17:47 / 14 Sentyabr 2021

28 il sonra tapılan oyuncaq, xərçəng xəstəsi olan qadının xoşbəxtliyi... - ŞUŞADAN REPORTAJ

4072
Səhər saat 10-11 radələrində ürəyimin qapısı ağzında çin olmaq üçün gün sayan arzularımdan birinə qanad verən o telefon zəngi ilə başladı hər şey...

- Alo Günel xanımdır?

Qətiyyətli və sərt səs tonu kefim pozur. Adətən belə rəsmi müraciətlər ödənişini gecikdirdiyim bank əməkdaşları tərəfindən gəlir deyə dilxor və könülsüz cavab verirəm.

- Bəli.

- Sizi Heydər Əliyev Fondundan narahat edirik. Ayın 29-da Şuşaya gedəcəyinizi təsdiqləyirsiniz?

Yerimdən dik atılıram. Səsimə bir gümrahlıq gəlir. Dilim topuq vura-vura təsdiqləyirəm. Şuşaya gedirəm. Şu-şa-ya... Qarabağın giriş qapısına. O qapıdan kimimiz yenidən, kimimiz isə ilk dəfə girmək üçün 28 il yanıb-qovurulmuşuq. Avtobusa minən dəqiqələrə qədər içimdə bir şübhə qarışıq narahatlıq var idi. Səfərə çıxmazdan bir gün əvvəl və səfər günü koronavirus testindən keçdik. Bir neçə gün əvvəl möhkəm soyuqlamışdım. Əlim ürəyimin üstündə idi ki, yəqin, testin cavabı pozitiv çıxıb əhvalımı neqativ edəcək.

Füzuliyə çatana qədər içimdəki narahatlıq davam etdi. Gözüm telefonun ekranında qalmışdı. Nəhayət, gözlədiyim o xoş xəbər gəldi: testin cavabı neqativdir. Füzulinin işğaldan azad olunan torpaqlarına çatanda isə ruhuma rahatlıq gəldi. Yol qırağındakı uçuq-dağıq evləri gözümə yığa-yığa keçirəm Füzulini. Efirdə, fotolarda dəfələrlə görmüşəm bu mənzərəni. Amma yenə də insan əlinin törətdiyi vəhşilik qarşısında dilim söz tutmur. Bu vəhşətə kənardan baxanla, içindən keçənin heyrəti eyni olmurmuş. Müharibə zamanı ağıla gələn bir deyim var: “Bir şəhəri xilas etmək üçün onu yox etmək lazımdır”. Amma ermənilər Füzuli də daxil bütün işğal etdikləri şəhərləri sadəcə yox ediblər. Biz isə bu torpaqları küllərindən doğulması üçün xilas etdik.

Füzuli də digər torpaqlarımız kimi müharibəyə sürüklənməmişdən əvvələ qədər yamyaşıl ağaclarla, güllü bağ-bağçalarla çevrələnmiş inkişaf etmiş bir şəhər idi. İndi isə sadəcə məhv olmuş bir mədəniyyətin xarabalığı qalıb. Amma uzaqdan bir işıq da gəlir. Yenicə hazır olan Füzuli Beynəlxalq Hava Limanının görüntüsü içimi sərinlədir. Hə, Füzulidə artıq həyat başlayır. Bu xarabalığa çevrilən evlərdən də gur işıq gələcək günlər uzaqda deyil. Zülmün ərşə qalxdığı bu torpaqlarda zülümün bitiş nöqtəsinə gəlib çatmışıq artıq.

Füzulinin düşməndən azad olunduğu bu torpaqlarda şəhid olan qapı qonşum Vüsalı xatırlayıram. Müharibənin ilk həftələrində Füzulidə mühasirədə qalan Vüsalın anasına telefonda söylədiyi cümlə qulağımda cingildəyir: “Burda hər şey o qədər gözəldir ki... O qədər yemək yeyirik durub vuruşa bilmirik”. Əslində isə ac-susuz, yuxu yatmadan bu yolları qət ediblər. Bu necə müqəddəs bir sevdadır ki, ömründə Qarabağ görməyən gənclərin qarnını tox tutub, qoluna güc olub.

Sonuncu Füzuli kəndini də keçib Şuşaya qalxan yola girəndə sıldırım qayalara baxıram, gözüm qaralır. Bu qayaları cırmaq-cırmaq qalxıb Şuşanı azad edən oğullar gəlir hamının gözünün qarşısına. İndi biz bu müqəddəs sevda ilə açılan yollara “Zəfər yolu” deyib göylərin qapısına doğru - Şuşaya qalxırıq.

Şuşanın mahnılara, şeirlərə mövzu olan dağları görünür artıq. Avtobusda ədəbiyyatşünas, professor Məhərrəm Qasımlı Şuşanın Qala qapısını uzaqdan görəndə kövrəlir. Bunu gizlətməyə çalışsa da hiss edirik. “Əhdim var, Şuşaya düşəndə əyilib torpağı öpəcəm” deyir.

Şuşada heç vaxt olmamışam. Təsəvvürlərim xatirələrdən, oxuduqlarımdan, fotoşəkillərdə gördüklərimdən o tərəfə keçmir. Yol kənarındakı mənzərələri keçdikcə dejavu yaşayıram. Nə vaxtsa keçmişəm bu yolları. Bax, o dağın ən hündür döşündəki kürsülü, süd rəngli çərçivəsi olan aynabəndli evi də xatırlayıram. Birdən yadıma düşür ki, 2017-ci ildə Tiflisdən Batumiyə avtobusla gedəndə yol kənarında görmüşəm mən bu mənzərəni.

Baxırsan yer üzündə eyni mənzərəyə sahib torpaqlardır, amma duyğusu, ruhu başqadır. Elə bu səbəbdəndir ki, mərhum şair Musa Yaqub şeirlərinin birində “Torpaq çox tapılar, vətən tapılmaz” deyib. Musa Yaqubu xatırlamışkən onu da qeyd etmək istəyirəm ki, şairlə ötən il son dəfə həmsöhbət olanda ilk hara getmək istədiyini soruşanda Şuşaya getmək istədiyini demişdi: “Nisgilliyəm Şuşa sarıdan. Köçkünlük təzə düşəndə şuşalıların yaşadığı çadır şəhərciyinə getdim. Gördüm, şəhərcikdə bayraq dalğalanır. Qəribə hiss etdim özümü. Şuşa yoxdur, Qarabağ yoxdur, niyə dalğalanırdı o bayraq orda? Qayıdandan sonra “Çadır şəhərciyində marş”ı yazıdm. Dedim:

Kim qaldırıb çadırdan yuxarı o bayrağı?
Çadır şəhərciyindən çıxarın o bayrağı
Bizə bayraq nə gərək, bizə bayram nə gərək?

Şuşaya daxil olduq. İnanılmaz bir şey idi. Keçən ilə qədər adını eşidəndə xiffətdən dodağımız səyiyirdi. İndi mən anama Şuşadan telefon zəngi açıb: “Narahat olma çatmışıq Şuşaya” deyirəm.



Anam kövrəlir. Bir az da məzəmmət edir məni: “Allah bilir əyninə qalın bir şey götürməmisən. Bəs gedəndə məndən xəbər alardın də Şuşanın havasını”.

Şuşada hava doğurdan da soyuqlayacaq dərəcədə sərindir. Hava o qədər təmizdir ki, böyük şəhərin kirli-paslı havasının depolandığı ciyərlərimiz aşırı təmiz havaya adaptasiya olmaqda çətinlik çəkir. Əksəriyyətini yaşlı ziyalıların təşkil etdiyi səfər yoldaşlarımın da hərəsinin bir tərəfdə gah təzyiqi qalxıb, gah da başı gicəllənir. Göyün yeddinci qatındakı şəhərdə başqa nə cür olmalıdı ki halımız? Tibbi müdaxilələrdən sonra hərə çəkilir öz nömrəsinə. Bizim qaldığımız otel müharibəyə qədər sanatoriya kimi fəaliyyət göstərən məşhur Şuşa sanatoriyasının korpuslarından biridir. Pilləkənləri ağır-ağır qalxıb 402 nömrəli mənzilin qapısını açıram. Çantamı yerə qoyar-qoymaz iti addımlarla eyvanın qapısına yaxınlaşıram. Qapını açıb eyvana atıram özümü. Şuşanın keçmişlə gələcək arasında qalan mənzərəsinə açılan bu qapı məni anamın, nənə-babamın xatirələrinə doğru itələyir. Bax, o damına mərmi düşən beş mərtəbəli bina deyəsən, nənəmin dayısı qızı Raymonda xalagilin binasıdı. Dəqiqləşdirmək üçün telefonumun yaddaşından Raymonda xalanın nömrəsini tapıb zəng edirəm. Şəbəkə tutmur. Xeyli çalışıram, amma cəhdlərim boşa gedir. Azercell şəbəkəsi üzümüzü Şuşada ağ eləmir. Amma əhvalımı pozmuram. Necə olsa hələ iki gün Şuşadayam. Şuşada olduğum 3 gün ərzində həyatımı çətinləşdirən bütün problemlərdən, mənəvi yüklərdən xilas olmuşdum. Görünür, insanın əhval-ruhiyyəsini bir az da məkanın ab-havası formalaşdırır.



Deyirlər, adam ilk dəfə bir yerdə qalan gecə yatmazdan əvvəl arzu tutanda o arzusu çin olur. Belə şeylərə inanmasam da, o gecə Şuşada bu deyimə inanmaq ehtiyacı duydum və arzu tutdum: bir də bu torpaqlara erməni ayağı dəyməsin. Bir daha bu gözəl torpaqlarda erməni ilə eyni havanı paylaşmaq nəsibimiz olmasın.

“Vaqif Poeziya Günləri”nin və Vaqif Məqbərəsinin təntənəli açılış mərasimindən sonra Şuşanı gəzmək var planda. Nabələdəm Şuşaya. Amma öhdəsindən gələcəyimə şübhəm yox idi. Gəzintidə mənə tərcüməçi, “Dünya Ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli də yoldaşlıq edir. Arada onu gəzdiyimiz küçədə itirirəm. Beşmərtəbəli binaların arasında yoxa çıxır. Bir neçə dəqiqə sonra pəncərəsiz evlərdən birindən Seyfəddinin səsini eşidirəm. Deyəsən, görüntülü kiminləsə danışır. Əvvəl elə bildim şəbəkə tutmur deyə ora çıxıb.

“Buradı də, təsvir etdiyin evdi. Bax balkonunuzdayam. Bu da balkonun altındakı gavalı ağacı”

Şuşalı dostu ilə onların evindən canlı bağlantı qurduğunu anladım.

Otelin aşağısındakı küçə ilə üzü Şuşa Meydanı istiqamətini tutmuşuq. Yolun kənarındakı binaların çilik-çilik olmuş pəncərələri, mərmilərlə dağıdılmış damları, divarlarındakı göz-göz güllə deşikləri müharibənin ən isti izləri idi. Aşağı düşdükcə artıq xüsusi yaşayış evləri çıxır qarşımıza. Rəngi nə vaxtsa sarı, mavi, yaşıl olan darvazaların ardından boylanan uçurulmuş evlər salamlayır bizi. Bəzi qapılarda isə qıfıl var idi. Amma o qıfıllı qalan qapıların ardında ev yox idi. Bu qapılar gənc şair Xəyal Rzanın şeirindəki “Evsiz qapı” idi. Yaxınlaşıb sakitcə pıçıldayıram:

Salam evsiz qapı
Ən əziz qapı



Yol boyu zərif budaqları bardan əyilən böyürtkən kollarını dənləyə-dənləyə gedirik. Ömrümdə bu qədər dadlı böyürtkən yemədiyimi anlayıram.



İki mərtəbəli aynabəndli bir ev çıxır qarşımıza. Həyəti, az qala evin divar boyuna çatan otlar basıb. Bardan budaqları əyilən alma ağacından ətrafa yayılan möhtəşəm alma qoxusu adamı bihuş edir. Tamah güc gəlir və mən həyətə girib almalardan dərmək istəyirəm. Seyfəddin özünə məxsus yumor hissi ilə etiraz edir: “O boyda yolu xətasız-bəlasız gəlmişik. Burda ilana qurban verib getməyək səni”.

Elə bu an evin aynabəndində iki Azərbaycan əsgəri görürük. Gülər üzlə salamlayırlar bizi. Əsgərlərdən biri digərinə aşağı enib almalardan dərib bizə verməsi üçün göstəriş verir. Arıq, hündürboy, hərbi geyiminin qollarını dirsəyə qədər qatlayan əsgər üzündəki gülüş ifadəsini pozmadan pilləkənləri enib alma ağacının ən hündür budağındakı yamyaşıl almalardan bir neçəsini dərib ətəyimə tökür. Mən çox olduğunu deyirəm. Gülə-gülə deyir: “Çox deyil götürün. Şuşa almasıdı. Aparın Bakıdakılar da yesin” deyir.

Əsgərlərlə sağollaşıb yolumuza alma yeyə-yeyə davam edirik.



Şuşa meydanına çatmışıq. Güllələnmiş heykəllərin qoyulduğu bu böyük meydanda təmir- bərpa işləri aparılır. Burda şəhərin digər küçələrindən fərqli olaraq qaynar həyat müşahidə olunur. Əsgərlər, polislər, tikintidə çalışan ustalar. Böyük bir şövqlə hərəkət edir hamı. Bir də fikir verdim, Şuşada Bakıdan fərqli olaraq küçədə gördüyüm hər kəs gülərüz idi. Orta yaşlı bir kişi ilə bir qadın görürəm. Qabaqlarına yüyürüb yüz ilin tanışı kimi hal-əhval edirəm. Ayaqüstdü söhbət zamanı məlum olur ki, şuşalıdılar. Qadın Şuşada marketdə çalışır, həyat yoldaşı ilə oğlu isə tikintidə. Necə xoşbəxt idilər öz torpaqlarında olduqları üçün. 28 il sonra yenidən öz evlərində yatıb oyanırlar.

- Şuşadan çıxanda neçə yaşınız var idi?

- 27 yaşım var idi. Bax, bu gördüyün küçə ilə başımıza bomba yağa-yağa çıxmışıq. Ömrümüzə yazılmasın o günlər. Nə yalan deyim qızım heç ümidim yox idi bir gün qayıdacağıma. İndi Allahdan tək arzum mənə yaşamaq üçün heç olmasa 5 il möhlət versin. Xərçəng xəstəsiyəm. Elə qorxurdum ki, bu günləri görmədən öləcəm. Amma Allah bu günləri görməyi nəsib elədi. Allaha ağır getməsin. Heç ölmək istəmirəm. 28 il ölmüşük də. İndi canımıza nəfəs gəlib.

- Xala, Şuşada bu sakitlikdə darıxmırsınız ki?


- Yox, ay qızım. Şuşanın səssizliyi də gözəldir. Gəl gedək qonağımız ol.

Necə gözəl təklif idi. Şuşada məni qonaq çağırırlar. Amma yoldaşlardan ayrı düşüb gəzintimi yarıda qoymaq istəmirəm. Növbəti dəfə gəlişimdə mütləq onlarda qonaq olub şuşalıların məşhur kələm dolmasının dadına baxacağıma söz verib ayrılıram onlardan.

Güllələnmiş heykəllərin arxasında Xan qızı Natəvanın bir vaxtlar malikanə olan evinin xarabalığı var. Xan qızının evinin aşağısındakı bulaqdan su içib hüzün tablosuna yaxınlaşırıq. İndi bura saray, ev demək çox çətindir. Evi bacardıqları qədər viranəyə çeviriblər. Amma biz dəqiq bilirik ki, Xan qızı bu çərçivələri sökülən pəncərələrin hansındansa indi gülü, çəməni solmuş bağçasına üzünü tutub deyib:

Qoyubdur intizarında neyçün gəlməz, neyçün gəlməz
Həmişə ahu-zarında neyçün gəlməz, neyçün gəlməz.



17 məhəlləlik kiçik bir şəhərdir Şuşa. Amma bağlı olduğu tarixi hadisələrlə, şəxsiyyətləri ilə, azadlığı ilə bəlkə də dünyanın ən böyük şəhəridir bizim üçün. Ayağını hara basırsan tarixdir bu şəhərdə. Hər küçəsi Şəhrizad nağılları kimidir. Küçələrindəki hər daşın üstündə addımlayanlara min bir nağıl, hekayə, şeir pıçıldayır. Qulaqları olmasa belə insan eşidər bu nağılları, şeirləri. Çünki eşitmək üçün qəlbi olanlara qulaq lazım deyil bu şəhərdə. Enişli-yoxuşludur Şuşanın küçələri. Hər yoxuşu çıxdıqda ürək daha sürətlə döyünməyə başlayır və bu dəfə də ürəyimiz bizə nələrsə danışmanın dərdinə düşür.

Məsələn, əsrlər, illər əvvəl bir şairin çıxıb endiyi bu yoxuşda hüznü, sevinci, ürəyindən dodağına yol tapa bilməyən misraları daşlaşıb qalıb. Şair dedim. Çünki Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri olan, rəssam, şair, musiqişünas Mir Mövsün Nəvvabın yaşamış olduğu Mamay məhəlləsidəyəm. Mir Mövsün Nəvvabın evini də digər tarixi abidələr kimi söküb, dağıdıb, talayıblar. Amma divarlardakı o ruhu, yaddaşı silə bilməyiblər. Elə həmin məhəllədə yerləşən bu bir mərtəbəli bina Mamay Məscididir. Sovet hakimiyyəti illərində Azərbaycanda bir çox məscidlər bağlanaraq müxtəlif məqsədlərlə istifadəyə verilmişdi. Mamay məscidi isə uzun illər poeziya evi kimi fəaliyyət göstərib.



Bir-bir tarixi abidələr haqqında geniş məlumat vermək fikrində deyiləm. Çünki mənə qədər Şuşaya gələn həmkarlarım dönə-dönə burdakı tarixi-memarlıq abidələri haqqında məluamt xarakterli reportajlar hazırlayıblar. Ona görə mən sizə Şuşanın ruhunu hiss etdirmək istəyirəm daha çox. Məlum məsələdir ki, ermənilər 28 il boyunca bu şəhərin köksündə tarixmizi daş-daş, döşəmə-döşəmə söküb yurdun yaddaşından qopartmağa çalışıblar bizi. Uzun sözün qısası, Şuşada bircə dənə də olsun salamat qalan tarixi abidə yoxdur. Kimisinin bir divarı qalıb, kimisinin bir giriş qapısı. Əskik parçaları birləşdirmək isə hələ xeyli vaxt aparacaq.



Şuşanın ara məhəllələrinə doğru irəliləyirik. Yolda bizə gənc yazar Vüsal Nuru, “Ədəbiyyat qəzeti”nin əməkdaşı Aygün xanım da qoşulur. Burda evlər də döyüşdən çıxan zədəli insanlara bənzəyir. Hətta şəhid evlər də var idi. Deyirlər şəhidlərin yeri cənnətdir. Burda uçub-dağıdılan evlərin içində ağaclar bitmişdi. Elə bil xarabalıqda cənnət əmələ gəlmişdi. Bu yaşıllıq müharibədə “ölən” evlərin cənnəti idi. Xalq şairi Sabir Rüstəmxanlının sözü ilə desək “Ağaclar küçələrdən, yol qıraqlarından qaçıb bu dağılan evlərin içində gizlənib”. Çox dəqiq müşahidədir.



Ara küçələrin birində açıq bir qapı gördük. Bizdən əvvəl Vüsal Nuru özünü həyətə vermişdi. Onun arxasınca həyətə girəndə Vüsal Nurunun əlində bir şüşə qırmızı məhlul gördük. Zarafatla şüşənin içindəkinin ermənilərdən qalma çaxır olduğunu dedi. Sonra qəhvəyi boyalı taxta pilləkənlərdən 35-36 yaşlarında bir kişi enib gülümsünərək: “Yox bacım nə çaxır, nə erməni. Böyürtkən kompotutudur. Nuş edin. Özümüz bişirmişik” dedi.



Bir stəkan buz kimi kompotu acgözlüklə başıma çəkdikdən sonra peşə xəstəliyim işə düşdü. Sorğu-sual başladı.

- Şuşalısınız?

- Əsilli, nəcabətli şuşalıyam. Bura da öz evimdi. Ermənilər yaşayıb deyə dəyməyiblər bu evə. Burdan çıxanda 8-9 yaşım var idi. Bu həyətin hər küncündə uşaqlıq xatirələrim var.

- Bəs burda nə işlə məşğulsunuz indi?

- Şəhərimizi diriltməyə gəlmişəm. Buyurun, gedək, bağın ayağında yaxşı alça turşusu qurutmuşam yığım verim aparın.

- Şuşadan çıxdığınız gün yaddaşınızda necə qalıb?

- Baş verənləri dərk etmirdim. Bircə onu bilirəm ki, gedəndə oyuncaq maşınımı fürsət tapıb bu ərik ağacının altında basdırmışdım. Gələn kimi ilk bu ağacın altına qaçdım. Qazıb oyuncağı çıxartdım ordan.



8-9 yaşında bir uşağın gedərkən öz oyuncağını torpağa əmanət edib getməsi çox təsirli bir detal idi. Torpağın onun əmanətinə sahib çıxması isə simvolik bir məna daşıyır. Zaman-zaman bizim Qarabağa geri dönəcəyimizlə bağlı inamımız sarılsa da, torpağın bir gün bizim geri dönəcəyimizə inamının sarsılmadığını göstərir. Oyuncağın fotosunu çəkmək istərdim, amma həmsöhbətim dedi ki, oyuncağı Bakıya övladına göndərib.

Həyəti gəzib turşuların da dadına baxandan sonra şuşalı qardaşla vidalaşıb elə həmin küçə ilə irəliləyirik. Bu küçə bizi hara aparır heç bir fikrimiz yoxdu. Ayağıma daş-çınqıl bata-bata qalxdığım bu yoxuşlarda başına güllə yağa-yağa enən adamlar gəlib bir-bir yanımdan keçir sanki. Bir daha bizi bu küçələrdən yoxuş aşağı itələyib yıxmamaları üçün bu torpaqlarda necə kök salacağımızı öyrəməliyik. Zaman itirmədən bu yoxuşları dırmaşmaq üçün daha çox çaba sərf etməliyik.

İllərlə məruz qaldığı bombaların zərbəsilə simasını dəyişən şəhərdə, evinin pəncərəsini silən beş-on şuşalı qadın kimi. Dağıdılan yurdları, yıxılan divarları yerdən qaldırıb yenidən ev etmək üçün gələn qardaşlarımız kimi.



Şuşanı gəzdikcə dərk edirəm ki, bu torpaqlar bizim tək xatirələrimizdə yaşayan bir məkan olmamalıdır artıq. Xatirələrimiz deyərkən böyüklərimizi nəzərdə tuturam. Bizim xatirələrimizdə belə yox idi Şuşa. Şuşada gəzməyə çıxanların çoxunun bələdçisi valideynlərinin xatirələridir. Bir mənzərə məni çox təsirləndirdi Şuşada. Gənc yazıçı Ramil Əhməd atasının Şuşa Texnikumunun qarşısında çəkdirdiyi fotosunu böyüdərək üzünü çıxartdırıb. İndi o foto əlində Şuşanın küçələrində həmin texnikumu axtarır. Deyir atamla anam bu texnikumda tanış olub ailə qurublar.



Onun üçün necə müqəddəsdir bu xatirə. İllər əvvəl Rəşad Məcidlə aramızda keçən bir söhbəti xatırlayıram. Torpaq həm də ona görə müqəddəsdir ki, insanı o torpaqlara bağlayan xatirələr var. Həqiqətən də torpağı Vətən edən xatirələrdir.

Ramil Əhmədi anasının, atasının tələbəlik, ilk eşq xatirələri ilə baş-başa buraxıb növbəti küçələrə doğru addımlayıram. Bu məhəllədə bütün evlər dağıdılıb. Başımı göyə qaldırıb baxanda damsız, pəncərəsiz evlərlə göz-gözə gəlirəm. Hər küçədə dağıntı ilə rastlaşmaq insanı məhv etsə də düşmənə olan nifrəti körükləyir bir tərəfdən də. Bu dağıntıların izlərini yaddaşımızın bir küncündə daim diri saxlamalıyıq.



“Cıdır düzü”nə çatanda Cabbar Qaryağdıoğlunun “Heyratı”sını eşitdim. Bənzətmə etmirəm. Çevrilib ətrafıma baxdım. Həyətində bizi dadlı böyürtkən kompotuna qonaq edən şuşalı oğlan telefonda Cabbar Qaryağdıoğlununun “Heyratı”sına qulaq asırdı. Cabbar Qaryağdıoğlunun doğulub yaşadığı “Seyidli” məhəlləsinə yaxın ərazidə yerləşir “Cıdır düzü”. Deyilənə görə Cabbar uşaqlıqda hər gün gəlib burda “Dəlikdaş”ın üstündə oturub zümzümə edərmiş. Çox güman ki, bu gənc dostumuz Cabbarla bağlı bu məşhur əhvalatı bildiyi üçün belə nəcib bir addım atıb.



Şuşaya gələsən “Cıdır düzü”ndə bir xatirə fotosu çəkdirməyəsən? Açığı mənim yüksəklik fobiyam olduğu üçün o qayalardan aşağı baxmağa cürət belə etmirəm. İrəlidə bir qrup qadının üzü dibi görünməyən dərəyə sarı olan qaya daşlarının üstünə çıxıb şəkil çəkdirdiyini görəndə həyəcanlandım. “525-ci qəzet”in redaktoru Yusif Rzayev də bu an xanımlardan cəsarət alaraq bir az cavanlıq etmək istəyirdi ki, Millət vəkili, yazıçı Aqil Abbasın səsi qulağımın dibində güllə kimi açıldı:

“Yusif. Yusif. Ayə bəri gəl yıxılarsan”.



Səməd Vurğunun “Vaqif” pyesində Xuraman özünü bu qayalıqların üstündən atır. Bir daş məndən aralıda telefonla danışan şuşalı dayı “Cıdır düzü”ndə olduğunu belə təsvir edir dəstəyin o başındakı yaxınına:

“Cıdır düzü”ndəyəm indi. Bilirsən harda? Xuramanın özünü atdığı o qayalığın üstündə oturmuşam”.

Xəfif bir təbəssüm qondurur dodağıma dayının bu sözləri. Yaxınlaşıb Xuramanın özünü atdığı qayanın bir küncündə də mən otururam. Elə ağzımı doldurmuşdum ki, sual verim, dayının Nuh əyyamından qalma cib telefonunun səsi eşidildi. Üzr istəyib telefonu açdı:



“Az hə dayna getdim baxdım. Yox, yox darvaza nə gəzir. Qarajin qapısının bir layı yerdə idi. Ondan tanıdım bizim ev idi. Hə di sağ ol gələndə söhbət eliyərik”.

Evini bir qapı qırığından tanıyan insanın sevinci “Cıdır düzü”nə sığmırdı ilahi!

Hamı sakit idi Şuşada. Sadə idi. Hətta deyərdim özü idi hamı burda. Həyəcanlı gördüm çox adamı. Böyük şəhərin qələbələyindən çəkilib gəldiyimiz bu sakit şəhərdə onları həyəcanlandıran burdakı uşaqlıq, gənclik xatirələri idi bəlkə də. Bir dəfə oxuduğum məqalədən ağlımda ilişib qalan bu cümləni xatırlayıram: “İnsan xatirələri qədər həyəcan hiss edər”.



Min ildən çoxdur bu geniş coğrafiyanı qucaqlayan torpaqları qan tökərək, can verərək Vətən etdik. Elm, irfan, sənətlə yoğrula-yoğrula formalaşdı Vətən torpağı. Yüz illərlə davam etdi onu fəth etməyimiz. Bu gün də yeni bir tarix yazdıq. Bir çağı bağlayıb yeni bir çağ açdıq bu torpaqların bağrında. Bu məkanlar, bu dağlar, bu qıvrım-qıvrım yollar bizim həqiqətimizdir.

Vətəndən ayrılmaq, ayrılmağa məcbur edilmək çox ağır cəzadır. Mən Qarabağ, Ağdam, Şuşa həsrətimi hər dəfə dilə gətirəndə sənin o torpaqlarla bağlı təsəvvürün yoxdur, Bakıda böyümüsən, necə bu qədər bağlı ola bilirsən o torpaqlara deyirlər. Bu sıldırım qayaları aşaraq canı bahasına bu torpaqları düşməndən təmizləyən oğlanların çoxu bu torpaqları görməmişdi. Deməli, Vətən sevgisi ictimai bir eşqdir. Hər bir övlad ata torpağına, anasının vətəninin həsrəti ilə böyüyər. Ürəyində Vətən sevgisi hiss etmək həm də öz millətini sevməkdir.



Şuşaya qovuşmaq nə qədər böyük xoşbəxtlik idisə, ondan ayrılmaq da bir o qədər hüzünlü idi. Kimi 10 litirlik plastik qablara doldurduqları suları avtobuslara daşıyır. Kimisi əlində bir politilen torba ilə torpaq yığmaq üçün tələsir. Mən isə əsgərin aynabəndli evin həyətindən ətəyimə yığıb tökdüyü almaları səliqə ilə cibimə qoyuram. Məndən Şuşa torpağı, suyu sifariş edən şuşalı qohumlarıma, dostlarıma verdiyim sözü tutmadım. Şuşanı Bakıya daşımaq yox, Şuşaya daşınmaq lazımdır deyə düşünürəm. 28 il həsrətini çəkdiyimiz hava, su, torpaq torbalarda, plastik şüşələrdə xatirə simvolu kimi evimizi bəzəməməlidir. Biz acılı, şirinli bütün xatirələrimizi də götürüb Şuşaya qayıtmalıyıq. Çünki insansız torpaq əsla vətən deyil.

Günel Musa
Baku Post



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Şaiq Quliyev

    Çox təsirli yazmısınız, Günel xanım!Məni yaman kövrəltdiniz.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər