Fransada yüzlərlə polis əməkdaşı etiraz aksiyası keçirib.
"Bakupost" xəbər verir ki, 400-500-ə yaxın polis əməkdaşı Parisdə Yelisey çöllərindəki Ron-Puan meydanından yürüşə başlayaraq Daxili İşlər Nazirliyinin Bovо meydanında yerləşən binasına doğru hərəkət ediblər.
Onlar xidməti fəaliyyətlə bağlı risklərə görə verilən xüsusi əlavənin əsas əməkhaqqının 28,5 faizindən 35 faizinə qaldırılmasını tələb ediblər. “Alliance Police Nationale” həmkarlar ittifaqının məlumatına görə, bu ödənişin məbləği sonuncu dəfə 2019-cu ildə yenilənib.
Nazirliyin binası qarşısında çadırlar quran polis əməkdaşları gecəni orada keçirməyə hazır olduqlarını bildiriblər. Onlar zərurət yaranacağı təqdirdə Milli Assambleya və Senat qarşısında da etiraz aksiyalarını davam etdirəcəklərini bəyan ediblər.
Etirazlara səbəb Daxili İşlər naziri Loran Nünyesin 2029-cu ilədək əlavə ödənişin mərhələli şəkildə 33,5 faizə qaldırılması təklifi olub.
Dilay, BakuPost