1679-cu ildə inşa edilən və 1703-cü ildə "Böyük qasırğa" zamanı batan Britaniyanın "Northumberland" hərbi gəmisi üç əsrdən çox vaxt keçdikdən sonra Kent sahillərində aşkarlanıb. Gəmi qum tələlərinin onu eroziyadan qoruması sayəsində tapılıb.
Bakupost.az xəbər verir ki, gəminin üç yüz ildən çox gizlətdiyi sirlərlə bağlı "The Guardian" məlumat yayıb.
Araşdırmalar göstərib ki, taxta hissələr, kəndirlər və hətta çəlləklər çox yaxşı vəziyyətdə qalıb. Bu isə “Northumberland” gəmisini Böyük Britaniyada ən yaxşı qorunmuş taxta hərbi gəmilərdən birinə çevirir.
Bundan əlavə, gəminin göyərtəsində çoxlu sayda artefakt, o cümlədən mis qazanlar, yeddi dəmir top və taxta lafetlər tapılıb. Arxeoloqlar gəmi qalıqlarının dənizin təsirinə məruz qaldığını və buna görə tez bir zamanda tədqiq olunmasının vacibliyini vurğulayırlar.
Dəniz arxeoloqu Hefin Meara üzvi materialların bu qədər yaxşı qorunmasının unikallığına diqqət çəkib və bildirib ki, bu kəşf o dövrün gəmilərinin quruluşu və təchizatı haqqında yeni bilgilər əldə etməyə imkan verir.
"Əsrlər boyu inanılmaz dərəcədə yaxşı vəziyyətdə qala bilən qalıqlar, çox qısa zamanda sürətlə dağılır. Biz hazırda təbiət ünsürlərinin hökmü altındayıq və bu, nələri xilas edə biləcəyimizi müəyyənləşdirmək uğrunda bir yarışdır”, – deyə arxeoloq bildirib.
Lalə,
BakuPost