəksən.

- Bəs onlara ödəniş etmisiniz?

- Xeyr, mən etməmişəm, kim istəyir, pul verir, mən vermirəm. Yeri gəlmişkən, əksər obyektlər polisə aylıq da verirlər. Mən vermədim, əvvəlcədən də demişdim ki, pul verməyəcəm.

Bilirsiniz, mən burada bacardığım qədər şəffaf işləyirəm. Vergilərin diliylə desək, hər şeyi «ağartmışam». Yenə deyirəm, hamıda, istənilən yerdə, nə isə nöqsan tapmaq olar. Amma yenə bir sahibkar kimi hamısını eləyirəm, kassadır, aldıqlarımı rəsmi alıram, hamısını eləyirəm. Ona görə də rüşvət vermək fikrində deyiləm. Amma dövlət qurumları tərəfindən daima problemlərlə üzləşdim.

Mənə necə deyərlər, son zərbəni Ekologiya Nazirliyi vurdu...
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər