“Çin Tacikistanla təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bunun əsas səbəblərindən biri Əfqanıstan ərazisindən hər iki ölkəyə olan təhlükədir. Pekin Əfqanıstanda hakimiyyətdə olan “Taliban” rejimi ilə əməkdaşlıq etsə də, taliblər ölkədəki müxtəlif silahlı qruplara nəzarət etmirlər. Həmin qruplar, Əfqanıstana qonşu olan ölkələrə təhlükə yaradılar. Bu səbəbdən Çin 2017-2018-ci illərdə Tacikistanın Əfqanıstanla sərhədində 12 müşahidə qurğusu tikib. Ümumilikdə Çinin Tacikistanda maliyyələşdirdiyi 15 hərbi və təhlükəsizlik qurğusunun inşa edildiyi sənədləşdirib. Çinə məxsus “Huawei” avadanlıqları Tacikistanın simsiz rabitə istifadəçilərinin təxminən 70 faizinə xidmət göstərir və paytaxtın “Təhlükəsiz şəhər” kamera şəbəkəsi 21 milyon dollarlıq Çin krediti ilə qurulub.
Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu açıqlamasında deyib.
Politoloq bildirib ki, Tacikistan parlamenti bu ilin martın 4-də ölkənin Əfqanıstanla sərhəd boyunca əlavə olaraq doqquz sərhəd qurğusunun tikintisi üçün Çin tərəfindən maliyyələşdirilən layihəni təsdiqləyib: “Layihənin ümumi dəyəri Pekin tərəfindən geri qaytarılmayan qrant kimi təxminən 61 milyon dollar civarında qiymətləndirilir. Bunun müqabilində Düşənbə layihəni vergilərdən, gömrük rüsumlarından və digər məcburi ödənişlərdən azad edəcək. Tikinti işləri müşahidə məntəqələri və qərargahlar da daxil olmaqla 17.109 kvadrat metrlik obyekti üç mərhələdə əhatə edəcək. Çin şirkətləri bu məqsədlə avadanlıq, giriş yolları, su təchizatı və elektrik bağlantısı təmin edəcəklər”.
Elxan Şahinoğlunun sözlərinə görə, Tacikistanın Çinlə birgə Əfqanıstanla sərhədi daha çox nəzarət altına alması bölgədə artan gənginliklə əlaqəlidir: “2025-ci ilin noyabr ayının sonlarında partlayıcı qurğu daşıyan pilotsuz təyyarə Xatlon vilayətində Çinin qızıl mədən şirkətinə məxsus əraziyə zərbə endirdi və nəticədə üç çinli işçi həlak oldu. Tacikistan hakimiyyəti hər iki hücumun Əfqanıstanın Bədəxşan əyalətindəki kəndlərdən qaynaqlandığını bildirdi. Məhz bu hadisədən 3 ay sonra Tacikistan Çinlə birgə Əfqanıstanla sərhəd məntəqələrinin sayının artırılması qərarına gəldilər.
Əfqanıstan ərazisindən edilən hücumdan sonra Tacikistanla Çini birləşdirəcək beynəlxalq avtomobil yolunun tikintisi dayandırılıb və Çinin Düşənbədəki səfirliyi sərhəd yaxınlığındakı işçilərə təxliyə əmri verib və Tacikistan hakimiyyətindən onların qorunmasını təmin etmək üçün "lazımi tədbirləri" görməsini tələb edib. Hücumları heç bir qrup öz üzərinə götürməyib, ancaq hərbi ekspertlər terrorun arxasında Xorasan əyaləti İslam Dövlətinin (İŞİD) olduğunu bildiriblər”.
Politoloq qeyd edir ki. Əfqanıstan ərazisindən edilən terror hücumları Pekinin ideya müəllifi olduğu və Mərkəzi Asiyadan keçən “Bir Kəmər, Bir Yol” layihəsinə və yatırımlarına təhdiddir: “Çin Tacikistanın ən böyük yatırımçı ölkəsidir. Tacikistanın Çinə borcu 800 milyon dolları aşıb. Bu Tacikistanın Çindən asılılığını artırıb. Buna baxmayaraq, Pekin Tacikistana pul xərcləməkdən imtina etmir. Tacikistanın Əfqanıstanla 1344 kilometrlik sərhədi və Çinin Sincan bölgəsinə yaxınlığı onu vacib təhlükəsizlik buferinə çevirib. Çin lideri Si Cinpin 2014-cü ildə xəbərdarlıq etmişdi ki, münaqişə zonalarından qayıdan uyğur döyüşçülər Əfqanıstanı birbaşa Sincanla birləşdirən dar Vaxan dəhlizi vasitəsilə Çinə hücumlar üçün Əfqanıstan ərazisindən istifadə edə bilərlər. Çinin Takicistan-Əfqanıstan sərhədini daha da möhkəmləndirməsinin səbəblərindən biri də budur”.
“Çin Tacikistanla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirərkən, Rusiya ilə rəqabət aparmaq istəmir. Tacikistan Rusiyanın təsis etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiyanın bu ölkədə hərbi bazası var. Tacikistan silah və hərbi texnikaya olan tələbatının təxminən 90 faizini Rusiyadan alıb. Çinin Tacikistanın sərhəd təhlükəsizliyini gücləndirməsi Rusiyanın da maraqlarına uyğundur. Çünki, Çin kimi Rusiya da Əfqanıstandakı müxtəlif silahlı qrupların bölgəyə yayılmasını istəmir”, – deyə Elxan Şahinoğlu bildirib.
Cavid, BakuPost