“Türkiyə və İran arasında son zamanlar sosial şəbəkələrdə, müxtəlif KİV-də nəqliyyat vasitələrinin buraxılmaması ilə bağlı informasiyalar yayılır. Ümumiyyətlə, İran və Türkiyə arasında münasibətlərin gərginləşməsini istəyən qüvvələr var. Həmin qüvvələr müxtəlif şayiə və dezinformasiyalar yaymaqla məşğuldurlar. Ona görə də bu kimi məlumatları yalnız rəsmi mənbələrə istinad etmək lazımdır”.
Bunu
Bakupost.az -a
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Türkiyə və İran arasında olan münasibətləri şərh edərkən bildirib.
Politoloq bildirib ki, rəsmi Ankara və Tehran arasında görüş mütləqdir:
“İranın son zamanlar etdiyi çıxışlar Türkiyə ilə münasibətlərin Cənubi Qafqazda lazımı səviyyədə olmamasının göstəricisidir. Çünki İran XİN naziri faktiki olaraq Türkiyəni Cənubi Qafqazda yeni xəritə hazırlamaqda, Zəngəzur dəhlizini qurmaqda, İranın maraqlarını nəzərə almamaqda və bir sıra digər məqamlarda günahlandırır. Bütün bunlar yolverilməzdir. Görünən odur ki, Ankara və Tehran arasında mütləq görüş vacibdir. Onlar bir masa arxasında oturaraq müxtəlif məqamları müzakirə etməlidirlər. Bundan əvvəl Türkiyə və İran arasında Suriyanın şimalı ilə bağlı fikirlər üst-üstə düşmürdü. Yalnız Rusiyanın vasitəçiliyi ilə Türkiyə və İran bir-birinə qarşı təmkin nümayiş etdirdilər”.
Z. Məmmədov əlavə edib ki, Cənubi Qafqazda post müharibə dövründə yaranmış yeni situasiya İran tərəfindən qəzəblə qarşılanır:
“Onlar Türkiyəni Cənubi Qafqaza buraxmaq istəmirlər. Amma bir şeyi başa düşməlidirlər ki, Türkiyə artıq Cənubi Qafqazdadır. Türkiyə bir çoxlarından fərqli olaraq bölgəyə sabitlik, ədalət, beynəlxalq hüquq gətirib. Geosiyasi maraqların siyasi proseslərdə nə qədər önəmli olduğunu nəzərə alsaq, Türkiyə-İran arasında Cənubi Qafqazda, Mərkəzi Asiyada bir-birilərinin sərhəd hüdudları çərçivəsində siyasi toqquşma mütləqdir. Əsas odur ki, bu siyasi toqquşma hərbi sahədə özünü göstərməsin. Bunun üçün İran tərəfi rasionallıq nümayiş etdirməlidir. Başa düşməlidir ki, Türkiyənin fəaliyyəti İrana qarşı yönəlməyib. Türkiyənin Cənubi Qafqazda və Suriyada fəaliyyəti yalnız və yalnız sabitlik üçün yönəlib”.
Fəridə Söhrabqızı
Baku Post