Novruz süfrəsinin əsas simvolları sayılan milli şirniyyatlarımız paxlava, şəkərbura və qoğalın hazırlanması təkcə kulinariya prosesi deyil, həm də ailələri bir araya gətirən xüsusi mərasim kimi dəyərləndirilir. Lakin son illərdə bu ənənənin əvvəlki illərlə müqayisədə daha çox xərc tələb etdiyi və az bişirildiyi müşahidə olunur.
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bayram şirniyyatlarının daha az hazırlanmasını və satışın zəifləməsini qiymət artımı ilə əlaqələndirib:
“Yağ və digər ərzaq məhsullarının qiyməti artıb. Ötən il ərzaq inflyasiyası təxminən 7 faizə çatmışdı. Bu ilin əvvəlindən isə ərzaq inflyasiyası daha da sürətlənib. Təkcə bu deyil, digər xərclər də artıb. Məsələn, daşınma xərcləri yüksəlib, dizel yanacağının qiyməti 10 faiz artıb. Bütün bu amillər sonda məhsul və xidmətlərin qiymətinə təsir edir. Nəticə etibarilə bu il Novruz şirniyyatlarının bahalaşması gözlənilən idi və hazırda artım açıq şəkildə müşahidə olunur”.
İqtisadçı qeyd edib ki, satışla məşğul olan şəxslər həm də alıcıdır:
“Bu sahədə fəaliyyət göstərən sahibkarlar, şirniyyat satışı ilə məşğul olanlar həm də bir alıcıdırlar. Ümumilikdə qiymətlər artdıqca onların xərcləri də yüksəlir. Bura kommunal xərclər və digər ödənişlər də daxildir. Belə olan halda qazandıqları vəsaiti başqa sahələrdə xərcləməli olurlar. Məsələn, şirniyyat satan şəxs ət alırsa və ətin qiyməti artırsa, o da məcbur qalır ki, öz məhsulunun qiymətini yüksəltsin. Proseslər bir-biri ilə sıx bağlıdır”.