Ru
09:37 / 03 Dekabr 2025

Əli Kərimlinin həbsinə sıfır reaksiya... - "Yüz minlərlə tərəfdar" mifi...

Əli Kərimlinin həbsinə sıfır reaksiya... - "Yüz minlərlə tərəfdar" mifi...
Eye

Əli Kərimlinin işi ilə bağlı ilkin istintaqın nəticələri göstərir ki, həqiqətən də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə AXCP sədri arasında əlaqələr olub. Bunu təkcə aşkar olunmuş faktlar deyil, həm də Əli Kərimlinin yaxın ətrafı, AXCP fəallarının etirafları təsdiq edir. Məlumata görə, onların bəziləri AXCP sədrinin üzünə belə əlaqələrin mövcudluğunu bildiriblər.

Bakupost.az "Qafqazinfo" ya istinadən xəbər verir ki, artıq hər şey ortaya çıxır və bütün gizlinlər faş olur.

Məsələnin maraqlı tərəfi həm də odur ki, Əli Kərimlinin həbsi AXCP-nin illərdir yaratdığı “yüzminlərlə tərəfdarımız var”, “ana müxalifət bizik” mifinin sabun köpüyündən başqa bir şey olmadığını aydın nümayiş etdirir. Nə Əli Kərimlinin arxasınca gələn nəinki “yüzminlərlə”, heç 10 nəfər belə tərəfdarı yoxdur, nə də onun həbsi Azərbaycan cəmiyyətinə maraqlıdır. Sıradan bir müğənninin mədəniyyət məsələləri ilə bağlı verdiyi açıqlamalar Əli Kərimlinin həbsindən daha çox müzakirə edilməsi də bunu açıq şəkildə göstərdi.

AXCP illərdir ölkənin ictimai-siyasi həyatında geniş və güclü təsir imkanlarına malik yeganə partiya obrazı formalaşdırır və bu uydurma əsaslı təbliğatı dayanmadan ictimai rəyə sırımağa çalışır. AXCP-ni “ana müxalifət”, Əli Kərimlini isə Prezident İlham Əliyevə rəqib kimi göstərməyə çalışırdılar. Bu iddiaların reallıqda əsası olmadığını keçirdikləri mitinq və piketlərə azsaylı tərəfdarlarının iştirakı təsdiq etsə də, Əli Kərimlinin Gebbelsvari təbliğat maşını uydurması cəmiyyəti bedzirməkdən əl çəkmir, sosial şəbəkələrdə “layk” sayını “seçici elektoratı” kimi qələmə verirdi. Hərçənd, sosial şəbəkələrdə Əli Kərimlinin “trol ordusu”nun işləmə mexanizmləri də çoxdan ifşa edilib: AXCP sədrinin özü, müavinləri və müşavirləri olmaqla təxminən 20 nəfərdən ibarət cəbhəçinin hər biri yüzlərlə saxta profil açaraq, “layk bumu” yaradır, həmçinin partiyada Əli Kərimliyə qarşı çıxanlar da daxil olmaqla, hədəf seçdikləri şəxsləri linçləməklə məşğul olurlar.

Məlum oldu ki, AXCP sədrinin iddia etdiyi “yüzminlərlə tərəfdarı” virtual aləmdə yaratdıqları saxta profillərdən başqa bir şey deyilmiş. Əks halda, həbsdən sonra onu müdafiə edənlər yalnız Azərbaycandan qaçıb xaricə sığınan xəyanət zəncirinin azsaylı həlqələri olmazdı. Əli Kərimlinin ölkədə meyxanaçılar və müğənnilər qədər də dəstəkləyəni yoxdur, hətta illərdir virtual aləmə köçürdüyü siyasi fəaliyyətdən “bloger” statusuna yüksəlsə də, sıravi bloqerlər qədər belə hörmət əldə edə bilməyib. Məlum oldu ki, cəmiyyət üçün nə Əli Kərimli adlı bir siyasətçi, nə də onun həbs olunması maraqlı deyil. Bunun fonunda onun özünü Prezident İlham Əliyevin rəqibi adlandırmasının şizofreniyadan başqa adı yoxdur. Reallıq göstərdi ki, Prezident İlham Əliyevin ölkədə nəinki rəqibi yoxdur, ümumiyyətlə belə bir şəxs heç doğulmayıb. İlham Əliyev Qarabağı azad edən, Azərbaycanın 250 illik məğlubiyyət tarixini qələbəyə çevirən dahi şəxsiyyətdir və tarixdə hər zaman belə də qalacaq. Əli Kərimlinin liderlik iddiaları isə sabun köpüyündən başqa bir şey deyil və həbsinə olan sıfır reaksiya bu köpüyü də, AXCP-nin illərdir yaratdığı mifləri də alt-üst etdi.

Əli Kərimlinin həbsinə cəmiyyətin sıfır reaksiyası səbəbsiz deyil və məsələ təkcə onun ictimai dəstəyinin olmaması, eləcə də mövcud hakimiyyətin alternativsizliyi ilə məhdudlaşmır, məsələ həm də bu şəxsin siyasi ambisiyaları naminə nəinki yol yoldaşlarını, hətta Vətəni belə satmağa hazır olmasıdır. Onun 1990-cı illərdən başlanan siyasi karyerasında yeganə “keyfiyyəti” xəyanət olub.
Hələ Əbülfəz Elçibəy sağ olanda AXCP-ni ələ keçirmək məqsədilə ona xəyanət edərək hakimiyyətlə, konkret olaraq Ramiz Mehdiyevlə gizli təmaslar yaratmışdı. Elçibəyin vəfatından sonra arzusuna çatan Əli Kərimlinin partiya sədri kimi önü açıldı və bu dəfə xəyanət traektoriyasını genişləndirərək, Azərbaycana qarşı xarici qüvvələrlə işbirliyinə getdi. 2003-cü ildə “milli demokrat” donuna bürünərək Qərbdəki anti-Azərbaycan dairələrin xaos planlarında yer aldı. 2005-ci ildə eyni məqsədlə “narıncı libasa” büründü. 2008-ci ildə Qərbdə xidmət etdiyi dairələrin onun hakimiyyətə gəlişini təmin etməyəcəyini anlayanda tədricən üzünü Şimala doğru tutmağa başladı. 2013-cü il prezident seçkiləri ərəfəsində Əli Kərimli artıq Rusiyada Azərbaycana qarşı planlar quranlarla eyni çatının altında girmişdi, hətta hakimiyyətə gəlmək naminə “12-ci qırmızı ordu”nun yolunu gözləyirdi. Rusiya rəhbərliyinə şanlı məktublarının təsirsiz qalması onu siyasi reveranslara və bu yolla qiymətini artırmağa sövq etdi. Dünənə qədər “milli demokrat” olan, daha sonra “12-ci qırmızı ordu”nu ölkəyə dəvət edən Əli Kərimli bu dəfə başına “əmmamə” qoyaraq, qonşu ölkədəki dini-klerikal dairələrin qulluğuna girməsi də bu reallıqdan irəli gəlirdi. Onun siyasi ambisiyaları naminə budaqdan budağa qonması, “sahib”lərini dəyişməsi elə qəfil baş verib ki, heç Kafkanın “Çevrilməsi” belə bu qədər sürətli olmamışdı.

Sürətlə “qın dəyişən” Əli Kərimli 2015-ci ildə ölkədə konstitusiya quruluşunu dəyişdirmək və şəriət rejimi qurmaq istəyənlərlə birləşərək, Azərbaycana qarşı xəyanətlər seriyasını davam etdirdi. 2018-ci ildə isə o, Gəncə iğtişaşlarına açıq dəstək verməklə erməni xüsusi xidmət orqanlarının da yer aldığı məkrli planın iştirakçıları arasında idi. Gəncə terrorunun icraçısı olan Yunis Səfərovun Ermənistan xüsusi xidmət orqanları ilə açıq əməkdaşlıq edən, aprel döyüşlərində erməni hərbçilərin formasını geyinərək, Azərbaycanı söyən Zabil Məhərrəmovla (Madoj) əlaqəsi bu kontekstdə mühüm detaldır. Madojun Yunis Səfərovu “əsərimin qəhrəmanı” adlandırdığı etirafı açıq mənbələrdə mövcuddur. Əli Kərimli üçün isə onu hakimiyyətə gətirəcək qüvvənin heç bir fərqi yoxdur, istər Qərbəki anti-Azərbaycan qüvvələr olsun, istər “12-ci qırmızı ordu”, istər şəriətçilər, istərsə erməni xüsusi xidmət orqanları.
Belə bir şəxsin həbsinə xalqın sıfır reaksiyası, cəmiyyətin Əli Kərimlidən çox müğənnilərin açıqlamalarını müzakirə etməsi heç də təsadüfi deyil. Çünki bağışlanması mümkün olmayan yeganə cinayət vətənə xəyanətdir.

Əli Kərimlinin bu gün qanun qarşısına çıxmasının səbəbi də siyasi ehtiraslarının vətənə xəyanət edəcək qədər əsirinə çevrilməsi oldu. Zaman hər şeyi öz yerinə qoyur, o, xəyanətlər seriyasını sonsuza qədər davam etdirə bilməzdi.

Ötən müddətdə Əli Kərimli Azərbaycana qarşı xəyanətdə gah Qərblə, gah Şimal, gah da Cənubla əlbir oldu, zaman-zaman “sahiblərini” dəyişdirdi, lakin dəyişməyən yeganə şey onun Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlaqələri olub. Hər iki şəxsin əsas hədəfi Azərbaycanda xarici qüvvələrin maraqlarını qorumaq və bundan şəxsi mənfəətləri üçün istifadə etmək idi - Mehdiyev hakimiyyət daxilində, Kərimli müxalifətdə eyni missiyaya xidmət edirdi.

Əli Kərimlinin hələ 1990-cı illərdə AXCP-ni Elçibəyin əlindən almaq istəyəndə Ramiz Mehdiyevin dəstəyindən yararlandığı haqda məlumatlar var. O, AXCP sədri olandan sonra bu təmaslar daha da dərinləşib və 2000-ci illərdən etibarən Əli Kərimli birbaşa Mehdiyevin təlimatları əsasında fəaliyyət göstərib. Məlumatlara görə, Ramiz Mehdiyevlə Əli Kərimli arasındakı gizli əlaqəni Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov yaradıb. Bir müddət öncə ölkə mediasında belə bir görüşün “Gənclik” metrosunun yaxınlığındakı restoranların birində baş tutması barədə bununla bağlı məlumat getmişdi.

2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda çevriliş planını da birlikdə həyata keçirmək istəyiblər. Həmin vaxt Azərbaycana qarşı qurulan xəyanət planında üç əsas fiqur xüsusi seçilirdi: Ramiz Mehdiyev, Əli Kərimli və Abbas Abbasov.

Seçkidən öncə - 2012-ci ildə Moskvada Abbas Abbasov “Milyarderlər İttifaqı” kimi tanınan “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nı yaratdı və azərbaycanlı biznesmenləri prosesə cəlb etdi. Vəzifədə olarkən dövlətin bütün imtiyazlarından yararlanan Abbasov postundan hörmətlə yola salınsa da, bu onu çörəyini yediyi Azərbaycana xəyanət etməkdən çəkindirmədi. Rusiyaya köçən Abbasov dərhal öz Vətəninə qarşı olan proseslərin aktiv iştirakçısına çevrildi və Rusiyada xidmət etdiyi dairələrin təlimatı ilə “Milyarderlər ittifaqı”nın əsas hərəkətverici fiqurlarından bir4i kimi çıxış etdi. Öz dövlətinə və xalqına xəyanətin bariz nümunələrindən olan Abbas Abbasov Azərbaycana qarşı qurulan planları Rusiyadan idarə edir, ölkə daxilində isə bu prosesi məhz Əli Kərimli həyata keçirirdi. 2013-cü ilin 28 mayında Milli Şuranın yaradılması da buna hesablanmışdı. Ramiz Mehdiyev isə “kölgə fiqur” kimi pərdəarxası prosesləri həyata keçirirdi. Cəmil Həsənlinin “vahid namizəd” edilməsi bunu təsdiq edən detallardandır.

“Milyarderlər ittifaqı”nın təlimatı ilə kinematoqraf Rüstəm İbrahimbəyov Milli Şuranın “vahid namizədi” seçilsə də, Rusiya vətəndaşlığı ortaya çıxandan sonra onun namizədliyi ləğv olundu. “Vahid namizəd” kimi Cəmil Həsənli seçildi. Əslində Cəmil Həsənlinin “vahid namizəd” seçilməsinin Ramiz Mehdiyevin təlimatı ilə baş tutduğu haqda məlumatlar var. AXCP sədrinin keçmiş müşaviri Sahib Kərimli bildirir ki, İbrahimbəyovun “vahid namizəd”liyinin ləğv edilməsini Ramiz Mehdiyev həyata keçirib. Çünki Mehdiyev Rusiya elitası ilə onun nəzarətindən kənar əlaqəsi olan şəxsləri qəbul etmirdi. İbrahimbəyovun əvəzində Cəmil Həsənlinin “vahid namizəd” olması da təsadüfi deyildi. Ramiz Mehdiyevin hesabına deputat olan Cəmil Həsənli ona hər zaman “minnətdar” olub və Mehdiyev üçün belə bir şəxsin “vahid namizədliyi” hakimiyyətdəki gücünün saxlanılmasına dəstək qədər əhəmiyyətli məsələyd . Ramiz Mehdiyevin hesabına deputat olan Gültəkin Hacıbəylinin Milli Şuraya qoşulması da əslində birincin təlimatı ilə baş tutmuşdu və məqsəd çevriliş planı ilə müxalifətdən hakimiyyətə gəlmək idi.

2013-cü il çevriliş planları iflasa uğradı, lakin Milli Şuranın Rusiyadan maliyyələşməsi sonrakı illərdə də davam edib. 2019-cu ildə həbs edilən Rusiya vətəndaşı Saleh Rüstəmli istintaqa ifadəsində Əli Kərimliyə mütəmadi şəkildə 15-30 min dollar arası pul göndərildiyini etiraf edib.

2013-cü ildən sonra Əli Kərimli yeni “sahiblər” axtarışına çıxmaqla yanaşı, Ramiz Mehdiyevlə işbirliyini davam etdirirdi, bu dəfə fərqli missiya ilə. Yeni mərhələdə işbirliyinin əsas məqsədi ölkənin siyasi gündəmini idarə etmək, hakimiyyət və müxalifəti nəzarətdə saxlamaq idi. Ramiz Mehdiyev Əli Kərimlinin “müxalifətin əsas lideri”, AXCP-nin isə “ana müxalifət” obrazını yaradır, özünü isə “hakimiyyəti qorumaq naminə mübarizə aparan” fiqur kimi göstərməklə mövqelərini qoruyurdu. Bu oyun 2019-cu ilə - Ramiz Mehdiyevin PA rəhbəri postundan uzaqlaşdırılmasına qədər davam etdi. 2019-cu il oktyabrın 19-da Milli Şuranın paytaxtın mərkəzində mitinq keçirmək cəhdi Mehdiyev-Kərimli ittifaqının son çırpınışları idi. Bu cəhdən üç gün sonra – 22 oktyabrda Ramiz Mehdiyev vəzifəsindən çıxarıldı.

AXCP sədri 2020-ci il Vətən müharibəsində və sonrasında Azərbaycana qarşı olan planlarda iştirakı ilə də yadda qalıb. Onun ordumuzun qələbəsini şübhə altına alması, Qarabağda separatçıları müdafiə edən erməni diasporu/lobbisi ilə eyni leksikondan çıxış etməsi bu prosesin tərkib hissəsidir. Lakin Vətənə xəyanət heç vaxt uğur qazana bilməz, Əli Kərimlinin heç bir nəticə əldə edə bilməməsi bunun real nümunəsidir.

Ramiz Mehdiyevin Azərbaycanda çevriliş planı ilə bağlı Rusiyaya göndərdiyi məktubun ələ keçirilməsi xəyanət şəbəkəsinin missiyasını davam etdirdiyini ortaya çıxardı. Məktubdan məlum olur ki, çevriliş planı baş tutacağı təqdirdə, 50 nəfərdən ibarət “Dövlət Şurası” yaradılacaqmış və bu qurumda AXCP sədri Əli Kərimli ilə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də yer alacaqmış. Hüquq-mühafizə orqanılarının Əli Kərimlinin evində apardığı axtarışda Mehdiyevin məktubunun tapılması bütün daşları yerinə qoyur. Görünür, 2013-cü ildə iflasa uğrayan planı yenidən həyata keçirmək məqsədilə gizli fəaliyyət həyata keçirilib. Bu dəfə də xəyanət ifşa olundu.

Baş verənlər bir daha göstərdi ki, Azərbaycan dövləti kifayət qədər güclüdür və heç bir qüvvə onun əsaslarını sarsıda bilməz. Ramiz Mehdiyev kimi ömrü boyu “at belində” olacağını düşünən xəyanətkarlar layiqli cəzalarını alırlar. Halbuki, özündən müştəbeh “boz kardinal” toxunulmaz olduğunu düşünürdü. Azərbaycan və Rusiya münasibətləri gərginləşəndə Moskvaya zəng edərək, “hansı xidməti göstərə biləcəyini” soruşacaq qədər xəyanətkar olan bu şəxs hesab edirdi ki, illərdir xidmət etdiyi qüvvələr onu qoruyacaq.
Ramiz Mehdiyevlə yanaşı, Azərbaycanla Rusiya arasında yaşanan gərginlikdən istifadə edən, Azərbaycan diasporunu ayağa qaldırmağa çalışan Abbas Abbasova da bir gün eyni aqibəti yaşayacaq. Rusiyadakı diasporumuz bu təxribata uymamaqla Abbasova yerini göstərdi, hərçənd, bütün xəyanətkarların sonu qanun qarşısıdır və bir gün bu da baş verəcək, Ramiz Mehdiyev və Əli Kərimlinin üzləşdiyi kimi.

Baş verənlər bir zərurəti də aktuallaşdırır: milli xəyanət yolunu tutmuş siyasi qüvvələrin fəaliyyəti qadağan edilməlidir. Əli Kərimlinin Vətənə xəyanəti onun sədrlik etdiyi AXCP-nin də fəaliyyətinin qadağan olunması zərurətini yaradır. Bu partiya illərdir xarici qüvvələrin Azərbaycana qarşı planlarında yer alıb, müxtəlif dairələrdən gələn direktivləri icra edib. Belə bir partiyanın fəaliyyəti Azərbaycanın gələcəyini təhlükə altına atır, çünki hakimiyyətə gələ biləcəkləri təqdirdə dövləti də, xalqı da fəlakətə sürükləyəcəklər. Məhz bu təhlükə AXCP-nin siyasi səhnədən silinməsini vacib tələbə çevirib.

Lakin qadağa təkcə AXCP-yə şamil olunmamlıdır. Əli Kərimlinin xəyanəti üzə çıxan kimi ölkədən qaçmağa çalışan Cəmil Həsənli də, Türkiyəyə sığınaraq, Ramiz Mehdiyevlə əlaqələrini gizlədə biləcəyini düşünən Gültəkin Hacıbəyli də və digərləri də cavab verməli, xəyanət şəbəkəsində yer alanların hər biri məsuliyyətə cəlb olunmalıdır.

Vətənə xəyanət cəzasız qalarsa, dövlətin gələcəyi təhlükə altına düşər!
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar