Yunanıstan parlamenti 13 saatlıq iş günü ilə bağlı qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi məlumat yaylıb.
Bildirilir ki, ölkədə həmkarlar ittifaqları və müxalifət partiyaları tərəfindən qanunun əleyhinə baş qaldıran etirazlar qərara təsir etməyib.
Agentliyin məlumatına görə, “Hər kəs üçün ədalətli əmək” adlı qanun layihəsinin lehinə hakim “Yeni Demokratiya” partiyasından 156 deputat və iki müstəqil deputat səs verib.
Müxalifət partiyalarından 109 deputat layihəyə qarşı çıxıb. “Radikal Sol Qüvvələr Koalisiyası – Proqressiv Alyans” partiyasının nümayəndələri səsvermədə bitərəf qalıb.
Qeyd edək ki, Yunanıstanın təkpalatlı parlamentində ümumilikdə 300 deputat var.
Yunanıstan əmək və sosial müdafiə naziri Niki Kerameos parlament iclasında bildirib ki, qanun layihəsinin əksər maddələri işçilər üçün əlavə güzəştlər nəzərdə tutur. O, müxalifəti diqqəti yalnız “hər kəs üçün 13 saatlıq iş günü” maddəsinə yönəltdiyinə görə tənqid edib.
Nazir qeyd edib ki, belə uzun iş günü yalnız istisna hallarda mümkündür – ayda üç gündən çox və ildə 37 gündən artıq olmamalıdır.
Kerameos xatırladıb ki, bir çox vətəndaş artıq 13 saat işləyir, lakin bunu eyni iş yerində deyil, iki və ya üç iş yerində edirlər. “İndi işçiyə bir iş yerində fasiləsiz 13 saat işləmək imkanı verilir və maaş 40% artırılır”, — deyə nazir əlavə edib.
O, əmək müdafiəsi qaydalarının tam şəkildə tətbiq olunacağını da qeyd edib.
Son aylarda həmkarlar ittifaqları müxalifətin dəstəyi ilə ölkə boyu bir neçə mitinq keçirib. Etirazçılar qanun layihəsinin ləğvini tələb ediblər.
Onlar ölkədə 5 günlük iş həftəsi və 7 saatlıq iş günü, həmçinin maaşların artırılmasını tələb ediblər.
Ayxan,
Bakupost