Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 319 milyon 39,4 min kVt/saat elektrik enerjisi ixrac edilib.
"Bakupost" xəbər verir ki, rəsmi məlumatlara görə, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 16 milyon 628,7 min dollar olub.
Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,2 sent (8,9 qəpik) təşkil edib.
Bu, daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur. Ölkə daxilində əhaliyə satılan elektrik enerjisinin qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,1 qəpik təşkil edir.
Niyə elektrik enerjisi xaricə daxilə nisbətən daha ucuz satılır?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Rəşad Həsənov
“Bakupost”a bildirib ki, bu imkanlar Azərbaycanda mövcud olduğundan, əhaliyə elektrik enerjisinin daha əlçatan qiymətlərlə təqdim olunması daha doğru yanaşma olardı:
“Amma təcrübə onu göstərir ki, Azərbaycanda bu istiqamətdə siyasət daha çox fiskal gəlirlər kontekstində nəzərdən keçirilir və müvafiq sahələrə daha az vəsaitin ayrılması fonunda daha yüksək qiymətlər təqdim olunur. Azərbaycanda hətta neftin qiyməti aşağı düşəndə də yanacağın qiyməti yuxarı səviyyədə olaraq qalır. Yəni Azərbaycan bazarına münasibətdə elektrik enerjisinin qiyməti elastik deyil. Prosesi Tarif Şurası tənzimləyir. İstehlak da məcburidir. Buna görə də orada bazar faktorlarının təsiri yoxdur”.
Ekspert deyir ki, xaricə ixracla bağlı isə vəziyyət fərqlidir:
“Burada qiymətlərin düşməsi ixrac qiymətinə də anoloji formada təsir göstərir. Bu kimi münasibətlərdə habelə nəzərə alınan siyasi maraqlar da rol oynayır. Uzunmüddətli müqavilələr də buna öz təsirini göstərən amillərdəndir”.
Müsahibimizin sözlərinə görə, daxildə baha olmasına rəvac verən başqa bir həlledici məqam isə Azərbaycanda elektrik enerjisinin pərakəndə satışının təşkili ilə bağlı infrastrukturun yaratdığı maliyyə yüküdür:
“Bu da elektrik enerjisinin istehlakı zamanı nəzərə alınır və bu və ya digər şəkildə qiymətlərə daxil edilir”.
İSİM sədri qeyd edir ki, xaricə ixracda isə daha çox topdansatış qiymətləri nəzərdə tutulur və pərakəndə satışın təşkili, infrastrukturun saxlanılması, təmiri, bərpası idxalçı ölkənin öz üzərinə düşür:
“Hazırda ölkəmizdə prosesin qismən subsidiyalaşması daha doğru yanaşma olardı. Eyni zamanda, bu enerji resurslarından əldə olunan gəlirlərin əhali arasında bölüşdürülməsinin bir mexanizmi kimi nəzərdə tutula bilər”.
Rüfət Sultan,
BakuPost