ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşməyə açıq olduğunu bildirib.
“Bakupost” xəbər verir ki, Tramp bu həftə BMT Baş Assambleyası çərçivəsində İran lideri ilə görüşə biləcəyini deyib.
İranda isə bəzi rəsmilər iddia edir ki, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən Pezeşkian burada həbs oluna bilər.
Belə bir açıqlama ilə İran parlamentinin deputatı Qasım Rəvanbəxşin çıxış edib.
“Biz Amerika ilə müharibədəyik, özü də bir neçə ay əvvəl qorxmadan bizim liderimizi qətlə yetirmiş və Venesuelanın Prezidentini (Nikolas Maduro) qaçırmış bir ölkə ilə. Pezeşkianın da Amerikada həbs edilməsi onun üçün heç bir problem yaratmaya bilər, amma bizim üçün bu, məğlubiyyət olardı”, - deputat bildirib.
Rəvanbəxş Pezeşkianla və Tramp arasında mümkün görüşə də diqqət çəkərək, sual edib ki, Əli Xameneinin və minlərlə iranlının qatili ilə görüşməyin nə faydası var?
“Tramp Pezeşkianla görüşə hazır olduğunu bəyan edib, amma ola bilər ki, bizim prezidentimizi ələ salsın və son anda görüşü ləğv edərək onu qəbul etməsin və ya bu görüş üçün şərtlər irəli sürsün. Bu halda İran rüsvay ola bilər”.
Trampın Pezeşkianla Nyu York görüşü nə dərəcədə mümkündür?
Sabiq xarici işlər naziri
Tofiq Zülfüqarov “Bakupost”a bildirib ki, Trampla Pezeşkian görüşü baş versə, onun müsbət hadisə olacağına ümid edir:
“Çünki istənilən addım bu iki dövləti müharibədən uzaqlaşdırırsa, bu müsbət addım hesab edilməlidir. Belə bir görüşün baş verib-verməyəcəyini demək isə çətindir. Pezeşkian İranda hakimiyyətin hərbi qanadını idarə edə bilmir. İran hakimiyyətinin hərbi qanadının atəşkəsi istədiyinə inanmıram”.
Trampa gəldikdə isə, müsahibimizin sözlərinə görə, o noyabr ayınadək müharibə şəraitini bu və ya digər bəhanələrlə dayandırmaq marağındadır:
“Onun Pezeşkianla görüşə hazır olduğu barədə bəyanatı da məhz bunu göstərir”.
İranlı deputatın görüşdə Trampın Pezeşkianı ələ salacağı, hətta sonda görüşün ləğv edəcəyilə bağlı fikirlərinə gəldikdə, T. Zülfüqarov görüş ətrafında müxtəlif hadisələrin baş verə biləcəyini də istisna etmədi:
“Trampın yürütdüyü siyasətində bəzən qeyri-adi addımlar atır və gözlənilməyən bəyanatlar verir. O baxımdan hesab edirəm ki, sözügedən görüş ətrafında müxtəlif hadisələr də baş verə bilər. Amma ola bilsin, Amerika gələcək danışıqlarda məhz Pezeşkianı tərəf kimi görməyə daha meylli olsun. Çünki belə bir görüş baş versə, İran Prezidentinin daxildəki siyasi elita arasında mövqeyi daha da güclənəcək. Nəticədə SEPAH daxil, hərbçilər öz inhisar mövqelərini itirəcəklər”.
Rüfət Sultan,
BakuPost