Ru
20:57 / 10 Fevral 2020

Üç güləşçimiz erməniyə qalib gəldi - YENİLƏNİB

4053
Azərbaycanın üç güləşçisi Romada keçirilən Avropa çempionatının birinci günündə yarımfinala yüksəlib.

BakuPost xəbər verir ki, çempionatın birinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Komandamızın üzvü, mübarizəyə dörddəbir finaldan qoşulan Eldəniz Əzizli (55 kq) Ermənistan idmançısı Rudik Mkrtaçyanı böyük hesabla (7:1) məğlub edərək adını yarımfinala yazdırıb. İdmançımız yarımfinalda Bolqarıstanı təmsil edən erməni Edmond Armen Nazaryan ilə qarşılaşacaq.

Mübarizəyə təsnifat mərhələsindən başlayan Sənan Süleymanov (77 kq) Bolqarıstan bayrağı altında çıxış edən erməni Aik Mnatsakanyan (5:3), səkkizdəbir finalda italiyalı Matteo Maffezzoli (7:0) üzərində qələbə qazanıb. Dörddəbir finalda Yunanıstan güləşçisi Georgios Prevolarakisi 6:4 (tuşe) hesabı ilə üstələyən Azərbaycan pəhləvanının yarımfinaldakı rəqibi Ermənistan güləşçisi Karapet Çalyan olacaq.

Çempionatda 87 kiloqram çəki dərəcəsində mübarizəyə təsnifat mərhələsindən start verən idmançımız birinci qarşılaşmada Belarus idmançısı Kiril Maskeviçi məğlub edib - 3:2. Güləşçimiz səkkizdəbir finalda polşalı Arkadiuş Kuliniçi (3:1), dörddəbir finalda isə Bolqarıstan təmsilçisi Tarek Mohammed Abdelsalamı (4:3, tuşe) məğlubiyyətə uğradıb. Yarımfinalda pəhləvanımızın rəqibi Macarıstan idmançısı Viktor Lorints olacaq.

Avropa çempionatında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov səkkizdəbir finalda rusiyalı İbrahim Labazanova (0:8) uduzub. Sabah Şəriəti (130 kq) isə səkkizdəbir finalda Ermənistan idmançısı David Ovasapyana (3:0) qalib gəlsə də, yarımfinala vəsiqə uğrunda qarşılaşmada rumıniyalı Alin Aleksuk Kiurariuya məğlub olub – 2:3.

Yunan-Roma güləşçilərimiz çempionatda baş məşqçi Aleksandr Tarakanovun, böyük məşqçi Rövşən Bayramovun və məşqçi Akif Əliyevin rəhbərliyi ilə mübarizə aparırlar.

Qitə birinciliyinin proqramına əsasən, yunan-Roma güləşçilərinin mübarizəsi fevralın 12-dək davam edəcək. Fevralın 12-14-də qadın pəhləvanlar xalça üzərinə çıxacaqlar. Ayın 14-dən 16-dək isə sərbəst güləşçilər güclərini sınayacaqlar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər