İş adamı Ramil Cahangirov ona qarşı edilən dələduzluq və saxtakarlıq əməlləri nəticəsində külli miqdarda zərərə düşdüyünü bildirir.
O,
“Bakupost”a müraciətində Nərimanov rayon sakini Əliyev Şahin Hüseyn oğlu tərəfindən əmlakının mənimsənildiyini və Qaradağ Rayon Prokurorluğunun məsələyə laqeyd yanaşdığını iddia edir.
Uzun illərdir “Sədərək” Ticarət Mərkəzində mətbəx avadanlıqlarının satışı ilə məşğul olduğunu deyən iş adamının sözlərinə görə, o, Şahin Əliyevdən yüksək faizlə borc götürüb və ödənişləri vaxtında, hətta vaxtından əvvəl edib. Lakin buna baxmayaraq, qarşı tərəf sonradan bütün pulun 1 gün ərzində qaytarılmasını tələb edib.
R.Cahangirov deyir ki, bu tələb yerinə yetirilmədikdən sonra Şahin Əliyev heç bir hüquqi əsas olmadan onun anbarına qıfıl vurdurub və oradakı malların özünə məxsus olduğunu bildirib.
Şikayətçinin sözlərinə görə, qarşı tərəf bununla kifayətlənməyərək onun qardaşı oğlu Samir Cahangirliyə məxsus anbardakı malları da faktiki olaraq mənimsəyib.
İş adamı bildirib ki, hadisə ilə bağlı təxminən iki ay əvvəl Qaradağ Rayon Prokurorluğuna müraciət etsə də, araşdırmanın gedişindən narazıdır:
“Şikayət ərizəsində bütün hadisələri detallı şəkildə yazmağıma və mənə qarşı bu əməlləri törədən şəxsin, Əliyev Şahin Hüseyn oğlunun haqqında, o cümlədən şahidlər haqqında lazımi məlumatları verməyinə baxmayaraq, iş demək olar ki, araşdırılmır və qarşı tərəfə ümumiyyətlə “gözün üstə qaşın var” deyən yoxdur. Ərizəm Qaradağ rayon prokurorunun müavini Elgiz Qənizadənin icraatındadır. Mən bir neçə dəfə Elgiz Qənizadənin qəbulunda olub şikayətimin araşdırılmasını xahiş və tələb etsəm də, prokurorluğun bu məsələdə istəkli olmadığını hiss edirdim. Ən son olaraq məni dəvət edən Elgiz Qənizadə müraciətimin icrasının “havalə edildiyini” və bununla bağlı nəsə yenilik olduqda məlumatlandırılacağımı dedi. Mən ondan iş üzrə şahidlərin niyə dindirilmədiyini, Şahin Əliyevin niyə məsuliyyətə cəlb edilmədiyini soruşduqda, Elgiz Qənizadə cavab verdi ki, biz nə lazımdır etmişik, bundan artıq edəcəyimiz bir şey yoxdur”.
R.Cahangirov araşdırmanın ləng aparılmasını müəyyən şəxslərin müdaxiləsi ilə əlaqələndirir:
“Belə çıxır ki, bəzi adamlara ədalətdən və həqiqətdən daha çox dost-yoldaşlıq, aralarındakı bəzi maddi ortaqlıqlar və digər nüanslar daha maraqlıdır”.
Şikayətçi sonda bildirib ki, lazım gələrsə, hüquqlarının bərpası üçün daha yuxarı instansiyalara müraciət edəcək.
Qeyd edək ki, Ramil Cahangirovun qardaşı, 44 günlük Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun zabiti, baş leytenant Habil Cahangirov müharibədən sonra müalicə aldığı Türkiyənin Ankara şəhərində yerləşən xəstəxanada vəfat edib. Onun ailəsinin dolanışığı isə hazırda R.Cahangirov tərəfindən təmin olunur.
Məsələ ilə bağlı qarşı tərəf Şahin Əliyevlə əlaqə saxladıq. O,
“Bakupost”a açıqlamasında iddiaları təkzib etdi:
“Hansı dövrdə yaşayırıq ki, kimsə kiminsə yerini, malını zəbt etsin? Biz onunla 2019-da iş qurmuşduq, şərik idik. Xaricdən mal gətirirdik. Sonra hesabatlara baxdım ki, o, külli miqdarda - 800 min manat pul götürüb.
Malları götürdüm, notarius kağızlarını özünə qaytardım ki, Ramilin mənə 700 min borcu yoxdur. Ondan sonra bu iddialar ortaya çıxdı. Anbardakı malları götürməsəm, borc kağızını qaytarmazdım. Onun anbarından götürüb öz anbarıma boşaltmışam. Onun bu yalanları yerdə qalmayacaq. Qardaşı oğlunun anbardakı mallarını mənimsəmək iddiaları da yalandır. Elə bu yalanlara görə onu polisə vermişəm”.
Lalə, BakuPost