Hörmüz boğazı məsələsində güzəştə getmək istəməyən İran indi də boğazı “milliləşdirmək” istəyini ortaya qoyub.
Bakupost.az xəbər verir ki, belə bir açıqlama ilə İran parlamentinin rəyasət heyətinin sözçüsü Abbas Qudarzi çıxış edib.
Onun bu açıqlaması əslində 1951-ci ildə baş nazir Məhəmməd Musaddiqin təşəbbüsü ilə İranın neft sənayesinin milliləşdirməsi hadisəsini xatırladır.
Belə ki, həmin dövrdə Tehranın neft-qaz sektoruna dövlət nəzarəti tətbiq etməsi iki il sonra Musaddiq hökumətinin devrilməsilə nəticələndi.
Hörmüz boğazının “milliləşdirməsi” hazırkı İran rejimini də anoloji aqibətlə üz-üzə qoya bilər.
Siyasi şərhçi Abutalıb Səmədov
Bakupost.az-a bildirib ki, Hörmüz boğazı BMT Konvensiyasına görə, beynəlxalq boğaz hesab olunur:
“Digər süni boğazlardan fərqli olaraq oradan keçidə görə heç bir haqq ödənilmir. Panama və Süveyş kanalları süni kanallardır və oradan keçidə görə haqq tutulmasına icazə verilir. Ancaq Hörmüz boğazından haqq tutulması beynəlxalq hüquqa ziddir. Tehran da bunu anladığından bəyan edib ki, keçidə görə haqq tələb olunmayacaq. Sadəcə müəyyən xidmətlər göstərib, onun müqabilində haqq tələb edəcəklərini deyirlər. Boğazın milliləşdirilməsi bəyanatı da beynəlxalq hüquqa ziddir”.
Müsahibimiz qeyd edir ki, dünyanın heç bir dövləti İranın “bu təşəbbüsünü” qəbul etməyəcək:
“Hətta İrana dost olan dövlətlər də ona razılıq verməyəcək. Yəni İrana bu imkan və hüquq verilməyəcək. Çünki burada çoxsaylı dövlətlərin maliyyə marağı var. Tehran rejimi bu mövqeyindən nə qədər tez çəkilsə, bir o qədər onun üçün yaxşı olacaq”.
Ekspertin fikrincə, İran geri çəkilməsə, öz süqutunu tezləşdirəcək:
“Əks halda ABŞ-nin İrana zərbə endirmək üçün daha ciddi bəhanələri olacaq. Dünya ölkələrinin də mütləq əksəriyyəti Amerikaya dəstək verəcək. Nəticədə Hörmüz boğazından azad keçidi təmin etmək üçün ABŞ koalisiya yaratmaq istəsə, bu koalisiyaya qoşulmaq istəyən dövlətlərin sayı həddən artıq çox olacaq. Hətta İran bu düşüncəsindən imtina etməsə, bu rejimin süqutunu daha da sürətləndirəcək”.
Rüfət Sultan, BakuPost