ABŞ-nin öz hərbi kontingentini Avropadan çıxarmaq niyyəti fonunda Türkiyənin NATO daxilində mövqeyi güclənə bilər.
Bu əsasda fikirlər səslənir ki, Ankarada keçiriləcək NATO sammiti ərəfəsi Türkiyə alyansdakı müttəfiqlərin bir yerdə saxlanmasını təmin edən, Avropada ABŞ-ni əvəzləyə bilən əsas oyunçuya çevrilir.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin çıxması fonunda Türkiyə özünü Avropada yaranan bu boşluğu doldurmaq üçün açar hesab edir.
Türkiyə NATO-da ABŞ-nin rolunu öz üzərinə götürə bilərmi?
Hərbi ekspert Üzeyir Cəfərov
Bakupost.az-a bildirib ki, artıq Ankara NATO-da önəmli fiqura çevrilib:
“Ankarada keçiriləcək NATO sammitindən əvvəl çoxsaylı bəyanatlar, qəlbə xoş gələn fikirlər səslənir. Bu fonda Amerika da Avropadakı hərbi qüvvələrini azaltmaqla bağlı bəyanatlar verir. Görünən odur ki, Ağ Ev bu istəyi reallaşdırmaq əzmindədir. Son zamanlar ABŞ ilə avropalı müttəfiqləri arasında olan gərginlik, Vaşinqtonun NATO-dan narazılığı geniş vüsət alıb və bu tendensiya günü-gündən daha da artır. Avropa da artıq ABŞ-nin öz qoşunlarını “köhmə dünya”dan çıxarmaqda israrlı olduğunu anlayır. Yarana biləcək bu boşluğun doldurilmasında Türkiyənin açar hesab edilməsinə gəldikdə, deyə bilərik ki, artıq Ankara önəmli fiqura çevrilib”.
Amma bununla belə müsahibimiz qardaş ölkənin NATO-da ABŞ-nin rolunu bütövlükdə öz üzərinə götürə biləcəyini düşünmür:
“Türkiyənin həm danışıqlar masası, həm də münaqişələrin həlli istiqamətində atdığı son addımlar göstərir ki, Ankara Avropada NATO üçün əsas oyunçuya çevrilir.
Düzdür, Türkiyənin NATO-da ABŞ-nin rolunu bütövlükdə öz üzərinə götürməsi real deyil. Çünki bu Türkiyə üçün çox ağır yük olar. Yalnız bu rolun müəyyən hissəsini öz üzərinə götürə bilər. Türkiyə hazırda özünə yaxın arealda müəyyən proseslərə cəlb olunub. Qardaş ölkənin Mərkəzi Asiya və Cənubi Qafqazda varlığı artıq möhkəmlənib. Türkiyə az danışıb çox iş görür, ABŞ isə əksinə çox danışıb, az iş görür”.
Ekspert hesab edir ki, Ankara sammitindən sonra NATO-nu ciddi transformasiya gözləyir: “Təşkilat daxilində bəzi məsələlərə yenidən baxılacaq. Bu səbəbdən təşkilat üçün Türkiyənin önəmi də artacaq”.
Rüfət Sultan,
BakuPost