Ru
08:56 / 05 Fevral 2026

“Vəhşi təbiətin super qəhrəmanları” Bakıda - FOTOLAR

“Vəhşi təbiətin super qəhrəmanları” Bakıda - FOTOLAR
Eye

Fevralın 4-də Heydər Əliyev Mərkəzində təsirli ictimai sənət nümunələri yaradan məşhur sənətkarlar - britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin (Gillie&Marc Schattner) “Vəhşi təbiətin super qəhrəmanları” (The Superheroes of Wildlife) adlı sərgisinin açılışı olub.


Bakupost.az xəbər verir ki, açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bakı layihəsi müəlliflərin bu günədək təqdim etdikləri ən böyük sərgidir. Vəhşi təbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və Mark yaradıcılıqları ilə incəsənəti təbiətin mühafizəsi üçün mühüm bir platformaya çeviriblər. Sərgi vəhşi təbiətin qarşılaşdığı problemləri bir daha gündəliyə gətirməklə yanaşı, tamaşaçıya cəsarət və ümid dolu baxış bucağı təqdim edir.

Heykəltaraş Cili Şatner bildirib ki, sərgidə əsas missiya sənət vasitəsilə vəhşi təbiətin qorunması və sevgi mesajlarını yaymaqdır. "Məqsədimiz dünyanın müxtəlif ölkələrinə səyahətlərimiz zamanı əldə etdiyimiz təcrübələr əsasında tamaşaçıları nəsli kəsilmək təhlükəsi altında olan heyvanları qorumağa təşviq etməkdir. Biz heyvanları öyrənir, müşahidə edir, çəkir və təsvir edirik. Sərgidə nümayiş olunan bütün heykəllər real həyatda gördüyümüz heyvanlara əsaslanır", - deyə Cili Şatner vurğulayıb.

Heykəltaraş Mark Şatner isə Bakıda və ümumilikdə Azərbaycanda təbiətin qorunmasına xüsusi əhəmiyyət verildiyini deyib: "Söhbətlərimiz zamanı Bakının və bütövlükdə Azərbaycanın vəhşi təbiətin mühafizəsi, eləcə də ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi dəyərli təşəbbüslər barədə ətraflı məlumat aldıq. Məhz bu amil bizi ölkəyə cəlb edən əsas səbəblərdən biridir. Çünki burada təbiətlə dərin və səmimi bir bağlılıq mövcuddur”, – deyə o qeyd edib.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəzdə Cili və Mark Şatnerin 100-ə yaxın əsəri sərgilənir. Onun sözlərinə görə, heykəltaraşların əsərləri dünyanın bir çox ölkəsində nümayiş etdirilib. Anar Ələkbərov vurğulayıb ki, layihənin unikallığı məhz heykəltaraşların təbiətin qorunması istiqamətində gördükləri mühüm işlərdə öz əksini tapır və onların bu sahədə böyük rolu var. O bildirib ki, “Vəhşi təbiətin super qəhrəmanları" sərgisi bir ildən artıq müddət ərzində fəaliyyət göstərəcək. Anar Ələkbərov, həmçinin layihənin Heydər Əliyev Mərkəzində keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya layihənin reallaşmasına göstərdiyi böyük dəstəyə görə dərin minnətdarlığını ifadə edib.

“Vəhşi təbiətin super qəhrəmanları”nda nəsli kəsilməkdə olan canlıların gələcək taleyi mövzusu aktuallaşdırılır. Ekspozisiya təbiəti qorumaq missiyasını üzərinə götürən, bir-birindən fərqli, lakin ayrılmaz iki qəhrəman - “Dovşan xanım” ("Rabbit woman") və “İt adam"ın ("Dog man") macəralarını əks etdirir. Bu iki qəhrəman özlərində “fərqliyik, amma bir-birimizlə harmoniya yaradaraq yaşayıb, təbiətin qayğısına qala bilərik” ideyasını canlandırır. Sərgidəki rəngkarlıq əsərləri, kiçik və iri ölçülü heykəllər bizi təbiətin mühafizəsində ortaq məsuliyyətimiz haqqında düşünməyə səsləyir. Bununla da incəsənət vasitəsilə dünyaya vacib çağırış edilir: vəhşi təbiəti sevgi ilə əhatə etmək, onun qorunub-saxlanılması üçün mübarizə aparmaq.

Bakı sərgisi təkcə canlı aləmin mühafizəsi haqqında deyil, həm də şəfqət, cəsarət və birlik haqqında hekayədir.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar