ABŞ Prezidenti Donald Tramp İranda müharibə fonunda artan qiymətlərə qarşı malların daşınma xərclərini azaltmaq məqsədilə Cons Qanununun tətbiqini 60 gün müddətinə dayandırıb.
Bakupost.az xəbər verir ki, bu barədə martın 18-də "Bloomberg" agentliyi məlumat yayıb.
Cons Qanununa əsasən, ABŞ limanları arasında daşınan yüklər yalnız Amerika istehsalı olan, milli bayraq altında üzən və heyəti ölkə vətəndaşlarından ibarət gəmilərlə daşınmalıdır.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, bu qərar ABŞ hərbçilərinin "Epik qəzəb" əməliyyatı çərçivəsində fəaliyyətini davam etdirdiyi vaxt neft bazarındakı qısamüddətli pozuntuları yumşaltmaq məqsədi daşıyır.
Qiymətləndirmələrə görə, bu addım Şərq sahillərində avtomobil sürücüləri üçün yanacaq qiymətini hər qallon üzrə təxminən 10 sent azalda bilər. Analitiklər qeyd edir ki, Cons qanunu Hyustondan Nyu-Yorka benzin daşınmasını iqtisadi cəhətdən sərfəli etmirdi.
Administrasiya artıq strateji ehtiyatlardan 172 milyon barel neftin buraxıldığını elan edib, Rusiya neftinin satışına tətbiq edilən bəzi sanksiyaları yumşaldıb və Hörmüz boğazında tankerlərin hərbi müşayiətini vəd edib.
Ağ Ev vurğulayıb ki, bu tədbir müvəqqəti xarakter daşıyır və ABŞ gəmiqayırma sənayesinə təsir etməyəcək.