ABŞ ilə İran iyunun 19-da 14 bəndlik razılaşmaya imza ata bilərlər.
Həmin bəndlərdə qeyd olunanlar belə deməyə əsas verir ki, burada daha çox güzəştə gedən tərəf ABŞ-dir. Amma dünya nəhəngi olan bir dövlətin İrana bu qədər güzəştə getməyi o qədər də inandırıcı görünmür.
Bu isə belə qənaətə gəlməyə əsas verir ki, Donald Tramp əslində indilikdə öz zəifləmiş reytinqi yenidən qaldırmaq, habelə payızda olacaq aralıq seçkilərdə partiyasının qələbəsinə nail olmaq üçün həmin güzəştlərə gedib.
Buradan belə görünür ki, aralıq seçkilərdə uğurlu nəticə əldə edə bilsə, İrana qarşı hərbi əməliyyatları yenidən bərpa edə bilər.
Deməli, müharibə ehtimalı heç də hələ tam aradan qalxmayıb?
Siyasi şərhçi Rəşad Bayramov
Bakupost.az-a bildirib ki, ABŞ və İran arasında mümkün razılaşmanın əldə olunması Yaxın Şərqdə gərginliyin azalması baxımından mühüm hadisədir.
Amma bu onun fikrincə, avtomatik olaraq uzunmüddətli qarşıdurmanın başa çatması anlamına da gəlmir:
“Çünki ABŞ-İran münasibətlərindəki problem yalnız konkret bir böhran və ya ayrı-ayrı məsələlərdən ibarət deyil. Bu, onilliklər ərzində formalaşmış strateji rəqabət üzərində qurulub”.
Həmsöhbətimiz deyir ki, ABŞ kimi qlobal güc dövlətləri diplomatiyada güzəştə getdikdə belə, bunu adətən daha böyük strateji məqsədlər naminə edirlər:
“Xüsusilə Donald Trump kimi sərt ritorikası ilə tanınan siyasi liderin hər hansı razılaşmaya getməsi onun bütün mövqelərindən geri çəkilməsi kimi qiymətləndirilməməlidir. Əksinə, belə addımlar bəzən qarşı tərəfi müəyyən çərçivəyə salmaq, zaman qazanmaq və daha əlverişli şərtlər yaratmaq məqsədi daşıya bilər”.
Ekspertin sözlərinə görə, ABŞ-nin İranla razılaşmaya yanaşmasında əsas məsələ Vaşinqtonun hansı nəticəni əldə etmək istəməsidir:
“Əgər məqsəd İranın nüvə fəaliyyətinə nəzarət etmək, regional gərginliyi azaltmaq və Yaxın Şərqdə daha geniş müharibənin qarşısını almaqdırsa, o zaman diplomatik anlaşma ABŞ üçün də müəyyən üstünlüklər yaradır. Yəni burada söhbət sadəcə güzəştdən deyil, maraqlar balansından gedir”.
Ekspert ABŞ-nin daxili siyasətinin də prosesə təsir edə biləcəyi qənaətindədir:
“ABŞ-da aralıq seçkilər və Konqresdə siyasi balans məsələsi prezident administrasiyasının xarici siyasət imkanlarına təsir göstərən amillərdəndir. Lakin seçkidə respublikaçıların uğur qazanması da avtomatik olaraq Trampın İranla bağlı yeni hərbi əməliyyata başlayacağı anlamına gəlmir. ABŞ prezidentinin belə bir qərarı yalnız daxili siyasi vəziyyətlə deyil, beynəlxalq şərait, müttəfiqlərin mövqeyi, hərbi risklər və iqtisadi nəticələr kimi çoxsaylı faktorlarla müəyyən olunur”.
R.Bayramov qeyd edir ki, mümkün razılaşma Vaşinqtonun gələcəkdə bütün təzyiq alətlərindən imtina etməsi anlamına da gəlmir:
“ABŞ istənilən vaxt sanksiyalar, diplomatik təzyiq və digər mexanizmlərdən istifadə imkanını saxlamağa çalışacaq. Xüsusilə də nəzərə alaq ki, bu anlaşma hələ yekun saziş deyil”.
Ekspert düşünür ki, hərbi əməliyyatların bitib-bitmədiyi daha çox nüvə proqramı ilə bağlı danışıqların nəticəsindən asılı olacaq:
“Qarşıda nüvə proqramı ilə bağlı uzunmüddətli çətin danışılqar var və yeni hərbi əməliyyatların olub-olmayacağı da həmin danışılqarın nəticəsindən asılı olacaq. İran tərəfi üçün də vəziyyət oxşardır. Tehran razılaşmadan iqtisadi və siyasi nəfəs almaq üçün istifadə etmək istəyəcək, lakin öz regional təsir imkanlarından və təhlükəsizlik siyasətindən tam imtina etməsi gözlənilmir. Bu səbəbdən razılaşma qarşıdurmanın kökündən aradan qalxmasından çox, onun idarə olunan mərhələyə keçməsi kimi qiymətləndirilə bilər. Ümumilikdə isə ABŞ və İran arasında uzunmüddətli etimad mühiti formalaşmayacaq. Gələcəkdə siyasi dəyişikliklər, regional hadisələr və tərəflərin öhdəliklərə münasibəti bu prosesin istiqamətini müəyyən edəcək. Odur ki, Trampın və ya ABŞ-nin gələcək administrasiyalarının yenidən sərt xəttə qayıtmaq ehtimalı tam istisna edilə bilməz, lakin belə qərarlar yalnız seçki nəticələrindən deyil, həmin dövrün geosiyasi reallıqlarından asılı olacaq”.
Rüfət Sultan, BakuPost