Türkiyədə yayımlanan bir televiziya proqramında səsləndirilən iddialarla bağlı müğənni Doğuşun açdığı məhkəmə işi onun lehinə yekunlaşıb. Söhbət iki il əvvəl “Show TV” ekranlarında yayımlanan və Didem Arslan Yılmazın aparıcılıq etdiyi verilişdə sənətçinin şəxsi həyatına yönəlmiş əsassız və təhqiramiz fikirlərdən gedir.
Bakupost.az xəbər verir ki, Doğuşun vəkili Feyza Altunun verdiyi açıqlamaya görə, məhkəmə iddianı haqlı sayıb və mənəvi təzminatın ödənilməsinə qərar verilib. Hüquqşünas bildirib ki, sənətçi bu vəsaiti şəxsi məqsədlər üçün deyil, xeyriyyəçilik istiqamətində istifadə etməyi seçib.
Belə ki, məhkəmənin müəyyən etdiyi təzminat məbləği “Xərçəngsiz Həyat Dərnəyi”nə bağışlanacaq. Feyza Altun bu addımın həm haqsızlığa cavab, həm də sosial məsuliyyət nümunəsi olduğunu qeyd edib.
Qeyd edək ki, mübahisəyə səbəb olan verilişdə Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə ayrıldığı iddia edilmişdi. Daha sonra aparıcı bu məlumatın yanlış olduğunu etiraf edərək üzr istəmiş və yayılan xəbərin həqiqətə uyğun olmadığını açıqlamışdı.