Ru
08:47 / 05 Dekabr 2025

Üzünə dolğu etdirənlərə xəbərdarlıq: Toxuma itkisi və korluq yarana bilər

Üzünə dolğu etdirənlərə xəbərdarlıq: Toxuma itkisi və korluq yarana bilər
Eye

Elm adamları üz nahiyəsinə dolğu etdirən şəxsləri ciddi fəsadlar barədə xəbərdar edib. Mütəxəssislər bildirirlər ki, dolğu maddəsinin damarları tutması nəticəsində toxuma itkisi, hətta korluq kimi ağır nəticələr ortaya çıxa bilər.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, tədqiqat qrupu 2022-ci ilin may ayından 2025-ci ilin aprel ayına qədər Braziliya, Kolumbiya, Çili, Niderland və ABŞ-də yerləşən mərkəzlərdə uğursuz nəticələnmiş 100 dolğu prosedurunu araşdırıb.

Ultrasəs müayinələri göstərib ki, qırışların aradan qaldırılması və üzün müəyyən hissələrinin formalaşdırılması üçün edilən dermal dolğu proseduru zamanı üz damarlarında qan axını dayanır. Dr. Siqrist BBC-yə açıqlamasında bildirib ki, nadir olsa da, dolğu maddəsinin damara və ya ona çox yaxın nöqtəyə yeridilməsi toxuma ölümünə, dəri deformasiyasına və müalicə edilmədiyi halda daha ciddi nəticələrə səbəb ola bilər.

Mütəxəssis xüsusilə burun ətrafının ən riskli bölgə olduğunu vurğulayıb. Onun sözlərinə görə, burun damarları başın həyati vacib hissələri ilə əlaqəlidir və bu damarların zədələnməsi dəridə ziyan, korluq, hətta iflic kimi ağır fəsadlara yol aça bilər.

Siqrist klinikalara dolğu ediləcək nahiyəni əvvəlcədən müəyyənləşdirmək üçün ultrasəsdən istifadə etməyi tövsiyə edib. O, bildirib ki, fəsad yarandığı halda ultrasəs tıxanmanın məhz harada baş verdiyini müəyyənləşdirməyə kömək edir.

Bu araşdırmanın nəticələri bu həftə Şimali Amerika Radiologiya Assosiasiyasının illik konfransında təqdim olunacaq.

Britaniya Estetik Plastik Cərrahlar Assosiasiyasının (BAAPS) prezidenti Nora Nuqent də ultrasəsin tibbi proseslərdə böyük fayda verdiyini vurğulayaraq bildirib:

"Damarların yerləşməsinin xəritələnməsi müalicədən əvvəl çox dəyərli məlumatlar təmin edir."

Qeyd edək ki, Böyük Britaniya hökuməti avqust ayında kosmetik prosedurlara daha sərt tənzimləmələr tətbiq etməyə hazırlaşdığını açıqlamışdı. Yeni qaydalara əsasən, yüksək riskli prosedurlar yalnız ixtisaslı tibb mütəxəssisləri tərəfindən həyata keçirilməli, dolğu və botoks klinikalarının isə daha ciddi lisenziya tələblərinə cavab verməsi tələb olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar