“Türk Hava Yolları” yaxın vaxtlarda Ermənistana uçuşlara başlayacaq.
Bakupost/az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib.
“"Türk Hava Yolları”nın Ermənistan bazarına daxil olması artıq onilliklərdir ki, müzakirə olunur. Amma siyasi səbəblərə görə aviaşirkət həmişə Ermənistandan uzaqlaşıb. Xüsusi nümayəndələrin son iclasından sonra verilən bəyanatda hava sektorunda əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyindən danışılıb. İndi biz “Türk Hava Yolları”nın İrəvana qarşıdakı reysləri elan etdiyini görürük", - Xandanyan bildirib.
Dəqiq tarix hələ məlum deyil. Lisenziyalaşdırma da daxil olmaqla texniki və hüquqi məsələlər var. Lakin deputatın sözlərinə görə, bu, yaxın vaxtlarda baş verəcək.
Ətraflı
Xandanyan hesab edir ki, iki ölkə arasında münasibətlərin normallaşmasına heç bir maneə yoxdur. İrəvan Türkiyədən aktiv addımlar gözləyir.
Sentyabrın sonunda “Türk Hava Yolları” Ermənistan paytaxtına reyslər açmağı planlaşdırdığını açıqlayıb. Xatırladaq ki, Ermənistanla Türkiyənin 1991-ci ildən diplomatik əlaqələri yoxdur, dövlət sərhədi isə 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin mürəkkəbləşməsi Ankaranın Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsilə bağlıdır. 2021-ci ilin dekabrında İrəvan və Ankara Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üçün vaxtaşırı danışıqlar aparan xüsusi nümayəndələr təyin ediblər.
Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü 2022-ci ilin yanvarında Moskvada baş tutub. 2025-ci ilin sentyabrında xüsusi nümayəndə Serdar Kılıç Ermənistana gəlib. Münasibətlərin normallaşdırılmasının əsas məsələləri, o cümlədən 2022-ci il iyulun 1-də sərhəd keçidləri ilə bağlı əldə edilmiş razılaşmaların icrasının sürətləndirilməsi müzakirə edilib.