Ru
12:12 / 20 Oktyabr 2021

“Xalq Hərəkatına Kommunist Partiyası dəstək verirdi” - Deputatdan qalmaqallı açıqlama - VİDEO

3638
Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliuyev İTV-də müstəqilliyin bərpası gününə həsr olunmuş verilişdə müzakirələrə səbəb ola biləcək fikirlər səsləndirib.

Bakupost.az -ın məlumatına görə, millət vəkili bildirib ki, xalq hərəkatının başlamasına Kommunist Partiyası dəstək olub:

“İlk dəfə insanlar meydana Sovet Azərbaycanının bayraqları ilə çıxmışdılar. Leninin, Qorbaçovun plakatları ilə çıxmışdılar.

Bunun əsas səbəbi ondan ibarət idi ki, bizdə o dövrdə Kommunist Partiyasının rəhbərliyi açıq bir mövqe ortaya qoya bilməsə də, dolayısı ilə hərəkat dəstəklənirdi.

Onda Kommunist Partiyasının rəhbərliyinin bu Tələbə Hərəkatının alovlanmasında, insanların meydana çıxmasında rolu olub.
Bizdə xalq hərəkatı müstəqillik mübarizəsi kimi başlamayıb. Bizdə torpaqlarımızı, Qarabağı qorumaq üçün başlayıb. Sonradan o milli azadlıq xarakteri alıb. Onda da mən açıq söyləyirəm ki, hətta ilk dəfə fevral ayında biz o küçəyə çıxanda, məsələn mən yataqxanada qalmırdım, səhər gəldim yataqxanaya, Azərbaycan komsomolundan gəlmişdilər dedilər görmürsüz Qarabağ gedir, nə oturmusuz?

Biz çıxdıq gəldik, gördük ki, artıq Politexnik, İnşaat universitetinin tələbələri çıxdı. Halbuki onlarla birgə küçəyə çıxmaqla bağlı bir iş aparılmamışdı. Bu da onu göstərirdi ki, rəhbərlikdən də bu məsələdə bir xeyir-dua var idi”.

Q.Həsənquliyev deyib ki, hakim partiya təkcə tələbələrlə deyil, bütün müəssisələrlə bu şəkildə işləyib, hərəkatın alovlanmasına çalışıblar:

“Sonrakı dövrlərdə özüm bir çox iri müəssisələrin partiya təşkilat katibləri ilə söhbətlərim olub. Hansı ki, həmin müəssisələrdə 4,5,7 min insan işləyirdi. Onların hamısı deyirdi ki, bizə Mərkəzi Komitədən göstəriş verilmişdi ki, özünüz durun bir az arxa planda, amma şərait yaradın insanlar çıxsınlar meydanlara. Ona görə də həmin o bayraqlar, həmin o Leninin, Qarbaçovun plakatları insanların əllərində var idi. Amma sonradan o ədalətsizliyi xalq görəndən sonra, məsələnin mahiyyətini başa düşəndən sonra, görəndən sonra ki, bizə ikili vətəndaş kimi baxırlar, ondan sonra bəli, insanlar artıq başladılar mərkəzin əleyhinə çıxış etməyə. Azərbaycanın müstəqilliyi məsələsi gəldi gündəmə.

Qeyd etmək istəyirəm ki, həmin ərəfədə indi bir çox hallarda deyirik ki, o dövrdə Kommunist Partiyasının rəhbərliyi çox qorxaq mövqe ortaya qoymuşdu, hərəkatın önündə deyildilər. Amma həm də dəstək verirdilər o prosesə. Bunu da istəyirəm xüsusi vurğuluyaq.
Bəzən siyasi konyunktura naminə bizdə indi o dövrlə bağlı heç kim bunu açıq formada demir, istəmirlər ki, o dövrdəki o insanların da hansısa bir xidmətinin olduğu qeyd olunsun”.

Millət vəkilinin bu fikirlərinə verilişdə qonaq qismində iştirak edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı və Milli Azadlıq hərəkatının liderlərindən biri olan Etibar Məmmədov etiraz ediblər. Onlar bildirib ki, sonradan xalqın ütünə qoşun yeridən də, xalq hərəkatını boğan da, 20 Yanvar faciəsini törədən də həmin Kommunist Partiyasının rəhbərliyi olub.

Qüdrət Həsənquliyev isə israrla öz mövqeyini müdafiə edib:

“Xalq hərəkatı torbaqların işğalına qarşı başlamışdı. Sonradan vəziyyət dəyişdi. Onlar heç gözləmirdilər ki, bu cür xarakter alacaq, proseslər onların nəzarətindən çıxacaq. Amma ilkin dövrlərdə orada bizim Kommunist Partiyasının Azərbaycanın siyasi rəhbərliyinin xidmətləri var idi.

Millət vəkili vurğulayıb ki, o vaxt nə Çənlibelin varlığını, nə digərini xalq o səviyyədə tanımırdı ki, onun çağırışı ilə milyonlarla insan küçəyə çıxsın:

"Açıq deyirəm ki, axşam komsomoldan gəlmişdilər, demişdilər ki, çıxın Qarabağ əldən gedir. Amma küçəyə çıxan tələbələr bu demək deyildi ki, bunlar komsomolun və yaxud Mərkəzi Komitənin adamları idi. Qətiyyən.

Kommunist Partiyasının içərisində nə qədər vətənpərvər var idi.

Onu qeyd etmək istəyirəm ki, bəzən müttəfiq respublikalarda SSRİ-nin dağılmasındakı xalq hərəkatının rolu ilə bağlı çox da obyektiv olmayan məlumatlar verilir”.


Daha ətraflı videomaterialda:



E.Mirzəyev
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər