Milli Məclisin iyunun 10-da keçirilən iclasında Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycanda torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi baza formalaşdırılması nəzərdən tutulur.
Bu dəyişiklik kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanmasının qarşısını almaq, torpaq resurslarından tam istifadə etmək məqsədi daşıyır.
Sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır. Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir.
Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi, eləcə də ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi kimi müəyyən edir.
Layihə torpaq parçalanmasının yeni formada davam etməsinin qarşısını almaq məqsədilə kənd təsərrüfatı torpaqlarının alqı-satqı və digər özgəninkiləşdirmə yolu ilə bölünməsinə yalnız nəticədə yaranan hər bir sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda yol verir. Bu məhdudiyyət kiçik, qeyri-səmərəli sahələrin yenidən yaranmasının qarşısını alır.
Bundan başqa, torpaqların könüllü konsolidasiyasını stimullaşdırmaq məqsədilə Mülki Məcəlləyə yeni 648-1-ci maddə əlavə edilir: kənd təsərrüfatı torpaq sahəsi satışa çıxarıldıqda həmin sahə ilə bilavasitə ümumi sərhədə malik torpaq sahəsi mülkiyyətçiləri həmin sahəni eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik olurlar.
Miras yolu ilə torpaq parçalanmasının qarşısını almaq üçün isə Məcəllənin 1 282-ci maddəsinə dəyişiklik edilir: vərəsəlik zamanı kənd təsərrüfatı torpağının bölünməsinə yalnız hər bir hissənin 5 hektardan az olmaması şərti ilə yol verilir. Bölgü mümkün olmadıqda torpaq təsərrüfatla birlikdə satıla, vərəsələr isə paylarını pul şəklində ala bilərlər.
Kənd təsərüfatı mütəxəssisi Vahid Məhərrəmov
Bakupost.az-a bildirib ki, bu dəyişikliklər iri təsərrüfat sahibləri, oliqarxların müdafiəsinə hesablanıb:
“20 min hektarda kollektiv təsərrüfat yaratmaq istəyirlər. Bu nəyə lazımdır? İri fermer təsərrüfatları yaratdılar, amma nə taxıl, nə də digər məhsulların istehsalında artım olmadı”.
Ekspertin sözlərinə görə, bu kimi addımlarla kiçik təsərrüfat sahiblərini sıradan çıxarmağa çalışırlar:
“Bir müddət əvvəl bunun üçün Konstitusiya dəyişikliyi də nəzərdə tutmuşdu. Lakin sonradan ciddi narazılığın olduğunu görüb, onu həyata keçirmədilər. İndi isə qanunlarda bu formada dəyişiklik edib, çalışacaqlar ki, kiçik pay torpağına sahib olanların da torpaqlarını əllərindən alsınlar. Bunu da guya kiçik torpaqların səmərəli olmaması ilə əsaslandırırlar”.
Rüfət Sultan,
BakuPost