Ru
15:11 / 30 Yanvar 2021

Səs yazısı yayıldı: Valideynlər məktəblərdən imtina edir - Yeni virus yayılır?

7738
Uşaqların məktəbə qayıtması önəmli bir addım olsa da bununla bağlı valideynlərin ağlında bir sıra suallar yaranıb. Belə ki, son günlər valideynlər arasında məktəblər açıldıqdan sonra uşaqların virusa yoluxmasına dair səs yazısı yayılıb. Səs yazısında deyilir ki, artıq xəstəxanalarda uşaq reanimasiyaları yaradılır, çarpayıların sayı artırılır. Bu dəfə uşaqlar arasında virusun yeni növünün yayılma ehtimalının olduğu deyilir. Hətta bəzi valideynlər bu məlumatlardan sonra ərizə yazaraq övladlarını məktəbə göndərməkdən imtina ediblər.

Bəs bu məlumatlar düzgündür? Uşaqlar üçün hansısa təhlükə varmı?

TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Səhiyyə Nazirliyi isə xəstəxanaların onların tabeliyində olmadığını dedi.

Uşaqlarçün hər hansı təhlükənin olub-olmaması ilə bağlı “BakuPost”a danışan pediatr Günay Rəsulova qeyd etdi ki, kollektiv məkanlarda istər kovid, istərsə də digər yoluxucu infeksiyaların uşaqlar arasında yayılma təhlükəsi hər zaman var:



“Amma yenə də qarşısı alınmalıdır. Valideynlər uşaqları məktəbə getməzdən əvvəl qapalı ortamlarda tibbi maskadan düzgün istifadə qaydalarını mütləq başa salmalıdırlar. Sosial məsafə qaydalarını uşaqlara öyrətməli, hətta məşq etdirməlidirlər. Əlyuma, gigiyena qaydalarını bilməli, hər uşağın çantasında mütləq əl antiseptiki mütləq yer almalıdır. Belə ki, uşaq əlini tez-tez yuyub, dezinfeksiya etməlidir. Bundan başqa sinif otaqları tez-tez havalandırılmalıdır. Buna müəllimlər xüsusən diqqət etməlidir. Belə olan halda havada asılı vəziyyətdə olan virusların insanlar arasında yayılmasının qarşısı alınar. Ümumiyyətlə,uşaqların immunitetinin güclü olması istər kovid, istərsə də digər virusdan qorunması üçün başlıca şərtdir. Valideynlər mütləq uşaqların vaxtı-vaxtında yatmasına, düzgün həyat rejiminin qurulmasına fikir verməlidir. Çünki yuxu uşaq orqanizminin immunitetinin yüksək olmasının başlıca şərtidir. Təəssüflər olsun ki, uşaqlar son zamanlar gec saatlara qədər oyaq qalırlar. Bu onların beyin, yaddaş funksiyalarının, immun sisteminin aşağı düşməsinə səbəb olur, təhlükəli infeksiyaların qapısını açır. Bundan başqa uşağın normal qidalanmasına fikir verilməlidir. Səhər saatlarında mütləq yemək yeyilib, məktəbə göndərilməlidir. Çünki ac olan uşağın immuniteti də aşağı olacaq. Günorta saatlarında uşaqların çantalarında qidalanma çantası yer almalıdır. Uşaqlar zərərli, asan mənimsənilən, şəkərli qidalardan uzaq durmalıdır. Bunlar immuniteti aşağ salan başlıca qidalardır. Ona görə də sağlam qidalanma başlıca şərtdir”.

Pediatrın sözlərinə görə, uşaqların peyvəndləri yerli-yerində olmalıdır: “Normal profilaktik peyvəndlər adətən 6 yaşda tamamlanır. Əgər olunmayıblarsa, mütləq peyvəndlərini tamamlamalıdır. Hətta yaxşı olardı ki, uşaqlara qrip əleyhinə vaksin vurulsun. Bilirik ki, korona vaksini uşaqlar üçün nəzərdə tutulmayıb, amma qrip vaksini uşağı virusun müəyyən ştamlarından qoruyacaq. Ona görə də uşaqlar qrip əleyhinə vaksini vaxtı-vaxtında almalıdırlar. Bundan başqa, uşaqların təmiz havada olması da çox önəmlidir. Karantinlə bağlı günün çox hissəini qapalı məkanlarda keçirən uşaqlar təəssüflər olsun ki, oksigen ala bilmirlər. Ona görə də açıq havada vaxt keçirməsinə, otaqların havalandırılmasına nəzarət etmək mütləqdir”.


Aygün Nəbiyeva
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər