ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantların kütləvi deportasiyası siyasətini yenidən nəzərdən keçirmək niyyətindədir.
Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrdə bildirilib ki, Prezident D.Tramp kütləvi deportasiya proqramı ətrafındakı rezonansı azaltmağa çalışır və müşavirlərinə əsas seçki vədlərindən biri olan məsələyə yanaşmanı dəyişdirməyi tapşırıb.
Qeyd olunur ki, ABŞ-də görülən bəzi tədbirlər deportasiya anlayışını aşıb.
Qəzetin məlumatına görə, Trampın aparat rəhbəri Suzi Uayls ABŞ-nin miqrasiya siyasətinin "yenidən qurulması" təşəbbüsünü irəli sürüb. O hesab edir ki, D.Trampın prezidentliyi dövründə həll etməyi planlaşdırdığı əsas məsələlərdən biri əvvəlkindən daha mürəkkəb bir problemə çevrilib. ABŞ-nin miqrasiya və gömrük mühafizəsi siyasətində də dəyişiklik planlaşdırılır.
"ABŞ-nin miqrasiya və gömrük mühafizəsi siyasətindəki dəyişikliklər Ağ Evin baş sərhəd koordinatoru Tom Homan tərəfindən irəli sürülüb. Administrasiya daxilində miqrasiya məsələləri ilə bağlı uzun müddətdir ki, nisbətən balanslı mövqe tutan Homan zabitlərin cinayətkarların kütləvi həbslərinə diqqət yetirməsini üstün tutur", - deyə sözügedən qurumdan bildirilib.
Nəşr əlavə edib ki, ABŞ-nin Miqrasiya və Gömrük Mühafizəsi hazırda genişmiqyaslı əməliyyatlar keçirməyi planlaşdırmır.