Ru
16:25 / 19 Avqust 2026

Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı – Onları hansı cəza gözləyir? - VİDEO

Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı –  Onları hansı cəza gözləyir? - VİDEO
Eye

Müasir dövrdə texnologiyanın inkişafı özü ilə bir çox yeniliklər gətirsə də, bəzən onun mənfi tərəflərindən də qaçmaq olmur. Son vaxtlar bəzi şəxslərin ictimai yerlərdə canlı yayım açaraq ətrafdakı insanları onların razılığı olmadan görüntüyə alması və bu görüntüləri sosial şəbəkələrdə yayımlaması halları diqqət çəkir. Üstəlik, görüntüyə alınan şəxslər canlı yayımı izləyənlərin müzakirə obyektinə çevrilirlər.

Belə hallardan biri də Amburanda yaşanıb. Belə ki, bir şəxs “TikTok”da canlı yayım açaraq çimərlikdə istirahət edən qadınları görüntüyə alıb.

Bəs bu zaman qanun nə deyir? İctimai yerlərdə insanları görüntüyə almaq üçün mütləq razılıq tələb olunurmu? Belə hallara görə hansı hüquqi tədbirlər görülə bilər?

Mövzu ilə bağlı hüquqşünas Babək Umudov “Bakupost”a bildirib ki, ictimai yerlərdə şəxslərin razılığı olmadan videoya çəkilməsi və canlı yayımlanması Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Onun sözlərinə görə, ictimai məkanda çəkiliş aparmaq ümumi olaraq qadağan edilməsə də, şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması ilə bağlı ciddi hüquqi çərçivələr mövcuddur:

“Konstitusiyamıza əsasən heç kəsin xəbəri olmadan və ya etirazına baxmayaraq, onun izlənilməsinə, video və ya foto çəkilişinə aparılmasına, səs yazılmasına yol verilmir. İctimai yer olsa daxil, şəxsin kadrın əsas obyekti kimi görüntülənməsi onun şəxsi həyatın toxunulmazlığı hüququna daxildir.
Eləcə də fiziki şəxsin təsvirindən (fotosundan, videoyazısından) istifadə olunmasına yalnız onun razılığı ilə yol verilir”.

B.Umudov istisna halları da qeyd edib:

“Şəxs ictimai fəaliyyət göstərirsə, çəkiliş ictimai maraq kəsb edirsə, dövlət və ya ictimai təhlükəsizlik maraqları naminə aparılırsa və ya şəxs kütləvi tədbirin (konsert, mitinq, idman yarışı və s.) ümumi kadrına düşübsə, razılıq tələb olunmaya bilər. Lakin canlı yayım edən şəxs fokusunu xüsusi olaraq konkret bir fərdə və ya qrupa yönəldirsə (məsələn, çimərlikdə istirahət edən birinə), bu artıq qanun pozuntusudur”.

B.Umudov qeyd edib ki, razılığı olmadan görüntüləndiyini düşünən aşağıdakı addımları ata bilər:

“Yayımın dərhal dayandırılması, yayılmış kadrların silinməsi tələb edilə bilər.

Şəxsi həyata müdaxilə, şərəf və ləyaqətin, işgüzar nüfuzun zədələnməsi əsası ilə mənəvi və maddi zərərin əvəzinin ödənilməsi məhkəmə qaydasında tələb oluna bilər.⁠

⁠Fərdi məlumatların (o cümlədən şəxsin vizual təsvirinin) qanunsuz toplanması və ya işlənilməsinə görə inzibati cərimə nəzərdə tutulur. Zərərçəkən şəxs polis orqanlarına (DİN) müraciət edərək akt tərtib etdirə bilər”.

B.Umudov vurğulayıb ki, canlı yayım açan şəxs ətrafdakıları narahat edərək müqavimət göstərərsə və ya nalayiq davranışlar edərsə, bu hal xırda xuliqanlıq kimi tövsif edilə bilər:

“Əgər çəkiliş şəxsin özəl həyatının sirrini təşkil edən fərdi məlumatlarını qanunsuz toplamaq, satmaq və ya yaymaq məqsədi daşıyarsa (məsələn, çimərlikdə intim/özəl anları gizli çəkib yaymaq), bu artıq cinayət tərkibi yaradır və cərimə, islah işləri və ya azadlığın məhdudlaşdırılması, hətta xüsusi hallarda azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.

- Xüsusi rejimli məkanlar: Strateji obyekt olan binalar, hərbi sahələr, məhkəmə zalları, səsvermə məntəqələri və təhlükəsizlik zonalarında çəkiliş və canlı yayım qanunla qadağandır.

- Xüsusi mülkiyyət və istirahət mərkəzləri: Çimərliklər, otellər, restoranlar və ya özəl istirahət kompleksləri öz daxili qaydaları ilə (məsələn, girişdə xəbərdarlıq lövhəsi yerləşdirərək) öz ərazilərində canlı yayım və ya çəkiliş aparılmasına daxililəşdirilmiş məhdudiyyət/qadağa qoya bilərlər.

- ⁠Şəxsi məhrəmlik zonaları: İctimai yerlərin tərkibində olan, lakin şəxsi məhrəmlik gözlənilən zonalarda (geyinmə-soyunma otaqları, sanitar qovşaqlar, çimərliklərin geyinmə kabinələri) çəkiliş aparmaq tamamilə qadağandır və cinayət məsuliyyətinə səbəb ola bilər”.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar