Rəsmi statistik göstəricilərə görə, ölkədə açılan yeni iş yerlərinin əksəriyyəti Bakı və Abşeron iqtisadi zonasında cəmləşib. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 79,5 min yeni iş yeri açılıb. Onların 77,3 faizi, yəni təxminən 61,5 mini Bakının payına düşüb. İkinci yerdə 6,6 faizlik göstərici ilə Abşeron rayonu qərarlaşıb. Bu statistikadan göründüyü kimi, ölkə üzrə yaradılan yeni iş yerlərinin təxminən 84 faizi Bakı və Abşeronun payına düşür. Paytaxt və Abşeron ərazisindən kənarda isə cəmi 18 minə yaxın yeni iş yeri yaradılıb.
Yaşanan bu mənzərə regionların iqtisadi inkişafı, buradakı fəallıq, sahibkarlıq və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərin, həyata keçirilən proqramların uğurlu olması ilə bağlı müəyyən suallar doğurur.
Mövcud mənzərə regionların sosial-iqtisadi inkişafı istiqamətində ciddi irəliləyişlərin olmadığına işarə sayıla bilərmi?
İqtisadçı ekspert Eyyub Kərimli
“Bakupost”a bildirib ki, 2026-cı ilin ilk 9 ayı ərzində ölkədə yaradılan yeni iş yerlərinin 84 faizinin Bakı-Abşeron iqtisadi rayonunun payına düşməsi ölkədə regional sosial-iqtisadi inkişafın balanslı olmadığının göstəricisidir:
“Bu mənzərə onu deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafı yönündə həyata keçirilən tədbirlərin göstərdiyi təsirlər daha dərindən təhlil edilməlidir”.
İqtisadçı hesab edir ki, yaranmış vəziyyətin əsas səbəblərindən biri ölkə iqtisadiyyatının yüksək səviyyədə mərkəzləşməsidir:
“Bakı maliyyə, ticarət, iqtisadi idarəetmə baxımından əsas iqtisadi mərkəz olaraq qalır. İri şirkətlər, istehsal və xidmət müəssisələrinin əhəmiyyətli hissəsinin paytaxtda cəmləşməsi Bakını daha cəlbedici edir. Bakıda həmçinin, ixtisaslı işçi qüvvəsinə çıxış imkanları da daha çoxdur. Regionlarda isə sahibkarlığın inkişafını məhdudlaşdıran problemlər mövcuddur. Bölgələrin maliyyə resurslarına çıxışı da məhduddur. İstehsal və emal müəssisələri kifayət qədər inkişaf etməyib, ixtisaslı kadrlar da çatışmır. Hətta bəzi ərazilərdə infrastruktur problemləri də mövcuddur. Əksər hallarda kənd təsərrüfatı məhsullarının xammal şəklində satılması da regionlarda əlavə dəyər yaradan istehsal sahələrinin genişlənməsinə əngəl olur”.
Müsahibimizə görə, digər mühüm problem isə əmək resurslarının regionlardan Bakıya axınıdır:
“Karyera və sosiallaşma imkanları axtarışı əhalini məhz paytaxta cəlb edir.
O hesab edir ki, bundan sonra regionların inkişaf proqramlarının effektivliyi ayrılan vəsait və həyata keçirilən layihələrin sayı ilə deyil, onların yaratdığı real iqtisadi nəticələrlə ölçülə bilər:
“Eyni zamanda, regionlarda kənd təsərrüfatı məhsullarının emalı, sənaye və logistika, turizm və xidmət sektorunun inkişafına daha çox diqqət yetirilməlidir. Əsas məqsəd region əhalisinin iş axtarmaq üçün Bakıya gəlişinə şərait yaradan mühiti dəyişməkdir”.
Rüfət Sultan,
BakuPost