19 yaşlı azərbaycanlı rəssam Ülviyyə İman beynəlxalq sənət mühitində növbəti uğura imza atıb.
Bakupost.az xəbər verir ki, gənc rəssam Londondakı “Gazelli Art House”da keçirilən sərgidə iştirak edərək əsərlərini təqdim edib.
Bu barədə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi, Ülviyyə İmanın anası Nigar Köçərli sosial şəbəkə hesabında paylaşım edib. O, qızı ilə fəxr etdiyini bildirərək, onun yaradıcılıq yoluna uğurlar arzulayıb.
Qeyd edib ki, Ülviyyə İman sərgidə digər azərbaycanlı rəssamlarla – Ramina Saadatxan, Agil Abdullayev və Fərhad Fərzali ilə birlikdə iştirak edib. Rəssam Londondakı sərgidə son dövrlərdə yaratdığı dörd əsərini – “The End (Meyxana)”, “Aşurə” və iki avtoportretini nümayiş etdirib. Xüsusilə “The End (Meyxana)” əsəri milli-mədəni motivin müasir incəsənət dili ilə təqdimatı baxımından diqqət çəkib.
Sərgidə Ülviyyə İmanın təkcə əsərləri deyil, həm də geyim üslubu maraq doğurub. O, geyiminin üzərinə Azərbaycan milli-mədəni irsinin simvollarından biri olan kəlağayı ataraq, milli kimliyini Londondakı beynəlxalq sənət məkanında vizual mesaj kimi təqdim edib.
Xatırladaq ki, Praqada rəssamlıq üzrə təhsil alan Ülviyyə İman bundan əvvəl Dubayda keçirilən beynəlxalq rəssamlıq sərgisində
iştirak edib və təqdim etdiyi əsər 15 min ABŞ dollarına satılıb.
Qeyd edək ki, London sərgisi 23 yanvar – 14 mart 2026 tarixlərini əhatə edir.
Azər
Baku Post